"Xorvatiyaya uduzsaq da, həmin məğlubiyyət qarşıdakı oyunlarımıza təsir etməyəcək"

14:48 - 3 Sentyabr 2021

"Xorvatiyanı yaxşı analiz etmişdik. Qrupa uğurlu başlamaq istəyirdik. Amma təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Çalışacağıq ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanaq".

Bu sözləri Sportal.az saytına açıqlamasında 21 yaşlılardan ibarət yığma komandamızın üzvü Turan Vəlizadə deyib.

AVRO-2023-ün seçmə mərhələsi çərçivəsində xorvatiyalı həmyaşıdları ilə qarşılaşan U-21 yığmamız 0:2 uduzub. Vəlizadə matçla bağlı danışdıqdan sonra, qrupdakı şanslarını da dəyərləndirib:

“İstənilən rəqibdən xal almaq mümkündü. Sadəcə Xorvatiyaya qarşı oyunda istədiklərimizi edə bilmədik. Əslində biz özümüz də qrupa yaxşı başlamaq istəyirdik. Doğrudu, Xorvatiyaya uduzduq. Amma həmin məğlubiyyət qarşıdan gələn oyunlarımıza təsir etməyəcək. Yaxşı nəticələr əldə edəcəyimizə inanıram. Xorvatiya məğlubiyyətindən dərs çıxarıb, irəli baxacağıq".

​Matçdan sonra xorvatların baş məşqçisi və futbolçuları yerli mətbuata açıqlamasında Azərbaycan yığmasından səviyyəcə yuxarı olduqlarını bildiriblər. Yığmamızın üzvü isə onların dediklərindən məlumatsız olduğunu deyib: "Xorvatların nə dediyi haqda məlumatım yoxdu. Amma məncə, istənilən rəqibdən xal almaq mümkündü. Xorvatiya ilə Azərbaycandakı oyun haqda danışmaq bir az tezdi. Hər halda düşünürəm ki, Bakıdakı qarşılaşmada dünənki oyunu yaddan çıxaracaq oyun göstərəcəyik".

Xəbər xətti