"Qəbələ"nin aparıcı futbolçusu İsnik Alimi Sportal.az saytına müsahibə verib. Yay “transfer pəncərəsi” zamanı “Atalanta”dan ayrılaraq “Qəbələ”yə keçən şimali makedoniyalı futbolçu komandasının çempionatındakı çıxışından danışıb:
- "Sabah"la matçda 2:0 hesabı ilə qalib gəldiniz. Matçla bağlı düşüncələrin necədi?
- Qalib gəlmək istəyirdik, qazandıq. Birinci hissədə çox yaxşı oynadıq, topu yaxşı saxlayırdıq. Amma son dəqiqələrdə rahat deyildik və sanki final ötürməsini əldən verirdik. Qol vurduqdan sonra çox müdafiə olunduq. Yaxşı xarakter göstərdik, bir-birimizə yaxşı kömək edirdik. Əks-hücumda yaxşıyıq, elə ikinci qolumuzu da belə vurduq.
- Hazırda “Qəbələ” 7 xalla ölkə çempionatına liderlik edir. Səncə, liderlər qrupunda qala biləcəksiz?
- Biz çox xoşbəxtik. Amma biz sakitliyimizi qoruyacağıq. Biz qarşıdakı oyunu düşünürük, biri bitdikdən sonra digəri haqda fikirləşirik. Oyundan-oyuna da daha çox xal toplamağa başlayırıq. Doğrudu, qələbə komandaya daha böyük motivasiya verir, yaxşı əval-ruhiyyə qazandırır.
- Komanda növbəti turda “Səbail”lə qarşılaşacaq. Onları evdə məğlub edə biləcəksiniz?
- Bu oyuna çıxmaq üçün 1 həftəmiz var. Qalib gələ biləcəyimizi düşünürük. Qələbə üçün hər şeyi edəcəyik. “Səbail” yaxşı komandadı, yaxşı futbolçuları var. Amma çətin oyun olacaq. Evdə oynayırıq, azarkeşlərimiz qarşısında işimizin öhdəsindən gələcəyinə inanıram.
- Artıq Azərbaycan Premyer Liqasında 3 oyun keçirmisən. Çempionatı bəyənirsən? Azərbaycanda yaşamağı bəyənirsən?
- Doğrudu, Premyer Liqada ilk oyunlar yaxşı alındı, 2 qələbə və 1 heç-heçə etmişik. Bu cür də davam edəcəyimizə inanıram. Meydanda olduğum hər dəqiqədən zövq alıram və hər oyunu oynamaq istəyirəm. Buradakı həyat da yaxşıdı, Bakını bəyənirəm. Çox böyük şəhəriniz var, zamanla gözəl məkanları ziyarət edəcəm.
- “Qəbələ” liderlər qrupunda qalası olsa, sən də daimi oyunlara çıxası olsan, Şimali Makedoniya millisinə dəvət olunmaq şansın artacaq?
- Hər oyunda qələbə qazanmağa çalışacağıq. Bu ritmi qorumaq üçün əlimizdən gələni edəcəyik. Daha sonra harada olacağımıza baxacağıq. İndi mən daima oynamaq və qələbə qazanmaq haqda düşünürəm. Bu çox vacib məsələdi. Daha sonra hər şey yaxşı olacaq.