"Millimiz İrlandiyaya qarşı heç də pis oynamadı. İlk dəqiqələrdən ev sahibləri qol vurmaq istəsə də, futbolçularımız buna imkan vermədi və oyunu yavaş-yavaş bərabərləşdirə bildilər”.
Bu sözləri Sportal.az saytına açıqlamasında millimizin sabiq futbolçusu Rasim Ramaldanov deyib. DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiya ilə səfərdə 1:1 oynayan yığmamız qrupda ilk xalını qazanıb.
Ramaldanov İrlandiya ilə matçı bu cür dəyərləndirib: “Emin Mahmudovun qolu həqiqətən baxımlı idi. İlk yarını gözəl notlarla bitirdik. Əslində qələbə hesabını saxlamaq olardı. Sadəcə bəzi səhvlərimizə görə irlandlar hesabı bərabərləşdirə bildi. Məncə, bir az təcrübəsizlik öz rolunu oynadı. Bir də sanki öz oyunumuzu itirmişdik, topu saxlaya bilmirdik, tələsirdik. İrlandiya çətin komandadı, 2-ci mərtəbəə çox güclü oynayırlar. İrlandlarla səfərdə 1:1 oynamaq yaxşı nəticədi”.
Yığmamızın formasını geyinmiş veteran futbolçu sentyabrın 7-də Portuqaliyaya qarşı oynanılacaq oyunla bağlı da fikirlərini bildirib. Onun sözlərinə görə irlandlarla səfər heç-heçəsi Portuqaliya oyunu öncəsi yığmamıza motivasiya verəcək: “Bu heç-heçə komandamıza inam qazandırmalıdır. Portuqaliyaya qarşı oynasaq da, evdə oynadığımıza görə ümid həmişə var. İnanmaq və istəmək lazımdı. Asan oyun yoxdu. Ronaldonun oynamaması millimiz üçün yaxşıdı, yoxsa pis? O, dünya ulduzudu, ona qarşı oynamaq tamam fərqli motivasiyadı”.