Azərbaycan milli komandasının veteran futbolçusu Rəşad Sadiqov Sportal.az saytına müsahibə verib.
- Lüksemburqla oyunu yəqin ki, izlədin. Hər şey gözlədiyin kimi oldu, yoxsa fərqli nəticə, fərqli oyun gözləyirdin millidən?
- Oyunu izlədim. Düzü, millimizdən fərqli nəticə gözləyirdim. Düşünürdüm ki, komandamız Lüksemburq səfərində xal qazanacaq. İlk yarıda zəif təsir bağışladılar, fasilədən sonra komandamız yaxşı oynadı. Məğlubiyyətdən qaçmaq da olardı, hətta qələbə qazana bilərdik. İlk yarıda çox zəif oynadıq. Fərqli nəticə gözləyirdim, amma alınmadı.
- Səncə, nəyə görə millimiz ən azından Lüksemburq səviyyəsində futbol oynaya bilmir?
- Birinci hissədə Lüksemburq yaxşı futbol oynadı. Ona görə də haqlı olaraq 2:0 önə keçdilər. İkinci yarıda tam fərqli futbol oldu. Necə ki, birinci yarıda Lüksemburq dominantlıq edirdi, fasilədən sonra Azərbaycan bunu edirdi. Sadəcə məğlubiyyətdən qaçmaq alınmadı.
- Millimizin start heyəti normal idi, yoxsa daha fərqli heyət gözləyirdin?
- Daha yaxşı heyətlə də oynamaq olardı. Mahir Emrelini start heyətində meydana buraxmaq mümkün idi. Çünki hücumda daha keyfiyyətli görünürdü. İkinci yarıda özünüz də gördünüz ki, Mahir meydana daxil olandan sonra tam hücum futbolu oynadıq. O, rəqibi təlaş içində saxlayır, hər an qol vura bilər, hər an nəsə edə bilərdi. Digər futbolçulara da inam gəlmişdi. Məncə, start heyətini daha yaxşı buraxmaq olardı.
- Millimizdə debüt edən Filip Ozobiç çıxışını necə dəyərləndirirsən?
- “Qəbələ”də gördüyüm, “Qarabağ”dakı Filip Ozobiç deyildi. Bir ara zədə almışdı. Bəlkə də ondan sonrakı perioddu deyə, belədi. "Qarabağ”da da hər dəfə əsas heyətdə meydana çıxmır. Bu da əsas amillərdən biridi. Əvvəllər “Qəbələ” və “Qarabağ”da da əsas heyətdə meydana çıxırdı. Ona görə tam fərqli oynayırdı. Məncə, öz potensialının 30-40 faizini oynadı.
- Abbas Hüseynov “Qarabağ”da son vaxtlarda çox yaxşı durumdaydı, yaxşı oynayırdı. Amma dünənki matçda buraxdığımız hər 2 qolda da səhvi oldu. Səncə, nəyə görə millidəki oyunu “Qarabağ”dakı kimi alınmadı?
- Abbas “Qarabağ”ın heyətində “Aberdin”ə qarşı həm Bakıda, həm də Şotlandiyada gözəl oynamışdı. O, komandanın ən yaxşı futbolçusu idi. Dünənki oyunda isə, bilmirəm, həyəcan var idi, nə var idi. Abbas da Ozobiç kimi “Qarabağ”da oynadığının 30-40 faizini oynadı. Bəlkə də həyəcan var idi. Halbuki “Qarabağ”da tam fərqli və gözəl oynamışdı. Millidə nədənsə, onu göstərə bilmədi. Ancaq deməzdim ki, sırf Abbasa görə uduzduq. Bütün futbolçular səhv etdi, hamı məsuliyyət daşıyır. Qələbə qazananda hamı udursa, uduzanda da baş məşqçidən tutmuş bütün futbolçular məsuliyyət daşıyır. Çünki futbol kollektiv oyundu.
- Milliyə bu durumda kim və nə kömək ola bilər? Millimiz nəyə görə bu durumdadı?
- Yox, deməzdim ki, milli lap pis durumdadı. Çünki ikinci yarıda yaxşı futbol oynadılar. Birinci hissə bərbad idi. Bütün Azərbaycan oyuna baxıb. Amma fasilədən sonra tam fərqli futbol oldu, yalnız hücum edirdik, Lüksemburq müdafiə olunurdu. Yaxşı qol epizodlarımız oldu, istifadə edə bilmədik.
- Lüksemburqla matçından sonra İrlandiya və Portuqaliya görüşlərində millimizdən nə gözləmək olar?
- İrlandiya və Portuqaliya oyunlarında tam fərqli heyət ola bilər. Hamımız bilirik ki, bu iki komanda Lüksemburqdan qat-qat yaxşı, güclü komandadı. Onlara qarşı daha çətin olacaq. Amma yenə də sona qədər oynamalıdılar. Bəxtimiz də gətirib xal da ala bilərik.