"Neftçi" və "Qəbələ"nin sabiq futbolçusu Ruslan Tağızadə Sportal.az saytına müsahibə verib. “Neftçi”nin yetirməsi, U-19 yığmamızda kapitan sarğısı daşımış Tağızadə 26 yaşında karyerasını başa vurmasından söhbət açıb.
- Bildiyim qədərilə futboldan uzaq qalmısan. Hazırda nə işlə məşğul olursan?
- Hazırda Rusiyada yaşayıram. Bu ölkənin vətəndaşıyam. Yəqin ki, burada yaşamağa davam edəcəm. İstəyirdim vətənə gəlim 1 ay qalım, yaxınlarımı görüm. Amma müəyyən səbəblərə görə gəlməyim təxirə düşdü. Moskvada bizneslə məşğul oluram.
- Nəyə görə 26 yaşında karyeranı başa vurdun? Halbuki gələcəyinə böyük ümidlər bəslənilirdi...
- Karyeramı başa vurmaq istəməzdim. Amma nə etmək olar? Demək ki, qismət beləymiş. Əslində karyerama mane olan bir çox detal var idi. "Qəbələ"dən ayrıldıqdan sonra "Zirə" ilə müqavilə imzaladım. Ancaq sonradan "Zirə" ilə müqaviləm ola-ola "Boluspor"a getdim. Orada isə bəzi dələduzlara görə geri dönməli oldum. Sonradan “Rəvan”la müqavilə imzaladım və 1 mövsüm orada çıxış etdim. Oradakı karyeram heç də pis alınmamışdı. Müdafiədə oynasam da, 5-6 qol vurmuşdum. "Sumqayıt”la müqavilə imzaladıqdan 3-4 gün sonra isə dedilər "lazım deyilsən". Yəqin ki, müəyyən adamların xoş olmayan nəsə etmişdim ki, belə dedilər.
- Vaxtilə U-19 yığmasında kapitan sarğısı daşımışdın, U-21 yığmasında oynamışdın, “Neftçi”də də gələcəyinə böyük ümidlər bəslənilirdi. Bəlkə də "Sumqayıt" - "Qəbələ" matçında qısa zamanda 2 sarı vərəqə alaraq meydandan qovulmağın karyerana təsir etmişdi?
- Azərbaycan millisinin aşağı yaş qruplarından ibarət bütün komandalarda oynamışam. Pis və ya yaxşı alınıb, deyə bilmərəm. Gücüm çatdığı qədər yığmalara kömək etmişəm. Deməzdim ki, “Qəbələ”nin heyətində “Sumqayıt”la matçda qırmızı vərəqə almağım karyerama təsir etdi. “Qəbələ”yə keçidimin də karyeramda səhv addım olduğunu düşünmürəm. Sadəcə ən böyük səhvi Roman Qriqorçukun gəlişindən sonra özümdə görürəm. Türkiyədəki təlim-məşq toplanışında olan zaman gərək “Qəbələ”dən ayrılardım. Çünki artıq onda bilirdim ki, oynamaq şansım yoxdu.
- İndi hansı səhvlərini düzəltmək istəyərdin?
- Həmin günlər gəlsəydi, daha intizamlı olardım. Bir də Roman Qriqorçukun gəlişindən sonra komandadan ayrılardım.
- Azərbaycan futbolunu kənardan izləyirsən. Səncə, futbolumuz inkişaf edib, yoxsa enişdədi?
- Demək olar ki, hər turda vurulan qolları, məlumatları internet portalları vasitəsilə izləyirəm. Hansı inkişafdan danışım? 8 komandalı çempionatdı. “Qəbələ” və üzümüzü ağ edən “Qarabağ”dan savayı hamısı Bakı klublarıdı. “Qarabağ” hər mövsüm Avropada çox yaxşı çıxış edir. Onun da memarı Qurban Qurbanovdu, daha sonra futbolçular, klub rəhbərliyi. Amma hər şey Qurban Qurbanovdan başlayır. “Qarabağ”dan başqa bütün klublarımız eyni səviyyədi.
Eşitdiyimə görə milli komandamızın baş məşqçisi deyib ki, “qrupda xal ala bilməyəcəyik, nə bilim nə”. Əgər belədirsə, onda De Byazi, sən nəyə lazımsan? Ondansa, yerli məşqçi De Byazinin yerinə işləsin də. Milli komandamızın baş məşqçisi belə danışandan sonra, hansı inkişafdan danışım?
- Bayaq dedin ki, Rusiya vətəndaşlığına sahib çıxmısan. Maraqlıdı, yerli klublardan birinə baxışa yollanmaq, karyeranı bərpa etmək fikrin, şansın yoxdu?
- Əlbəttə ki, futbola qayıtmağı çox istəyərdim. Amma bu olmayacaq bir şeydi. Çünki neçə müddətdir ki, idmansız qalmışam. Ən azından klubla 6 ay məşq edib, oyunlara çıxmalıyam. Bu şansı mənə vətənimdə tanımayıblar, deyirsiniz Rusiyada edəcəklər? (gülür) Burada həvəskarlar liqasında oynayan komanda var, adı da “Qarabağ Amor”du, orada oynayıram. 2 ildir ki, çempion oluruq. Bu yay 3, yoxsa 4-cü liqada çıxış edən komanda var idi, mənə oynamaq təklif etdi. Sadəcə maaş az idi, ailə dolandırmaq mümkün deyildi, ona görə getmədim. Mənim kimi oğlum da Rusiya vətəndaşıdı. Özümdə görmək istədiklərimi, istəyirəm oğlumda görəm. Yaxın vaxtlarda oğlumu “Lokomotiv”, “Spartak” və ya ÇSKA klublarından birinin akademiyasına aparacam. Elə burada oynasın. Qismət olsa gələcəkdə, Rusiya yüksək liqasında oynayıb, elə burada millidə də oynayacaq.
- Rusiyada oynayan azərbaycanlı futbolçular var ki, onlar klubunda legioner hesab ediləcək və əsas heyətə düşməkdə çətinlik çəkəcək deyə, Azərbaycan millisinin təklifini qəbul etmir. Onların bu qərarına münasibətin necədi?
- Bu cür çox futbolçu var. Vallah nə deyim bu haqda? Nəsə deyə də bilmərəm, doğru olmaz. Ola bilər həmin futbolçuların nəsə fikri var və ya Ramil Şeydayevi gözlərinin qabağına gətirirlər. Çünki Şeydayev bir vaxtlar Rusiyanın əsas millisinə 1 nömrəli namizəd idi. İndi isə hər il klub dəyişir. Halbuki Ramil çox istedadlı və güclü futbolçudu, amma bizim çempionatımızda alındıra bilmir. Hər futbolçunun öz qərarı var, nəsə demək düz olmazdı.