UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.
Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis qələbəyə ümid etdiyini deyib:
“Arzu etdiyimiz gün yetişdi. Sabah Avropa Liqasının oyununu keçirəcəyik. Həmişə bunun xəyalında olmuşuq, artıq arzumuz reallaşır. Rəqibi analiz etmişik. Şimali Makedoniyanın ən məşhur klublarındandır. Taktiki göstərişləri düzgün yerinə yetirə bilsək, yaxşı nəticənin olacağına ümidvaram. Evdə oynayırıq, azarkeş olmasa da, bu, bizim üstünlüyümüzdür.
Zədəlilərimiz yoxdur, hamı oyuna tam hazırdır. Əsas futbolçularımızın komandadan ayrılması, vaxtımızın və transferlərin azlığı bizə müəyyən çətinliklər yaratdı. Çempionatda isə cəmi bir tur oynamışıq. Amma bunun bəhanə olmasını, çətinliklər barədə düşünməyimizi istəmirəm. İnanıram ki, sabah uğurlu nəticə göstərəcəyik.
Rəqibə gəldikdə isə, texnikalı, bir-birilərini başa düşən futbolçuları var. Eyni zamanda gənclər də çıxış edir. Fikrimcə, onları düzgün analiz etmişik. Nəticə üçün oynayacağıq. Taktikamızı açıqlamayacağam, bu, sirrdir. Rəqibin üstün cəhətləri cinahdan daha çox asmalar etmələri və qısa ötürmələrlə müdafiəni yarmalarıdır. Uzaqdan qollar vuran oyunçuları da var. Bunların qarşısını almağa çalışacağıq”.
saytlarin hazirlanmasi