"Heç kimə yalvaran, yaltaqlıq edən deyiləm, istəyən istəsin, istəməyən cəhənnəmə istəməsin" - MÜSAHİBƏ

14:44 - 5 Sentyabr 2021

Azərbaycan millisinin sabiq futbolçusu, daima ölkə xaricində legioner həyatı yaşayan Amit Quluzadə Sportal.az saytına müsahibə verib. “Neftçi” yetirməsi olan yarımmüdafiəçi hazırda klubsuzdu. Karyerası ərzində “Kayseri Ərciyəsspor”, “Rəvan”, “Qəbələ”, “Atletiko”(Lissabon), “Sumqayıt”, “Larissa”, “Drita”, “Çelik” klublarında oynamış 28 yaşlı futbolçu klubsuz qalmasından və milli komandamızın çıxışından danışıb:

- Son dəfə Moldovada, “Milsami” forması geyinmişdin. O vaxtdan bu yana klubsuz qalmısan. Bəlkə Moldova karyeran sənin üçün düşərli olmadı?
- Doğrudu, son dəfə “Milsami”də çıxış etmişəm. Əslində oradakı karyeram pis alınmadı. Çox yaxşı da başlamışdım. Oynadığım oyunların heç birində zəif oynamamışdım. Sadəcə maliyyə ilə bağlı problemlər yarandı. Elə şeylər var ki, onu açıq şəkildə demək olmur. Orada qalmağım mənasız idi. Bircə onu misal çəkə bilərəm ki, daima əsas heyətdə oynayırsan, ən yaxşı seçilirsən, amma sonradan komandaya gələn biri 1-2 məşq edib əsas heyətdə oynamağa başlayır. Əslində Moldova karyeram uğursuz alınmamışdı.

- Moldovadan söz düşmüşkən, “Şerif”ə qarşı oynamışdın və bu klub Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək. Səncə, onlar necə oldu ki, qrupa vəsiqə qazandı?
- “Şerif”ə qarşı oynamışdım. Hazırda “Keşlə”də oynayan Anatole Abanq da “Şerif”də oynayırdı. Biz onlara qarşı çox yaxşı mübarizə aparmışdıq. Səhv etmirəmsə, penalti zərbəsilə qalib gəlmişdilər bizə. Oyunum da yaxşı alınmışdı. Həmin “Şerif” 80-90 faizi dəyişib, yeni komandadılar indi. Amma bu komandaya qarşı oynamaq maraqlı idi. Çünki “Şerif” ölkənin daimi lideridi, danılmaz liderdi. Onların Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına sevindim. Çünki Moldova çempionatından ÇL-in qrupuna düşmək böyük uğurdu.

- Hazırda klubsuzsan və heç bir komanda ilə anlaşmamısan. Necə olacaq?
- Klubsuz qalandan sonra o qədər söz-söhbət oldu ki, bir az da yoruldum. Elə yer oldu ki, viza gecikdi, halbuki tez getməliydim. Təsəvvür edin ki, baş məşqçi şəxsən səni istəyir, daha sonra problem çıxır. Sonuncu dəfə “Rabotniçki” məsələsi var idi. Baş məşqçi məni istəyirdi, bəlkə 10 dəfə danışmışdıq. Ancaq elə problem çıxdı ki, açıqlama çətindi. Asiya ölkələrinin birindən təklif var idi. Sadəcə həmin ölkəyə getməyə uyğun saymadım. Şimali Makedoniyadan təkcə “Rabotniçki” deyildi, “Pelister” də istəyirdi məni. Sadəcə maddi durum yaxşı deyildi deyə, getməyə dəyməzdi. İsrail klubundan təklifim var idi, viza ala bilmədim ki, gedim.

- Azərbaycan çempionatında oynamaq variantı heç olmadı?
- Azərbaycanda iki varantım oldu. Birinə dedilər, baş məşqçi elə danışdı ki, sanki bura La Liqadı, İngiltərə Premyer Liqasıdı. Azərbaycanda elə mühit var ki, ya kiməsə yaltaqlanmalısan, ya da səni kimsə harasa aparmalıdı. Mən isə heç kimə yalvaran, yaltaqlıq edən deyiləm. İstəyən istəyər, istəməyən heç istəməsin. Bu dəqiqə Azərbaycan çempionatında 1 gözlə oynayaram. Di gəl ki, belədi. Mən heç kimə yalvarmayacam ki, məni komandaya götür. İstəyərlər istəsinlər, istəmirlər, cəhənnəmə istəsinlər.

- Uzun vaxtdı ki, ölkə çempionatında oynamırsan. Necə düşünürsən, hazırki çempionatın səviyyəsi hansı durumdadı? Səncə, liqa indi güclüdü, yoxsa əvvəl daha güclü idi?
- Əlbəttə ki, çempionatımız indi zəifdi, əvvəl çempionatımız qat-qat güclüydü. İndi çempionatın səviyyəsi geridədi. Söhbət çempionatın zəifliyindən getmir, elə şeylər var, danışsam səhər kimi bitməz. Sadəcə Azərbaycan futbolunda elə insanlar elə işlərlər məşğuldu ki, həqiqətən də danışmağa dəyməz. Son vaxtlar futboldan olan adamlardan, futboldan uzaq dururam. Çünki baxıram iyrənirəm.

- Futbolçularımızın xaricə yollanmaq istəmədiyi vaxtda, sən daima legioner həyatı yaşayırsan...
- Pandemiyaya görə evdəkilər də narahatdı. Sözün düzü, Asiya ölkəsinə getmək istəyirdim. Sonradan evdəkilər dedi, çox uzaqdı. Özüm də çox uzağa getmək istəmədm. Bu yaxınlarda Slovakiyanın “Sered” klubuna birbaşa müqaviləyə təklif gəlmişdi. Sadəcə onlar bilmirdilər ki, mənə viza açmaq lazımdı. 2-3 günə heç cürə viza ala bilməyəcəkdim. Belə problemlər də var idi, qismət.

- Maraqlı məqamlardan biri odur ki, milli məşqçiləri daima xaricdə oynayan futbolçu axtarırlar ki, milliyə cəlb etsinlər. Ancaq sən hətta Yunanıstan Superliqasında çıxış etdin, yenə milliyə dəvət edilmədin...
- İndi görürük ki, hansı futbolçuları kimlərsə necə qabağa çəkirlər, kömək edirlər. Bugünki gündə mənə heç kim gəlib deyə bilməz ki, “sənə kömək etmişəm”. Kiminsə yanında başıaşağı deyiləm. Futboldan danışsaq, istənilən adamın gözünün içinə kimi baxaram. Məni heç kim heç yerə “dartmayıb”. “Sumqayıt” “Larissa”ya keçdim. Bilirdim ki, Robert Prosineçki konkret məni milliyə dəvət etmək istəyir. Hələ “Sumqayıt”da oynayandan. Ancaq nədənsə, məni milliyə dəvət etmədilər. Yunanıstanaya gedən kimi də oynamaya başlamışdım. Səhv etmirəmsə, Prosineçkiyə mənimlə bağlı sual vermişdilər, o da guya daha çox gözləməli, məşq etməi olub, komandaya uyğunlaşmalı olduğumu təklif etmişdi. Nə uyğunlaşmaq? Gedən kimi oynamağa başladım, 5 tur oynamışdım, 2 ay idi oradaydım. Nələrin baş verdiyini bilirəm, həyatdı da.

- Klubsuz qalmağa davam etsən, hansı qərarı verəcəksən?
- Asiyadan tanıdığım menecer var, koreyalıdı. 2-3 gündür ki, mənimlə əlaqə saxlayır, təkliflər irəli sürür. Hansısa xoşuma gələn təklif olsa, qəbul etmək mümkündü. Hələ qərar verməmişəm, görəcəyik də.

- Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqa uduzdu, İrlandiydan bir xal aldı. Millinin bu 2 oyundakı çıxışını necə dəyərləndirirsən?
- Millidən çox adam, çox şey danışır. ELə adam var ki, AFFA-ya özünü sırımaq istəyib, görüb alınmayıb, başlayıb indi danışmağa. Elə adam var ki, yəqin iş gözləyir yüngülvari danışır. Bunu hamıya şamil etmirəm. Amma hərə öz oyununa uyğun danışır. Fakt budu ki, milli Lüksemburqla oyunda yaxşı oynamadı, heç olmasa 1 xal oynamadı. Lüksemburqun yaxşı futbolçuları var, amma dünya ulduzları yoxdu, bizim futbolçular kimidi. Sadəcə orada elə detallar var ki, hər birindən çox danışmaq olar. İrlandiyadan xal aldılar, uşaqlar əlindən gələni etdi, vuruşdular. Düzdü, ikinci hissədə komanda yoruldu. Çünki rəqib təzyiqi artırmışdı. İrlandiya səfərdən xalla dönmək yaxşı nəticədi. Lüksemburqla da bu cür başlasaydıq, onları hətta udmaq da olardı. Heyf ki, belə başlamadıq. Təbrik edirəm millini.

Xəbər xətti