Ramiz Məmmədov: "Qəbul olunan proqramların heç biri öz nəticəsini vermir" - MÜSAHİBƏ

15:22 - 2 Sentyabr 2021

Futbol mütəxəssisi Ramiz Məmmədov Sportal.az saytına müsahibə veribə 

 

O, Azərbaycan milli komandasının Lüksemburqa 1:2 hesabı ilə məğlub olduğu oyun haqda fikirlərini bölüşüb:

 

- Millimizin Lüksembura qarşı oyunu haqda nə deyə bilərsiz?

- Birinci hissədə millimiz çox zəif təsir bağışladı. Sanki ilk dəfə idi Lüksemburqa qarşı oynayırdıq. Demək olar ki, rəqib istədiyini edirdi. Hətta bəzi epizodlarda bəxtimiz gətirdi, yoxsa onlar fasiləyə heabda daha üstün yollana bilərdilər. Fasilədə edilən dəyişikliklər ikinci hissədə millimizin üstünlüyünü artırdı. Namik Ələskərov, Mahir Emreli, Rəhim Sadıxov və Anton Krivotsyukun meydana daxil olması ikinci yarıda oyunun axarını xeyrimizə çevirdi. Futbolçuların fərdi ustalığı özünü göstərdi. Emin Mahmudovun ustalığı sayəsində millimiz hesab arasinda fərqi azaltdı. Bundan sonra artıq rəqib qapandı. Belədə məglubiyyətdən qaçmaq mümkün olmadı. Əslində komanda ilk hissədə belə oynasaydı səfərdən xal və ya xlallarla dönmək olardı. Sadəcə ilk 11-likdə yanlışlıqlar vardı. 


- Elə yeri gəlmişkən, oyundan sonra baş məşqçi Cannj De Byazi birdirdi ki, komanda ilk hissədə yaxşı oynamadı. Sizin buna münasibətiniz

- Onda sual olunur ki, komanda birinci hissədə niyə zəif oynadı? Səbəb nədi? İlk növbədə yaxşı olardı ki, baş məşqçi start heyətin yanlış olduğunu etiraf edərdi. Əgər oyunçuların yorğun olduğunu nəzərdə tutursa, La Liqaya, Premyer Liqaya, A Seriyasına baxın. Futbolçular il ərzində 60-70 oyuna çıxır. Hiss olunmalıdı ki, komandada vuran ayaq var. Meydanda belə fiqur olarsa, müdafiədə bütün diqqət ona yönəlir. Bu da komandanın hücumda çoxalmağına şərait yaradır. Mahir Emreli, Namik Ələskərov və Rəhim Sadıxovu start heyətdə meydana buraxılmalı idi. Lionel Messi kimi dahi futbolçu PSJ-yə transfer olandan sonra komandaya uyğunlaşmadığı üçün bir neçə matçda oynamadı, "Reyms"lə görüşdə də ikinci hissədə meydana daxil oldu. Amma Filip Ozobiç ilk dəfə milliyə çağırılır və 90 dəqiqə oynayır. 10 günlük toplanışdan sonra onu əsas heyətdə oynatmaq nə dərəcədə doğrudu? Ozobiçi bəyənirəm. Amma ilk dəqiqədən oynaması doğru deyil. Rəhim Sadıxovun ikinci hissədə meydana buraxılması da yaxşı hal deyil. O, ilk dəqiqədən oynamalı idi. 


- Zaur Ramazanov bir neçə ay əvvəl müsahibəsində bildirmişdi ki, Canni De Byazi Riyad Rəfiyevin oyunçularını qabağa çəkir və heyətdə oynadır. Bu fikrə münasibətiniz necədi?

- Müsahibəni oxumamışam. Hərənin öz fikri var. Mən nəsə deyə bilmərəm. Amma hiss olunur ki, futbolçular arasında seçim var, bunu gizlədə bilmərəm. Sanki komandanın daxilində seçilmişlər oynayır, amma əməyi olanlar kənarda qalır.


- Millimizin növbəti oyunları İrlandiya və Portuqaliyaya qarşıdl. Bu matçlardan nə gözləyirsiz?

- Kriştiano Ronaldo Azərbaycana qarşı oynamayacaq. Bu, bizim üstünlüyümüzdü. Ancaq biz hələ Portuqaliyanı yox, İrlandiyanı fikirləşməliyik. Bu oyunla İrlandiyanın qarşısında əksiklərimiz olacaq. Bizə milliyə uğurlar arzulamaq düşür. Bir mütəxəssis olaraq hər zaman yığma komandanın yanındayıq. Ümid edirəm İrlandiyada oyunumuz alınar, səfərdən xal və ya xallarla dönüb Portuqaliya ilə oyuna daha istəkli çıxarıq. Millinin baş məşqçisinin kim olmasından asılı olmayaraq, mən hər zaman uğurlar arzulayıram.


- Bu gedişlə millimiz seçmə mərhələni neçənci pillədə başa vura bilər?

- Futbol mütəxəssisləri ilə də müzakirələr aparırıq. Çox şey gözləmirik. Bu seçmə mərhələ artıq Azərbaycan üçün bitib. Yığmanın baş məşqçisi özü də etiraf edib ki, qrupda sonuncu pillə bizim olacaq. Sonradan dedi ki, fikirlərim təhrif olunub. Mən başa düşə bilmirəm ki, jurnalist necə özbaşına elə fikir yaza bilər? Buna inanmıram. Bir məşqçinin belə açıqlama verməsi neqativdi, absurddu. Futbolçular oyuna hansı motivasiya ilə çıxa bilər? Seçmə mərhələ başlayandan həmişə demişəm ki, milli komandada yerli məşqçi olmalıdı. Qazaxıstan Ukraynadan xal alır, Monteneqro 2:0 geridə olsa da, Türkiyə ilə heç-heçə edir. Lüksemburq cırtdan dövlətdi, 10 milyonluq Azərbaycanı məğlub edir. Öz məşqçilərimizə üstünlük vermək lazımdı. Əcnəbi məşqçilərə ayrılan pullar uşaq futboluna ayrılsa, qazanan Azərbaycan futbolu olar. Baxın uşaq futbolumuz hansı səviyyədədi. Bu gün U-21 millimiz Xorvatiya ilə qarşılaşacaq. Görək Obradoviç nə göstərəcək. Ona da qiymət verəcəyik. Bir neçə il əvvəl bütün komandalara kordinator gətirilirdi. Milyonlarla pul xərcləndi. Hanı nəticə? Hansı xeyri oldu Azərbaycan futboluna? Çempionatda 12 komanda oynayırdı, indi 8 komanda qalıb. Uşaq futbolundan yetişən futbolçular hanı? Məşqçilərimiz işsiz qalır. Budur gördüyünüz iş? İnkişaf başqa cür getməlidi. Qəbul olunan proqramların heç biri öz nəticəsini vermir. Nəticə olmayanda tənqid olmalıdı. Məşqçilərimiz A kateqoriyası, PRO kateqoriyası alır. Əgər bu məşqçilər işləməyəcəksə, kurslar nəyə lazımdı? Əcnəbi futbolçular milliləşdirilir ki, Lüksemburqu, İrlandiyanı udaq. Uda bilmiriksə, bu oyunçular nəyə lazımdı? Öz futbolçularımız kənarda qalır. Artıq görünən odur ki, Azərbaycan futbolu uçurumdadı. Biz veteranlar və mütəxəssislərin də istəyi futbolumuzun acınacaqlı durumdan xilas olmağıdı. Biz də lazımı məsləhətlər verməyə də hazırıq. Yetər ki  dediklərimizi  həyata keçirsinlər.

Xəbər xətti