Azərbaycanın təcrübəli məşqçisi Ağasəlim Mircavadov “Unuda bilmədiyimiz oyun” rubrikasının qonağı olub.
Sportal.az xəbər verir ki, o, futbol tariximizə “Oser faciəsi” kimi düşmüş, AÇ-1996-nın seçmə mərhələsində səfərdə Fransaya 0:10 hesablı məğlubiyyəti yada salıb.
- Ağasəlim bəy, “Oser faciəsi” dedikdə ağlınıza nə gəlir? Fransada nə baş vermişdi?
- Hə… Bilirsiz necədir, biz birinci mərhələni Trabzonda oynadıq Fransa ilə və 0:2 hesabıyla uduzduq, amma yaxşı qol epizodlarımız oldu. İkinci oyun isə sentyabrın 5-də, Oserdə oldu. Bizim bir neçə legioner futbolçularımız gələ bilmədi. Olur da, futboldur, bir də görürsən legionerlərin gəlməyi mümkün olmur. Deyim sizə, yaxşı başlamışdıq, lakin təəssüf ki, həm müdafiəçilərimiz, həm də qapıçılarımız çox aşağı səviyyədə oynadılar. Bilirsiz, vallah oynayırdıq, sadəcə hardan gəldi vururdular, o da qol olurdu. Yəni ilk oyunu Trabzonda təhlil etmişdik, amma gözlədiyimiz kimi olmadı. Oserdə birdən-birə 5-6 cavan uşaq əsas heyətdə oynadı. Zinəddin Zidan… Sonra, mərkəz müdafiəçiləri var idi, onları oynatdılar. Məlum şeydir ki, hesab böyükdür, bilirəm, ancaq bir şey də var ki, bizim də qol epizodlarımız oldu, onların qapıçısı isə yaxşı çıxardı topları. Yəni belədir də, qardaş. Bilmək istəyirsənsə, deyim, çox ağırdır.
- İlk oyunda 0:2, ikinci görüşdə 0:10. Nə idi səbəb, fərq nə olmuşdu ki?
- Bilirsiz, hazırlıq çox aşağı səviyyədə idi. Şəhərdə – “Neftçi”nin köhnə bazasında hazırlaşırdıq, sonra gedib otelə yemək yeyirdik. Ağır bir vəziyyətdə Fransaya getmişdik.
- Qapıçıların zəif çıxışından söz açdız. Elxan Həsənovu üç qol buraxdığı üçün 36-cı dəqiqədə əvəzləyib, yerinə Nizami Sadıqovu oynatmışdız. Amma Nizami də nə az, nə çox – düz yeddi top buraxdı…
- Bəli, bəli… Nizamini oyuna salanda dedim ki, “Sadıqov, narahat olma, hər şey qaydasındadır, həyəcanlanma. Oğul, sakit qal, öz oyununu oyna ki, komanda da sənə inansın”. Düzünü deyim, heç Fransa millisinin futbolçuları bizə o qədər problem yaratmadı, biz özümüz özümüzə problem yaratdıq. Ona görə də, belə nəticə ortaya çıxdı. Elxanı dəyişməliydim, onun psixoloji durumu yaxşı deyildi. Siz fikirləşin ki, biz Azərbaycan səviyyəsində oynayırdıq, amma rəqibin 7-8 futbolçusu xaricdə – güclü klublarda oynayırdı.
- Oyundan sonra da dözməyib, istefa vermişdiz…
- Oserdə otelə gəldik və o vaxt katib olan Çingiz İsmayılova ərizəmi yazıb verdim, o da apardı rəhmətlik Fuad Musayevə, bu qədər, oldu qurtardı.
- Mərhum prezident Heydər Əliyevin hava limanında sizə “ora qapıçı aparmamışdınız?” dediyi haqda söhbət gəzir. Doğrudan belə bir şey olub?
- Səncə, prezident də elə söz deyər? Kimsə bunu “anektod” kimi çıxarıb. Biz bir-birimizə kömək etmək istəmirik, qardaş, elə ancaq problem axtarırıq. Bu sualı çox verirlər və hər zaman da deyirəm ki, sizcə, ulu öndər bu sualı verə bilərmi?
- 0:10 hesabıyla uduzmağımıza baxmayaraq, yaxşı oynadığınızı, qol epizodlarınızın çox olduğunu deyirsiz. Bəs niyə heç olmasa, bir qol vurmaq alınmadı?
- Bir neçə qol epizodumuz oldu, biri hələ çox real idi. Nə bilim… Onların qapıçısı Bernar Lama çox yaxşı qurtarış etmişdi.
- Bakıya qayıtdıqdan sonra hansı mənzərə ilə qarşılaşdız?
- Heç nə, gəldim Bakıya, iclas keçirildi və rahatca gedib ərizəmi verib, çıxdım.
- Bəs tanışlarınızın, yaxınlarınızın bu məğlubiyyətə münasibəti necə olmuşdu?
Bilirsiz, o şəraitdə Fransaya, İtaliyaya, İspaniyaya, Almaniyaya qarşı oynamaq mümkün deyildi, qardaş, mümkün deyildi. Təlim-məşq prosesi yox, hazırlıq yox. Nə deyim, bu idi, nə isə… (komanda.az)