"Bizim vaxtımızda millidə Rəşad Sadıqov kimi lider var idi, milliyə onun kimi insanlar lazımdı"

12:33 - 9 Sentyabr 2021

"Portuqaliya yığmasına qarşı oyun haqda danışmaq çətindi. Çünki rəqib yüksək səviyyədə olan komandadı. Bu komandaya qarşı meydanda oynayan hər bir futbolçu, onlardan xal almağın çətin olduğunu yaxşı anlayırdı. Təəssüf ki, bizim uşaqlarda bu alınmadı".

Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq üzvü Məhəmməd Mirzəbəyov deyib.

İlk dəfə 2015-ci ildə yığma komandamızda debüt etmiş Mirzəbəyov Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçirdiyi görüşü dəyərləndirib. Bununla yanaşı o, yığmanın qrupda cəmi 1 xal toplamasını şərh edib: "Bu cür komandalara qarşı oyunda hər şey yüksək səviyyədə olmalıdı. Əhval-ruhiyyə, konsentrasiya, mübarizə...Yorğunluq, konsentrasiyanın yerində olmaması buraxılacaq qola gətirib çıxara bilər. Xüsusən də Portuqaliya kimi yüksək səviyyəli komanda ilə matçda. Məncə, Portuqaliya Kriştiano ilə və Kriştianosuz da yüksək səviyyəli komandadı. O, komandanın lideridi. Ronaldo oynasaydı, daha çətin olardı.

Məncə, bizim uşaqlar qrupda yenə xal qazanacaq. Ən yaxşısına ümid edək və sona qədər də millimizi dəstəkləyək".

"Azərbaycan millisi sənin oynadığın vaxtda daha güclü idi, yoxsa indi?" sualına bu cür cavab verib: "Bizim vaxtımızda millidə Rəşad Sadıqov kimi lider var idi. Milli komandaya onun kimi insanlar lazımdı. Üstəlik həmin vaxtı millidə yaxşı futbolçular toplanmışdı. Doğrudu, indinin özündə də millidə yaxşı futbolçular var. Baş məşqçi məsələsinə gəlincə, Robert Prosineçki komanda oyununa daha çox önəm verirdi. Buna görə də həmin periodda milli komanda daha maraqlı və hücumameyilli futbol oynayırdı".

 

Xəbər xətti