"Düzünü deyim, 100 faiz hazır deyiləm. Mən komandaya yeni gəlmişəm. Amma yenidən oynamaq üçün səbirsizlənirəm. Bu həftə isə yeni komanda yoldaşlarımı görmək və onlarla birlikdə zaman keçirmək üçün yaxşı şans idi".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Səbail"in yeni transferi Nikolas Raysel deyib.
Komandaya yeni qoşulan vinger bu gün ölkə çempionatının 3-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçiriləcək matçda meydanda olacağına ümid etdiyini deyib: "Ümidvaram ki, bu matçda oynayacam. Amma qərarları baş məşqçi verir, mən yox. “Qəbələ”də oynayanda hər zaman “Sumqayıt”a qarşı yaxşı futbol nümayiş etdirdiyimiz yadımdadı. “Sumqayıt” əks-hücumlara yaxşı çıxan komandadı. Biz səbrli oynamalı və meydanın mərkəzində top itirməməliyik. Ki, rəqibə əks-hücum şansı verməyək".
Sloveniyalı futbolçu “Səbail”in avrokubok şanslarını da dəyərləndirib: “Komandada keyfiyyətli keyfutbolçular var. Sadəcə özünəinam lazımdı ki, inkişaf edək, rəqibləri məğlub edək. Komandanın gözəl futbol oynaması üçün hər bir keyfiyyətə malikdi”.