Kevin Medina: "Azərbaycanlı futbolçular və azarkeşlər Kriştiano Ronaldonu gözləyirdi"

12:12 - 7 Sentyabr 2021

6 il Portuqaliyanın müxtəlif klublarında oynamış "Qarabağ"ın müdafiəçisi Kevin Medina bu ölkənin mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu bu gün baş tutacaq Azərbaycan - Portuqaliya qarşılaşması haqda fikirlərini bildirib. Təcrübəli mərkəz müdafiəçisi millimizin futbolçuları haqda məlumat verib:

 

“Azərbaycanlı futbolçular və azarkeşlər Kriştiano Ronaldonun bu matçda meydanda olacağını gözləyirdi. Ronaldo olmasa da, Portuqaliyanın başqa istedadlı oyunçuları var. "Mançester Yunayted"də fantastik oyun keçirən Bruno Fernandeşi həmişə çox bəyənmişəm. Diequ Jota kimi bir neçə ulduz oyunçu da qarşılaşmaya təsir edə bilir. Portuqaliyada çox yüksək səviyyəli futbolçular var. Mən ikisi haqqında danışdım, amma qapıçı da daxil olmaqla digər 9 nəfəri də qeyd edə bilərəm. Ehtiyat oyunçuları da yaxşıdır, çünki meydana kim girsə, eyni səviyyədə iş görəcək.

 

Azərbaycan milli komandası inkişaf edir. Onların Türkiyə, Polşa kimi keyfiyyətli çempionatlarda və yerli liqada çıxış edən yaxşı futbolçuları mövcuddur. Qapıçı Şahruddin Məhəmmədəliyev, yarımmüdafiəçilər Emin Mahmudovla Qara Qarayev və hücumçu Mahir Emrelinin adını çəkə bilərəm. Onlar Portuqaliya üçün təhlükə yarada bilərlər”.

Xəbər xətti