Azərbaycanda oynamış portuqaliyalılar arasında Bruno Simaonun da adını çəkmək olar. “Xəzər Lənkəran”ın formasını geyinmiş təcrübəli futbolçu 36 yaşında da karyerasını davam etdirir. Portuqaliyanın aşağı yaş qruplarından ibarət yığmalarında oynamış, hazırda isə ölkəsində “Oriental”da çıxış edən Simao Sportal.az saytına müsahibə verib. O, həm “Xəzər Lənkəran”dakı çıxışını xatırlayıb, həm də bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliyanın Azərbaycana qarşı keçirəcəyi oyunda şanslarını dəyərləndirib:
- Bruno, karyeran necə gedir?
- Hər şey normal qaydadadı. Çalışmalarımız davam edir.
- Portuqaliyadan kənarda 1 neçə ölkədə oynamısan ki, onlardan biri də Azərbaycandı. “Xəzər Lənkəran”dakı legioner həyatını necə xatırlayırsan?
- O zamanlar biz Azərbaycana gələndə vəziyyət, şərtlər tamam başqa idi. Düzünü deyim, mənim üçün Azərbaycana gəlmək qərarını vermək heç də asan deyildi. Hətta Lənkəranda yaşamaq da asan deyildi. Həmin anları xatırlayım sizə, bədənimdə çoxlu tatular var, şəhərə çıxanda hamı maraqla tatularıma baxırdı. “Xəzər Lənkəran” kimi böyük klubun formasını geyinmək mənim üçün böyük şərəf idi. Möhtəşəm azarkeş kütləsi olan kluba kuboku qazanıb hədiyyə etdik. Həqiqətən də gözəl günlər, unudulmaz, möhtəşəm hisslər idi. Həmin dönəmləri unutmaram.
- Həmin klub hazırda fəaliyyət göstərmir. Bu haqda məlumatlısan?
- “Xəzər Lənkəran”ın fəaliyyətini dayandırması mənim üçün kədərli sürpriz oldu. Çünki Lənkərandakı insanlar, azarkeşlər bunu haqq etmir. Onlar kluba çox bağlı idilər, klubu çox sevirdilər. Ona görə də bu cür xəbəri eşitmək, kədərli sürpriz oldu. “Xəzər Lənkəran”da oynayanda xatırlayıram, komanda üçün hər cür şəraiti var idi. Futbolçu ancaq oynamaq, futbol haqda düşünürdü. Təsəvvürümə belə gətirə bilməzdim ki, “Xəzər Lənkəran” nə vaxtsa fəaliyyətini dayandıracaq. Həqiqətən də “Xəzər Lənkəran”ın olmaması çox üzücü məqamdı.
- Bildiyim qədərilə ailənizdə futbolla məşğul olan az deyil. Qohumun Ruben Amorim hazırda “Sportinq”in baş məşqçisidi, qardaşın David isə son olaraq “Moreyrense”də çıxış edib. Azərbaycana gələndə sənin qərarını necə qarşıladılar?
- Sadəcə mənə uğur arzulamışdılar, məsləhətlərini vermişdilər. Ailəm həmişə mənə dəstək olub. Yox, qardaşım David heç vaxt Azərbaycan klublarından təklif almayıb. Amma hər şey ola bilər. Hazırda klubsuzdu, azad agentdi, hər şey mümkündü.
- İstəyərdim bu gün həmyerlilərinin Azərbaycan yığmasına qarşı keçirəcəyi oyun barədə də fikirlərini bildirərdin. Kriştiano Ronaldosuz Azərbaycana qalib gəlmək mümkün olacaq?
- Əlbəttə ki, Ronaldonun olmaması Azərbaycan millisi üçün üstünlükdü. Amma unutmayaq ki, Portuqaliya yığmasında güclü futbolçular çoxdu. Hazırda heç bir komanda üçün asan yoxdu. Portuqaliya üçün Azərbaycana qarşı asan oyun olmayacaq. Çünki Azərbaycan da komplekt oynamağa çalışacaq. Çox istəyirəm ki, millim qalib gəlsin.
- Bəzi azarkeşlər hətta Portuqaliyanın böyükhesabla qalib gələcəyini də düşünür...
- Yox, bayaq dediyim kimi asan oyun olmayacaq. Portuqaliya üçün Bakıda Azərbaycanı udmaq çətin olacaq. Portuqaliya Azərbaycandan daha yaxşı komandadı. Bunu hamımız bilirik. Amma böyükhesablı qələbə olacaq, necə olacaq, onu bilmirəm, oyunda hər şeyi görəcəyik.
- Azərbaycan Portuqaliya ilə bərabərə qalsa sənin üçün sürpriz olacaq?
- Əlbəttə. Portuqaliya qalib gələ bilməsə və ya uduzsa böyük sürpriz olacaq.