"Lüksemburqa uduzandan sonra millimizə güvən azalmışdı. Ona görə də İrlandiya ilə matçdan heç-heçə gözləmirdim. Lüksemburqa uduzduğumuza görə, düşünürdüm ki, futbolçularımızda ruh düşkünlüyü olacaq. Ancaq İrlandiyaya qarşı pis oynamadıq. Sadəcə qol vurandan sonra bütün komanda müdafiəyə oturdu, hesabı saxlaya bilmədik. Çünki İrlandiyanın təzyiqi çox böyük idi".
Bu sözləri Sportal.az saytına açıqlamasında milli komandamızın sabiq forvardı Elşən Məmmədov deyib.
Veteran futbolçu Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində qarşılaşdığı Lüksemburq və İrlandiya matçı haqda danışıb. Məmmədov İrlandiyaya uduzmamağımızda Şahruddin Məhəmədəliyevin xidməti olduğunu söyləyib:
"İkinci hissə başlayan kimi İrlandiya şturma başladı, bunun qarşısını çətinliklə alırdıq. Şahruddin ən yaxşılardan idi. Matçın bərabərə bitməsi məhz onun inamlı oyunu sayəsində baş tutdu. Həqiqətən də çərçivədə yaxşı idi. Üç xal götürməyi arzulasaq da, alınmadı. Əslində irlandlarla 1:1 oynamaq nəticə deyil. Çünki buna qədər heç xalımız yox idi".
Yığmanının keçmiş futbolçusu millinin bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə oyunda xal qazanacaqlarına inandığını deyib: "Portuqaliya qarşı evdə oynayırıq, ev amili milli üçün həmişə böyük motivasiya olub. Rəqibin kimliyindən asılı olmayaraq millimizin ən azından evdə uduzmamasını istəyirik. Özü də Kriştiano Ronaldo oynamaycaq.
Bizlər üçün evdə yaxşı nəticə qazanmaq, heç-heçə etmək mümkündü. Sadəcə son oyunlara nəzər salsaq, milli komandamızın stabil oynamadığını deyə bilərik. Bir oyun yaxşı oynayırlar, digər oyun pis. Berti Foqtsun yaxşı sözü var idi, deyirdi ki, rəqib hansı komanda olursa-olsun Azərbaycanda uduzmamalıyıq. Düzdü, adlı-sanlı Portuqaliyaya qarşı oynayacağıq. Lakin evdə istənilən rəqibi saxlamaq mümkündü.
Ümid edək ki, ən pis halda heç-heçə edərik, millimizə uğurlar arzulayıram. İstəyir Canni De Byazi, istərsə də futbolçularımıza zaman lazımdı. Ümid edirəm ki, yaxın gələcəkdə güclü komanda görəcəyik, ümidimizi itirməyək. Allah qoysa, yaxın gələcəkdə adlı-sanlı rəqibərə qarşı başabaş oynayacağıq”.