“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun Türkiyənin adlı-sanlı klublarından olan “Tranzonspor”un düşərgəsinə yollanması, oradakı iş təcrübəsi ilə tanış olması və Abdullah Avcı ilə fikir mübadiləsi aparması maraqlı hadisələrdən oldu. Gənc mütəxəssis Türkiyə səfəri ilə bağlı Sportal.az saytına müsahibə verib.
Ayxan müəllim, futbolçu kimi bir çox ölkələrdə olmusuz. Maraqlıdır ki, məşqçi kimi buna qədər haralarda təcrübə keçmisiz?
İlk dəfə hələ “Qarabağ”ın akademiyasında çalışanda bizi Hollandiyaya aparmışdılar. O vaxt “Utrext”, PSV və “Ayaks” kimi klubların düşərgəsində olmuşduq. Daha sonra Belarusda PRO kurslarında oxuduğum zaman Fransanın “Monpelye” klubuna təcrübəyə getmişdik. Bir həftə həmin komandanın düşərgəsində qalıb bütün məşqlərini və oyununu izləmişdik. Elə PRO imtahanımız da orada olmuşdu.
Bəs, “Trabzonspor”un düşərgəsinə gedişiniz necə alındı?
Klub rəhbərliyinə demişdim ki, imkan olduqca xarici klubların düşərgəsinə baş çəkmək istəyirəm. Klubumuzun prezidenti Riad müəllim sağ olsun, şəxsən Abdullah Avcı ilə danışıb orada təcrübə keçməyimə şərait yaratdı. Mənim üçün çox maraqlı səfər alındı. Həm “Trabzonspor” Türkiyənin dörd böyük klubundan biridir, həm də Abdullah Avcı ölkənin müasir üslubda çalişan ən yaxşı məşqçilərindəndir.
Orada gördüklərinizdən diqqətinizi əsas nələr çəkdi?
Dörd gün “Trabzonspor”un düşərgəsində qaldım və bu müddətdə mənə maraqlı olan əksər mövzular barədə danışmaq imkanım oldu. Marağımı çəkən məsələlərdən biri milli komandadan qayıdan futbolçuların bərpası ilə bağlı idi. Abdullah Avcı ilə söhbətimizdə bu məqama xüsusi diqqət yetirdiklərini mənə söylədi. Çünki Türkiyədə demək olar ki, üç gündən bir oyunlar olur və belədə bərpa prosesi aktual məsələyə çevrilir. Klubun bazasında futbolçuların bərpası üçün çox bahalı aparatlar var və bu istiqamətdə işlər ən yüksək səviyyədə qurulub. İş prinsipləri ilə də yaxından tanış oldum. Komandanın analitiki və fiziki hazırlıq məşqçiləri ilə ayrı-ayrılıqda görüşlərim oldu, fikir mübadiləsi apardıq. Bizdəki iş prinsipləri ilə oradakı arasında oxşarlıq çoxdur. Amma şərait həddən artıq fərqlidir. Elə onu deyim ki, Abdullah Avcının 11 köməkçisi var və hamısı səhərdən axşama qədər sırf məşqçilər üçün nəzərdə tutulan klubun dörd mərtəbəli ofisində olur.
Yəqin ki, çox yaxşı bazaları var?
Bəli, elədir. Müasir tipli bazaları var. 4 məşq meydançası, 2 fitnes zalı. Ən çox diqqətçəkən məqam bazada böyük fizioterapiya mərkəzinin olmasıdır ki, bu da futbolçuların zədədən sonra tez bir zamanda bərpa keçməsində əhəmiyyətli rol oynayır. Şəraitə baxanda da, görünür ki, çox imkanlı klubdur.
Siz də anlayırsız ki, inkişaf sonsuz prosesdir. Futbol bir yerdə dayanmır, hər gün yeni tendensiyalar ortaya çıxır. Yəqin ki, siz də özünüzü gəlişdirmək üçün davamlı olaraq belə təcrübələrə gedəcəksiz. Bizə maraqlı gələn ölkəmizin perspektivli mütəxəssislərindən olan Ayxan Abbasovun hansı klublarda, hansı ölkələrdə təcrübə keçmək arzusunda olmağıdır...
Ən çox Almaniyada olmaq istəyərdim. “Bavariya”nı gedib görmək maraqlı olardı. Bilirsiz ki, onların baş məşqçisi Yulian Naqelsmann gənc olmasına baxmayaraq, istər “Leypsiq”də, istərsə də işlədiyi başqa yerlərdə ortaya səmərəli iş qoyub. İtaliyada “Atalanta”ya getmək istəyərdim. Deyirlər ki, Qasperini taktiki cəhətdən çox savadlı mütəxəssisdir. Amma belə imkan düşdükcə Avropanın digər klublarına da təcrübə üçün getmək planım var.
saytlarin hazirlanmasi