Azərbaycanlı futbol veteranı Ramal Hüseynov Sportal.az saytına müsahibə verib. Azərbaycan millisinin sabiq üzvü yığmamızın DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliyaya məğlubiyyəti haqda danışıb və qrupdakı qələbə şansını dəyərləndirib.
- Azərbaycan millisi Portuqaliyaya uduzdu. Necə düşünürsən, millimiz Portuqaliyaya niyə uduzdu?
- Sözün düzü çoxları kimi mən də millimizdən Portuqaliya matçında qələbə gözləmirdim. Gözlədiyim möcüzəydi ki, bəlkə 1 xal götürək. O da olmadı. Dünənki oyun yenə göstərdi ki, bizdə futbol deyə bir idman növü yoxdu. Sadəcə illəri yol veririk. Portuqaliya ilə oyunda yuxuda xal götürə bilməzdik. Çünki futbolumuz bərbad gündədi.
- Kriştiano Ronaldonun olmaması da millimizə xeyir vermədi. Halbuki portuqaliyalı ulduzun Bakıdakı matçda meydana çıxmamasını millimizin üstünlüyü kimi hesab edənlər də var idi...
- Ronaldonun olmaması o demək deyil ki, onlar zəifləyəcək. Əksinə çox da gözəl, güclü oyun oynadılar. Komandanın oyunu 1 futbolçunun üzərində qurulmayıb. Ancaq çoxları Ronaldonun olmamasına sevindi. Bir daha sübut olundu ki, futbol komanda oyunudu.
- Azərbaycan millisi 3 matçdan cəmi 1 xal götürdü. Səncə, əsas problem nədi?
- Millimizin 3 oyundan cəmi 1 xal toplaması? Oynadığımız oyunu, futbolumuzun aşağı səviyyədə olmasını nəzərə alsaq, əslində normaldı. Bu cür futbolla heç nə əldə etmək olmaz.
- Bəs nəyi dəyişmək lazımdı?
- Canni De Byazi başda olmaqla böyük dəyişikliklər etmək lazımdı. Milli komandaya canla-başla mübarizə edən futbolçular hazırlamaq lazımdı. AFFA-da oturanları ayıtlmaq lazımdı. Onlara demək lazımdı ki, “bəsdirin, yatdınız oyanın, pulun başını buraxın, futbolu düşünün”. Çünki hər il geriyə, uçuruma gedirik.
- Canni De Byazinin milli komandamızdakı fəaliyyətini necə dəyərləndirirsən?
- Canni De Byazi gəldiyi gündən heç nə ilə yadda qalmayıb. Onun millimizə heç bir xeyri də yoxdu. Bilirsiniz, nəyi gözləyirdilər? Möcüzə olardı, Portuqaliyanı udardılar və deyərdilər ki, görürsüz də De Byazi necə işləyir? Amma dediyim kimi onu heç yuxuda da görə bilməzdilər.
- Azərbaycan milli komandasının bundan sonra qrupda xal və ya xallar qazanacağına inanırsan?
- Bundan sonra millimizdən qrupda heç bir nəticə gözləmirəm. Sadəcə millimizə möcüzə şasnı arzulayıram ki, heç olmasa 1 oyunda qələbə qazanaq.