PFL prezidentindən Samir Abasovun təklifinə cavab: "Klubdan əvvəl millini fikirləşməlidi"

16:38 - 13 Sentyabr 2021

"Neftçi"nin baş məşqçisi Samir Abasov "Qarabağ"la oyundan sonra keçirilən mətbuat konfransında legioner limiti ilə bağlı fikirlər səsləndirib.

 

Sportal.az fanat.az-a istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı həm yerli oyunçularla, həm də legionerlərin sayı ilə bağlı limitin ləğvinə müsbət yanaşdığını deyib. Abasov bu barədə belə deyib: 

 

"Bu məsələyə ikiəlli razıyam. Bu günlərdə klub rəhbərliyi ilə danışacam. Xahiş edəcəm ki, bu məsələni qabartsınlar. Limit götürülsə, nəinki "Neftçi"yə, bütövlükdə Azərbaycan futbolu üçün yaxşı olacaq. Həm yaş limiti, həm də legionerlərin sayına qoyulan məhdudiyyət götürülməlidir. Mənim Emin Mahmudov kimi güclü futbolçum varsa, o da oynamalıdır. Ümumiyyətlə, kim güclüdürsə, o da heyətdə yer alacaq. Bu mənim düşüncəmdir".    

 

Açıqlama verən PFL-in prezidenti Ramin Musayev isə "Neftçi"nin baş məşqçisinin bu təklifinə qarşı çıxıb: 

 

"Samir Abasov özü futbolçu olub. Həm məşqçi, həm də insan kimi ona böyük hörmətim var. Amma tək "Neftçi"yə görə limit dəyişə bilmərik. Limit dəyişilsə, yerli futbolçulara yox, legionerlərə üstünlük verilsə, milli komandada kimləri oynadacağıq? Onsuz da yığmaya oyunçu tapılmır. Biz çempionatı milli komanda naminə keçiririk. Samir Abasov və onun kimi yaxşı məşqçilərimiz klubdan əvvəl milli komandanı fikirləşməlidirlər. Sabah milli olmasa, çempionat da olmayacaq. Hər şeyi nəzərə almaq lazımdır". 

Xəbər xətti