Ölkə xaricində fubolçu karyerasını davam etdirən azərbaycanlılar o qədər də çox deyil. Avropada çıxış edən azsaylı həmyerlilərimizdən biri Ayxan Cabbarovdu. "Göteborq"un aşağı yaş qruplarında çıxış etdikdən sonra İsveçdə “Sevadelens”ə keçmiş yarımmüdafiəçi Sportal.az saytına müsahibə verib:
- “Sevadelens”da işlərin necə gedir? Hər şey səni qane edir?
- İşlərim yaxşı gedir. Şükür Allaha heç bir problemim, sıxıntım yoxdu. Məşqlərimi edib, oyunları oynayıram.
- Bir müddət əvvəl İsveç mətbuatında aşağı liqada çıxış edən və istedadlı, gələcəyinə ümid bəslənilən oyunçular arasında sən də göstərilirdin. Demək olar ki, İsveç futbolunda diqqətlər üzərində olan gənclərdənsən?
- Bəli, mən “Sevadelens”ə trasfer olunanda, o zaman hələ 17 yaşım var idi. Yəni İsveçin 2-ci liqasında ən gənc oyunçu idim. Doğrudu, haqqımda İsveçin ən oxunan qəzeti olan “Afton Bloget” yazmışdı. Onlar məni ən perspektivli oyunçular sırasında qeyd etmişdilər. Ən gözəli isə adımın qarşısında azərbaycanlı olmağının qeyd edilməsiydi. Məsuliyyətim lap çoxdu.
- İsveç 2-ci liqası hansı klublara, hansı ölkələrə getmək üçün sənə qapı açır? Bu liqa, “Sevadelans” sənin üçün hər hansı tramplin rolunu oynayır?
- Bilirsiz, burada aşağı liqa oyunlarına da maraq çoxdu. Çünki oyunlar çox gərgin gedir. Futbolçulara diqqət daha çoxdu. Çempionat noyabrda sona çatacaq. Klubumla 1+1 şərtilə müqaviləm var. Gələcəkdə hansı kluba keçəcəyimlə bağlı işləri isə agentim idarə edir. Əlbəttə ki, mənim razılığımla. İndi o haqda düşünmürəm, çünki çempionatın qızğın vaxtıdı.
- “Göteborq”un yetirməsi hesab edilirsən. Planların arasında gələcəkdə “Göteborq”un əsas komandasında oynamaq var, yoxsa məqsədin, arzun hansı klubda oynamaqdı?
- Bəli, “Göteborq”un yetirməsiyəm. Hazırda idman gimnazsiyasında 3-cü kursda təhsil alıram. Buradakı məşqçilərimiz “Göteborq”un müəllimləridi. Hərdən onlarla siz deyən məsələ haqda söhbətlərimiz olur. Görək də, Allah qoysa yaxşı olacaq.
- Heç indiyə qədər sənə İsveçin aşağı yaş qruplarından ibarət yığmalarında oynamaq dəvəti gəlib?
- Xeyr, heç vaxt gəlməyib. Lap İsveç yığmasından dəvət gəlsə də, dərhal razılıq vermərəm. Yəni fikirləşərəm, götür-qoy edərəm.
- Karyeranı gənc yaşlarda Azəərbaycanda qurmaq necə, heç ağlından keçib, yoxsa yalnız Avropa klublarında çıxış etmək istəyirsən?
- Bilirsiz, fikirmcə idmanda yaş çox da rol oynamır. Əsas fiziki hazırlıqlı olmaqdı. Mənim üçün harada olmağın fərqi yoxdu, Avropa və ya Azərbaycanda. Yəni istedadın varsa, özünü hər yerdə göstərə bilərsən. O fikirlə də razı deyiləm ki, Avropadan gələn azərbaycanlı futbolçular orada bacarmırlar və sonda Azərbaycandan gedirlər.
- Klubunun sənə verdiyi maaş səni qane edir, yoxsa tramplin rolu üçün maddiyyata fikir vermirsən?
- Klubumla bağladığım müqavilə məni hələlik qane edir. Çox da xərcim yoxdu. Valideynlərim işləyir, kiçik qardaşımın da 10 yaşı var. Mən ailəmə köməklik etməyə çalışıram.
- Azərbaycanın A millisində neçə il sonra oynamağın debüt etməyin mümkündü?
- Əslində, iyulda Azərbaycanın U-19 yığmasına dəvət edilmişdim. Sadəcə, turnirə getmək sənəd məsələlərinə görə alınmadı. O ki qaldı A milliyə, mən özüm də əsas millidə oynamağa iddialıyam. Allah qoysa, ora kimi gəlib çıxaram. Neçə ilə Azərbaycanın əsas millisinə gəlib çıxacam, o, məndəm yox, baş məşqçilərdən asılıdı.