Avropa Liqası turnirinin ikinci təsnifat mərhələsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" (Türkiyə) oyunu azarkeşsiz keçiriləcək.
Sportal.az xəbər verir ki, AFFA bununla bağlı azarkeşlərə səslənib:
"Hər iki komandanın ölkəmizdə çox sayda azarkeşinin olması nəzərə alınaraq, bir daha bildiririk ki, COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət olunması vacibdir. "Qalatasaray" komandasının Bakıya gəlişi zamanı hava limanında, komandanın qalacağı otelin qarşısında, məşq edəcəyi və oyunun keçiriləcəyi stadionun ətrafında, eləcə də digər müvafiq məkanlarda azarkeşlərin kütləvi toplaşması yolverilməzdir.
DİN, AFFA və "Neftçi" PFK koronavirusa yoluxma hallarının artım riskini nəzərə alaraq, azarkeşləri Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət etməyə çağırır. Azarkeşlər sevimli komandalarına çatdırmaq istədikləri mesajları videoya çəkərək CBC Sport televiziya kanalına göndərə bilər. Həmin videomesajlar kanalda, oyun günü Bakı Olimpiya Stadionunun monitorlarında nümayiş etdiriləcək".