"Əlbəttə ki, nəticələr yaxşı olmayanda rəhbərlik etirazını bildirir" - MÜSAHİBƏ

13:55 - 10 Sentyabr 2021

"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Sportal.az saytına müsahibə verib:

 

- Milli komandaların oyunlarına görə, çempionatda fasilə yaranmışdı. Azərbaycan milli komandasının Lüksemburq, İrlandiya və Portuqaliya oyunlarını yəqin ki, izlədiniz. Hər 3 qarşılaşma haqda fikriniz necədi?  
- Əlbəttə ki, millimizin oyunlarını izlədim. Lüksemburqla oyunda millimizdən hamı kimi biz də qələbə gözləyirdik. Futbolçular əllərindən gələni etdi. Təəssüf ki, uduzduq. Buraxılan 2 qol futbolçulara psixoloji olaraq təsir etdi. Amma Lüksemburqun da inkişafı göz qabağındadı, futbolçuları xaricdə çıxış edir. Hazırda hər rəqibə qarşı oynamaq çətindi. Komandamız İrlandiyaya qarşı daha yaxşı görünürdü. Qalib də gələ bilərdik. İrlandiya səfərindən 1 xal gətirmək də yaxşıdı. Portuqaliya matçına gəlincə, rəqibin heyəti bəllidi, futbolçularının keyfiyyəti, səviyyəsi, hansı klublarda oynaması da məlumdu. Hər halda ancaq ki, sensasiya ola bilərdi. 

- Maksim Medvedev İrlandiya matçında zədələndi deyə futbolçunuz Şəhriyar Əliyev milliyə dəvət edildi. Yeri gəlmişkən, İntizam Komitəsinin Əliyevə verdiyi cəza barədə fikriniz necədi?
- Maksimlə yanaşı bir neçə futbolçumuz oyunu buraxdı. Şəhriyar Əliyev onsuzda millinin üzvü idi, sonradan milliyə dəvət aldı. İntizam Komitəsinin ona verdiyi cəza ilə bağlı soruşursuzsa, 4 oyun mənə görə çox oldu. Çünki orada hakim səhvi də var idi. Bu da futbolçuya pis təsir etdi. İstənilən halda Şəhriyar emosiyalarına hakim olmalıydı. 2 oyun cəza verilsəydi, daha yaxşıydı. 

- Sadio Tounkara komandaya nə vaxt geri dönəcək? Diamant Ramazaninin “Keşlə”yə keçidi niyə baş tutmadı?
- Bəli, Sadio ilə danışırıq. Ola bilər ki, komandamıza qayıtsın. Sadəcə xırda detallar qalıb. Ramazani baxışda oldu. O, uzun zaman idi ki, oynamırdı. Bizim də zamanımız az olduğuna, hazır futbolçu lazım gəldiyinə görə keçid baş tutmadı. O, istənilən formada deyildi.

- Komanda çempionata 2 məğlubiyyətlə başlayıb. Hər 2 oyunda nə çatmadı ki, məğlub oldunuz?
- Doğrudu, çempionata istədiyimiz kimi başlaya bilmədik. Baxmayaraq ki, avrokuboklarda çıxış etmişdik. “Soçi”yə qarşı Bakıda daha yaxşı oynamışdıq. Lakin məğlubiyyətin psixoloji təsiri istər-istəməz üzərimizdə qaldı. Çalışdıq ki, gərginliyi aradan qaldıraq. 2 matçda da oyunumuzda müsbət göstəriləcək detallar var. Sadəcə məğlubiyyət bütün bunların üzərindən xətt çəkir. İstənilən halda qarşıdakı oyunda öz meydançamızda oynayacağıq. Fasilədən də səmərəli istifadə etmişik. Çalışacağıq ki, “Zirə” ilə oyunda göstərə bilək.

- Fasilədən sonra komanda uğurlu çıxış edə biləcək? Sabah “Zirə” ilə oyunlarınız var. Ötən mövsüm ki, kubok oyununa görə matçın gərgin və rəqibin bu matça revanş kimi yanaşacağını ehtimal edirsiz?
- Ötən mövsüm “Zirə” ilə oyunlarımız maraqlı keçdi. Kubok matçında həm evdə, həm səfərdə maraqlı alınmışdı oyunlar, gərgin oldu. Revanş tərəfdən baxacaqlar, bilmərik. Ola bilər ki, ötən mövsümdən qalan aqressiya indiki oyuna təsir etsin. Bu haqda məlumatım yoxdu. Sadəcə olaraq, çempionat oyununa hazırlaşırıq, rəqibimiz də “Zirə”di. Ola bilər ki, hər hansı revanş görünə bilsin.

- Nəticələrə görə rəhbərlik tərəfdən hər hansı narazılıq var sizə? Bu cür davam edəcəyi təqdirdə, sizin üçün hər hansı təhlükə görünür? 
- Əlbəttə ki, nəticələr yaxşı olmayanda rəhbərlik etirazını bildirir. Amma öz dəstəyini də göstərir, normal haldı. Onlar da istəyir ki, nəticələr yaxşı olsun. Klub rəhbəri komandaya həm iradını, həm də dəstəyini göstərməkdədi. Əlimizdən gələni edirik ki qarşıdakı matçlarda uğur qazanaq.

Xəbər xətti