Yeni nazir, köhnə futbol QEYD

17:44 - 8 Sentyabr 2021

Son illər Avropada az qala hamının futbol oynamağı öyrəndiyi barədə fikirlər xüsusilə axır vaxtlar tez-tez səslənməyə başlayıb azarkeşlər arasında. Nə yazıq ki, hamı dediyimizin arasında biz yoxuq, biz o oynamağı hələ də öyrənməyən azlığın arasındayıq...

 

Əslində, oynamağı bacaran az deyil futbolumuzda. Di gəl ki, meydançadan kənarda! Hərə öz oyununu oynayır. Ölkənin milli komandaları da oyuncaq olub əcnəbilərin əlinə oynayan oyunbazların ucbatından. De Byazi əsas milliylə uduza-uduza gedir, Milan Obradoviç də gənclər millisiylə. Dindirən kimi də cavabları hazırdır – millinin reytinqi aşağıdır.

 

Nə qədər də “dərin” cavabdır, nə yaxşı dedi, biz də öyrəndik ki, reytinqdə aşağılardaymışıq. Nə De Byazi, nə Obradoviç, nə də onlardan qabaq bizi barmağına sarıyan əcnəbilərin heç birində günah yoxdur. Əgər onları işə götürən, yüksək məvacib verənlər onlardan hesabat tələb etmirlərsə, De Byazinin Millətlər Liqasında, Obradoviçin isə U-21 millisinin ötən seçmə tsikldəki uğursuz nəticələrindən sonra yenə onlarla müqaviləni uzadırlarsa, əcnəbilər bizi avam yerinə də qoyacaqlar, hələ o tərəfə də keçəcəklər.  

 

Millilərimizin məğlubiyyətləri sıraladığı bir vaxtda gündəm hadisələrdən biri də yeni gənclər və idman nazirinin təyinatı oldu. Məsələ burasındadır ki, yeni nazir Fərid Qayıbov futbol azarkeşidir, dediyinə görə övladları da futbolla məşğul olur. Millimizin Portuqaliya məğlubiyyəti barədə danışan Fərid bəy futbolumuzun inkişafı ilə bağlı öz fikirlərinin olduğunu dilə gətirib və gələcəkdə bu istiqamətdə AFFA ilə əməkdaşlıq edəcəklərini deyib.

 

Futbolumuzu sevən, uğurlarına sevinib, uğursuzluqlarına üzülən birinin gənclər və idman naziri olması ən azı bir vətəndaş kimi hər birimizi sevindirməli, ümidləndirməlidir. Elə ilk açıqlamasından hiss olunur ki, futbolumuzda baş verənlər barədə təsəvvürü var. Sual ondadır ki, nazirin ümumi gedişata təsiri ola bilərmi? AFFA-da iş elə qurulub ki, bu gün nə De Byazinin, nə də Obradoviçin təyinatında konkret günahkar göstərmək çətindir. Ən azı kağız üzərində adiçəkilən mütəxəssislərlə bağlı qərar İK tərəfindən verilib, yəni ümumi cavabdehlikdir. Və demək olar ki, AFFA-nın hər qərarında oxşar vəziyyətdir. Heç kim məsulliyyəti üzərinə götürmür!

 

Fərid Qayıbov idmanda yeni adam deyil, uzun illərdir ki, bu sahənin içindədir. Təcrübəsi, özünə uyğun iş aparmaq metodları, iş qabiliyyəti var. Onun təyinatı futbol adamlarını da ümidləndirib. Hər halda zaman gedişatı göstərəcək. Sadəcə bir iş var ki, nazir yeni olsa da, futbolumuz köhnədən qalandı. Köhnə kəndə yeni qaydalar gətirmək isə hər dövrdə çətin olub...  

 

Emin ABBASOV

Xəbər xətti