"Neftçi"nin müdafiəçisi Voyislav Stankoviç Sportal.az saytına müsahibə verib. "Ağ-qaralar"ın serbiyalı futbolçu komandasının "Qarabağ"la oyunundan, çempionluq titulunu saxlamağın çətinliyindən və legioner limitindən söz açıb. 2015-ci ildən Azərbaycanda çıxış edən Stankoviç milli komandamızda oynamaq şansından da bəhs edib.
- Ölkə çempionatının 3-cü turunda “Qarabağ”la oynadınız və 1:2 məğlub oldunuz. İlk qolu buraxdıqdan sonra sanki komanda yaxşı oynaya bilmədi. Matç haqda nə düşünürsən?
- Biz sadəcə qələbəni “Qarabağ”a hədiyyə etdik. Uşaq səhvlərindən sonra qapımızda 2 qol gördük. İlk yarı 0:2 uduzduq, fasilədən sonra isə dəyişiklik etmək niyyətindəydik. İkinci yarının əvvəlində dərhal qol vuraraq hesab arasındakı fərqi azaltmaq istəyirdik. Bunu etməyi bacardıq. Hesabı bərabərləşdirmək üçün 3-4 yaxşı qol imkanımız var idi. Amma alınmadı. Nə demək olar? Futbol belədir də, hansı komanda daha az səhv edir, həmin komanda da qalib gəlir. Avrokubok, çempionat oyunlarında çox səhvlər edirik. Hazırda yeni heyətimiz, yeni futbolçularımız var, yeni gənclərimiz var. Onlar da şans qazanır. Futboldur, irəliyə getmək lazımdı. Necə olacaq, görəcəyik. Sadəcə təəssüf ki, bu cür qollar buraxırıq, belə səhvlər edirik. Gələcəkdə hər şeyin daha yaxşı olacağına ümid edirəm.
- “Neftçi” son ölkə çempionu olsa da, evdə çempionluqda əsas namizəd olan “Qarabağ”a uduzdunuz. Bu 2 qat zərbə oldu sizə?
- Son mövsüm yaxşı futbol nümayiş etdirib, layiqli çempion olduq. Bu mövsüm necə olacaq, görəcəyik. Əlbəttə ki, hər zaman çətin olacaq. Hələ ki, mövsümün əvvəlidi və 3 tur geridə qalıb. Qarşıda hələ çox oyun var. Ümid edirəm ki, yeni futbolçularımız, gənclərimiz tezliklə oyunumuza öyrəşərlər. Ümid edirəm ki, növbəti matçdan daha yaxşı və səhvsiz oynamağa başlayacağıq. Qalib gələrək, hər növbəti oyuna baxmaq lazımdı.
- Yeni transferlər komandaya güc qata bilib?
- Bəli, dediyim kimi yeni transferlərimiz var. Ümidvaram ki, onlar bizə kömək edəcək. Sadəcə bizim indi yeni komandamız var. Ötən mövsümdən 5-6 futbolçu qaldı, 3-4 yaxşı futbolçumuz getdi komandadan. Həm yerli, həm də legioner futbolçuları deyirəm. Zaman lazımdı.
- Növbəti turda “Keşlə” ilə oynayacaqsınız. Rəqibinizin cari mövsüm xal qazanmadığını nəzərə alsaq, “Neftçi”nin bu matçda qələbə qazandığını düşünmək olar?
- Ümidvarıq ki, daha yaxşı oynayıb, meydana qələbə üçün çıxıb, qələbələr qazanmağa başlayacağıq. Əlbəttə ki, “Qarabağ”la oyundakı səhvləri etməsək.
- Uzun zamandır ki, Azərbaycanda çıxış edirsən. AFFA-dan dəvət gəlib sənə? 29-30 yaşında olsaydın səncə, AFFA sənə milliyə cəlb etmək üçün dəvət göndərərdi?
- Doğrudu, uzun müddətdir ki, Azərbaycanda oynayaram. Mən Azərbaycanı çox sevirəm. Ona görə də illərdi ki, burada qalıram və burada oynayaram. Azərbaycanda mənə hər şey xoşdu, xalqı, ölkəni çox sevirəm. Burada hələ oynamağa davam edəcəm. AFFA-dan təklif məsələsinə gəlincə, 1 il əvvəl söhbətlər var idi. Ancaq konkret heç nə olmadı. Ona görə də bu haqda heç nə deyə bilmərəm. Mənim əsas vəzifəm daima sağlam olub, öz ustalığımı, səviyyəmi göstərib, komandaya kömək etməkdi. Çünki mən peşəkar futbolçuyam, bu mənim işimdi.
- Hazırda Azərbaycan çempionatında legioner limit var. Bu çıxışınıza necə təsir göstərir? Samir Abasov limiti ləğv etməyin yaxşı olduğunu bildirib. Sən bu haqda nə düşünürsən?
- Bəli, legioner limiti var, 5 yerli, onlardan 1-i də gənc olmalıdı. Çoxdandır ki, belə oynayırıq Azərbaycanda. Bilmirəm, bu yaxşı təsir göstərir ya, yox. Hələ ki, hansısa böyük fərq görmürəm. Çünki uzun illərdi ki, Azərbaycan millisi yaxşı nəticə vemrək istəyir, hələ ki, alınmır. Azərbaycanlı futbolçular üçün hansısa tərəfdən yaxşıdı. Amma digər tərəfədən ən böyük çempionatlara, İngiltərə, Fransa, İtaliyaya baxın, orada limit yoxdu, 11 legioner də oynaya bilər. Şəxsən fikrimcə, limit məsələsi Azərbaycan futbolunun xeyrinə işləmir. Çünki əgər yaxşı futbolçusansa, limit oldu, olmadı əsas heyətdə oynayacaqsan. Bəzən isə futbolçu layiq olmasa da, bilir ki, limit var və onsuzda oynayacaq. Çünki 5 yerlidən 1-i olmalıdı. Belədə, yaxşı olmayan heyətlər də alınır, hətta yaxşı oynamayan futbolçu meydana çıxır. Düşünürəm ki, ən yaxşısı limiti ləğv etməkdi. Ancaq illərdi belə oynayırıqsa, demək belə də oynamağa davam edəcəyik, yəni limitlə. Gələcəkdə görək də necə olacaq.