Azərbaycan milli komandasının sabiq hücumçusu, “Səbail”in formasını geyinən Rauf Əliyev Sportal.az saytına müsahibə verib:
- Milli komandaların oyunlarına görə çempionatda yaranan fasilə “Səbail”in xeyrinə işləyir, yoxsa necə?
- Fasilə bizim üçün daha yaxşı olacaq. Çünki çempionatın startına 2-3 gün qalmış yığılan komanda idik. Elə oyunçular var idi ki, yeni qoşulmuşdu komandaya. Bu mənada, fasilə bizim üçün yaxşıdı. Birlikdə daha çox məşq edəcəyik, tam formada hazırlaşacağıq. Fasiləni “Səbail” üçün yararlı hesab edərdim.
- İlk 2 turu "Səbail" üçün necə dəyərləndirirsən? "Sabah" üzərindəki qələbə, "Qarabağ"a məğlubiyyət...
- Hər iki matç səfərdə oldu. “Sabah” və “Qarabağ”a qarşı çətin olacağını bilirdik. İlk oyun bizim üçün yaxşı alındı, üç xal qazandıq. “Qarabağ”a uduzmaya da bilərdik. Səfərdə heç-heçə də bizim üçün yaxşı nəticə sayılacaqdı. Sadəcə bir anlıq boşluqlar verdik, qolları da erkən buraxdıq. Sonradan işimiz daha da çətin oldu. Bundan sonrasına baxmaq lazımdı. Heç bir komandadan geri qalmırıq. Yaxşı nəticə verə bilərdik.
- "Qarabağ"dan söz düşmüşkən, Konfrans Liqasında qrup mərhələsinə düşdülər. "Aberdin"i səfərdə də məğlub etdilər, təsnifat mərhələsində uduzmadılar. Ümumiyyətlə, “Qarabağ"dan bu cür nəticə gözləyirdin?
- “Qarabağ”dan bu cür nəticələri gözləmək olardı. Çünki yaxşı komandadı, illərdi birlikdə oynayanlar çoxdu. “Qarabağ” güclü idi və “Aberdin”dən də güclü olduğunu göstərdi. Yəni “Qarabağ”dan bu nəticəni gözləmək olardı.
- "Qarabağ" "Bazel", "Kayrat", "Omoniya" ilə eyni qrupda yer alır. Səncə, təmsilçimiz bu qrupdan çıxa biləcək?
- Məncə, “Qarabağ” bu qrupdan çıxa bilər. Qrupdakı komandaların bəzilərindən bəlkə də daha güclüdülər. Bu mənada, “Qarabağ”ın qrupdan çıxmaq şansı daha çoxdu.
- Azərbaycan millisinin sabiq üzvü kimi necə düşünürsən, millimiz Lüksemburq, İrlandiya və Portuqaliya matçlarında hansı nəticə əldə edə bilər?
- Əvvəlki illər olsaydı, bugünki gündə hardasa fikirləşmək olardı ki, Lüksemburq dişimizə görə rəqibdi. Amma artıq elə deyil. Çünki Lüksemburq indi bizdən də güclü komandaya çevrilib. Bunu hamı görür. Millimizə qarşı keçirdiyi oyunlar da bunu deyir. Bütün oyunlar çətindi. Açıq desək, şansımız azdı. Amma əvvəllər güclü ölkələrə qarşı yaxşı oyunlarımız, uğurlu nəticələrimiz olub. Bəlkə də yenə elə hadisə ola bilər. Hansısa güclü komandadan xal qoparmaq oldu. Portuqaliyadan xal qoparmaq olar, bəlkə də Lüksemburqa qalib gəldilər. Təki elə olsun. Oynasalar, etmək olar.
- Bir vaxtlar millidə hücum xəttinin məsuliyyəti, yükü sənin üzərində idi. İndiki hücum xəttimizi, hücumçularımız haqda hansı fikirdəsən?
- Hücum xəttində yaxşı oyunçular yer alıb. Sadəcə istəkli olsalar, özlərinə inansalar milliyə xeyir verə bilərlər.