Bir müddət əvvəl “Sabah” heyətini Spiro Periçiçlə gücləndirdi. Masazır klubunun yeni transferi Azərbaycanda oynayan xorvatların sayını 30-a çatdırdı. Periçiçə qədər isə ölkəmizdə uzun illər oynamış, qısa müddət oynasa da adından söz etdirmiş xorvatlar az deyil.
Ən çox xorvatiyalı futbolçulara ehtiyac duyan “Neftçi”di. Bakılılar 6 xorvatın xidmətindən istifadə edib. Onlardan sonra isə “Bakı” və “Qəbələ” hərəyə 4 xorvat futbolçu ilə 2-3-cü yerləri bölüşür.
Sportal.az bu dəfə sizə çempionatımızda çıxış etmiş yaddaqalan xorvatları təqdim edir:
Marko Şarliya - "Bakı"
Azərbaycanda indiyə qədər xorvatiyalı qapıçı az olmayıb. Amma onlar arasında ən yaddaqalan və uzun müddət ölkəmizdə çıxış etmiş Marko Şarliyadı. 2008-ci ildə "İnter"dən (Zapreşiça) ayrılaraq "Bakı"ya keçən kiper 4 il komandanın qapısını qoruyub. Ardınca isə o, Kiprə yollanaraq “Etnikos Axna” ilə anlaşmışdı. Xorvatiyanın aşağı yaş qruplarından ibarət bütün yığmalarında oynamış Şarliya hətta bir ara Azərbaycan millisinə də namizədlərdən hesab edilirdi. Lakin o, 5 ilinin tamam olmasını gözləmədən ölkəmizi tərk etmişdi. Azərbaycandakı titulları isə ölkə çempionluğu və ölkə kuboku idi.
Ernad Skuliç - "Bakı"
Şarliya ilə birlikdə eyni ildə, eyni klubdan “Bakı”ya transfer olan Ernad Skuliç də həmyerlisi kimi uzun illər ölkəmizdə qaldı. Son vaxtlarda hətta “zolaqlılar”ın kapitan sarğısını daşımış Skuliç 2012-ci ildə yetirməsi olduğu “İnter”ə(Zapreşiça) qayıtmışdı.
Marin Orsuliç - "Xəzər Lənkəran"
Hazırda Kiprdə “Omonia”(Psevda) kubunda köməkçi məşqçi kimi çalışan Orsuliç Azərbaycanda olduğu müddətdə oyunu ilə deyil, daha çox xarici görünüşü ilə yadda qalıb desək, yanılmarıq. Belə ki, Orsuliç Azərbaycan çempionatında çıxış etmiş ən ucaboy futbolçulardan biridi. 1, 95 sm boya malik futbolçunun “Xəzər Lənkəran” karyerasının uğurlu alındığını da demək olmaz. O, komandanın 2013/2014 mövsümünün Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Makkabi”yə (Hayfa) 0:2 və 0:8 hesablı məğlubiyyətlərinin iştirakçısıdı. Bir müddət Cənub klubunda çıxış etdikdən sonra isə xorvat “Zadar”la anlaşmışdı.
Dario Melnyak - "Neftçi"
Varajdində dünyaya göz açan Darionun yolu 2016-cı ildə Azərbaycandan keçmişdi. Melnyak ölkəmizdən ayrıldıqdan sonra karyerasında yüksəlişə keçən futbolçulardandı. Belə ki, "Neftçi"də ona aparıcı oyunçu kimi baxılmasa da, futbolçu sonradan karyerasında yüksəlişə keçə bilmişdi. 2019-2021-ci illərdə “Rizəspor”un heyətində Türkiyə Superliqasında adından söz etdirən Melnyak Xorvatiya millisinə kimi yüksəlməyi bacardı. O, hətta Xorvatiya millisinin heyətində Azərbaycanla oyun üçün Bakıya da gəlmişdi. Bir müddət əvvəl isə Melnyak “Alanyaspor”a keçmişdi.
Krşevan Santini - "Neftçi"
Hazırda ölkəsinin “Lokomotiva” klubunun qapısını qoruyan Krşevan “Neftçi” tarixinin ən uğursuz transferlərindəndi. 2016/2017 mövsümünün 4-cü turunda “Qəbələ”yə 0:8 hesabı ilə məğlubiyyət zamanı “Neftçi”nin qapısını qoruyan Santini fasilədə əvəzlənmişdi. Sonradan isə 34 yaşlı kiperin karyerası heç də pis alınmamışdı. O, “Zorya”, “Osiyek”, “Domjale” kimi klubların qapısını qorumağı bacarmışdı. Lakin Azərbaycandakı karyerasının uğurlu uğursuzluqlarla yadda qaldığını demək olar.
Aleksandr Şoliç - "Bakı"
Milli komandamıza yenicə cəlb edilən Filip Ozobiç əslində ölkəmizdə 5 il oynamış ilk xorvatiyalı deyil. Belə ki, indiyə qədər Azərbaycan çempionatında 5 il oynamış ilk xorvat Aleksandr Şoliçdi. "Bakı"nın daima aparıcı futbolçusu olmuş yarımmüdafiəçi Azərbaycanda 2009-cu ildə "Osiyek"dən gəlmişdi. 2009-2014-cü illər arasında “zolaqlılar”ın heyətində çıxış etmiş Şoliçin millimizə cəlb olunması müzakirə edilsə də, yaş məsələsinə görə yığmaya cəlb edilməmişdi. Futbolçu sonradan ölkəmizi tərk edərək Bəhreynə, “Əl-Najma” klubuna keçmişdi.