"Qarabağ"ın gələcək uğurları ölkə kubokunu qazanmağımızla başlamışdı" - MÜSAHİBƏ

14:59 - 30 Avqust 2021

“Qarabağ”ın sabiq hücumçusu Nidal Fərhatoviç Sportal.az saytına müsahibə verib. 2009-cu ildə İsveçdən ayrıldıqdan sonra Ağdam klubuna keçən bosniyalı qısamüddətli "Qarabağ" xatirəsini xatırlayıb.

- Hazırda nə işlə məşğul olursan? Futbol sahəsindəsən, yoxsa fərqli sferada işləyirsən?
- Xeyr, futbol sahəsində deyiləm. Sarayevoda restoranım var və orada çalışıram. 

- Futbol sahəsində deyilsən, o zaman “Qarabağ”ın oyunlarını da izləmək imkanın olmaz. Yoxsa, baxırsan sabiq komandanın oyunlarına?
- Əlbəttə ki, “Qarabağ”la daim maraqlanıram, izləyirəm onları. Amma düzünü deyim, televizordan oyunlarını izləmək imkanım yoxdu. Çünki dediyiniz kimi vaxtım çox deyil, amma internet vasitəsilə onları izləyirəm, maraqlanıram.

- “Qarabağ”a transferinizi necə xatırlayırsınız? Transfer necə baş tutmuşdu?
- “Qarabağ”a transferimi çox yaxşı xatırlayıram. Bu çox tez alınmışdı. Bir neçə təklifim var idi, daha sonra “Qarabağ”la danışdıq, vəssalam, keçidim alındı.

- Ağdam klubundakı karyeranızı necə qiymətləndirirsiniz, uğurlu, yoxsa uğursuz?
- Məncə, “Qarabağ”dakı karyeram uğurlu alındı. Çünki biz Azərbaycan kubokuna sahib çıxdıq. “Qarabağ”da özümü çox xoşbəxt hiss edirdim. Kuboku götürdüyümüz anları da yaxşı xatırlayıram. 

- Maraqlıdı, nəyə görə “Qarabağ”da qalmadınız?
- Məncə, klub məni istəmədi. Çünki “Qarabağ” həmin vaxtı daha az legionerlər oynayıb, daha çox yerli futbolçularla oynamağa başladı. Yəni həmin vaxt vəziyyəti belə başa düşmüşdüm.

- Hazırda “Qarabağ” Azərbaycanın hegemon komandası hesab edilir. Ardıcıl çempionluqlar qazanıb klub, 8 ildir ki, avrokuboklarda qruplarda oynayır. O vaxtı komandada olanda, gələcəkdə “Qarabağ”ın belə uğurlar qazanacağını ehtimal edirdin?
- Düzünü deyim, “Qarabağ”ın uğurlar qazanacağını ehtimal edirdim. Bu da ölkə kubokunu qazanmağımızla başlamışdı. Çünki klub ildən-ilə daha da çox inkişaf edirdi, böyüyürdü. İndi isə Azərbaycanın 1 nömrəli komandasıdı. Yəni "Qarabağ"ın gələcək uğurları, o vaxtı ölkə kubokunu qazanmağımızla başlamışdı. 

- “Qarabağ” bu mövsüm Konfrans Liqasında “Bazel”, “Kayrat” və “Omoniya” ilə eyni qrupda mübarizə aparacaq. Səncə, onların qrupdan çıxmaq şansı var?
- Bəli, “Qarabağ” qruplarda oynayacağından xəbərdaram, rəqiblərini də bilirəm. Məncə, “Qarabağ”ın qrupdan çıxmaq üçün yaxşı şansı var. Onlara uğurlar arzulayıram. İnanıram ki, hər şey yaxşı olacaq.

- Heç planınızda Azərbaycana gəlib “Qarabağ”ın oyununu stadiondan canlı izləmək var?
- Düzü, Bakıya yenidən gəlməyi çox istəyərdim. Klubu ziyarət edib, oyunu canlı izləməyi çox istəyərdim, əla olardı. Bəlkə də zamanla bu da olacaq. 

Xəbər xətti