"Portuqaliyanın vurduğu 2-ci qoldan sonra hər şeyi dəyişmək çox çətin idi" - MÜSAHİBƏ

12:44 - 8 Sentyabr 2021

Azərbaycan milli komandasının müdafiəçisi Azər Salahlı Sportal.az saytına müsahibə verib. Müdafiəçi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı(0:3) keçirilən görüş haqda danışıb. 

- Portuqaliya ilə matçda 0:3 hesabı ilə uduzdunuz. Matç sizin üçün necə alınıd?
- Oyuna yaxşı və ciddi hazırlaşmışdıq. Bilirsiz, Portuqaliya ilə matçda yaxşı nəticə qazanmağı hamıdan çox özümüz istəyirdik. Onların gücü də hamıya bəllidi. Heyətində necə güclü və səviyyəli futbolçular çıxış edir, bilirsiz. Amma istədiyimiz alınmadı. Azarkeşlərimizi sevindirə bilmədiyimiz üçün üzgünəm. Hər birinə dəstəyə görə təşəkkürümü bildirirəm.

- Hesabda 0:2 geri düşdükdən sonra komanda sanki dayanmışdı. İlk yarıda 2 qol buraxmağınız inamınızı tamamilə sındırdı?
- Bu suala qısa cavab vermək istəyərdim. Portuqaliyanın vurduğu 2-ci qoldan sonra hər şeyi dəyişmək çox çətin idi. 

- Matçdan əvvəl çoxları Kriştiano Ronaldonun olmamasını millimiz üçün üstünlük hesab edirdi. Ancaq Kriştianonun iştirak etdiyi Turindəki matçda milli 0:1 uduzmuşdu, Bakıda isə 0:3 məğlub oldunuz. Deyəsən, Ronaldonun olmamasının elə də fərqi yox idi?
- Bəli, Ronaldo bu matçda meydana çıxmadı. Amma Portuqaliya yığmasında hər bir futbolçu yüksək səviyyədədi. Ona görə də deyə bilərəm ki, Ronaldonun olub-olmaması fərq etmir.

- Bundan əvvəlki Lüksemburq və İrlandiya matçlarından isə cəmi 1 xal götürə bildiniz. Səncə, 2 matçda daha çox xal toplamağınıza nə mane oldu?
- Biz hər bir oyunda əlimizdən gələni edirik. Milli komandanın uğurlu nəticə qazanması üçün çalışırıq. 

- Azərbaycan millisi bu qrupda sonuncu pilləni tutmamaq üçün nə edəcək və ya nə etməlidi? Görünən odur ki, sonuncu pilləni tutmamaq üçün İrlandiya ilə mübarizə aparacaqsınız. Onları sonuncu pilləyə göndərmək mümkün olacaq?
- Qrupdakı növbəti oyunlarımızın hər biri final oyunu kimi olacaq. Biz maksimum nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik. Allah qoysa hər şey yaxşı alınar.

Xəbər xətti