“Qarabağ” formasını geyinmiş Ansi Aqolli Sportal.az saytına müsahibə verib. Uzun illər Ağdam klubunda oynamış albaniyalı 1 il əvvəl futbolçu karyerasını başa vuraraq, ABŞ-da təsis etdiyi akademiyada çalışmağa başlayıb. Saytımıza müsahibə verən Aqolli “Qarabağ”ın Konfrans Liqasındakı şanslarını dəyərləndirib:
- “Qarabağ” bu gün Konfrans Liqasının qrup mərhələsinin ilk turunda “Bazel”lə oynayacaq. Səncə, “Qarabağ”ın bu oyunda qələbə qazanmaq şansı var?
- “Bazel” güclü rəqibdi. Onlar daima Çempionlar Liqası və ya Avropa Liqasında mübarizə aparır. Onların gənclər üçün çox yaxşı sistemi var. Əsas komandanın yaxşı maliyyə dəstəyi var. "Bazel" uzun illərdi ki, İsveçrənin ən yaxşı komandalarından biridi. Oyuna gəlincə, hər şey mümkündü. Doğrudu, hazırda "Bazel"in də ən yaxşı vaxtı deyil. Amma istənilən halda güclü rəqibdi. Evdə oynaması “Qarabağ”a az da olsa üstünlük qazandırır. Necə olacağını görəcəyik.
- “Qarabağ”ın hazırda yeni futbolçuları az deyil, heyət yenidən qurulur. Bu barədə fikrin necədi?
- Mənə hələ də “Qarabağ”da olan sistemi bəyənirəm. Heç nə dəyişməyib. Uzun illərdi olan sistemdi. Bu da “Qarabağ”ın əsas silahıdı.
- Komanda uzun illərdi ki, qrup mərhələsində oynasa da, 13 oyundur ki, qalib gələ bilmir. Səncə, bu nə ilə bağlıdı?
- “Qarabağ” daim avrokuboklarda oynayır. Son ildə isə onlar ölkədən kənarda oynadı. Bu dəfə isə “Qarabağ” Bakıda oynayacaq, öz azarkeşləri qarşısında olacaq. Unutmayın ki, azarkeş dəstəyi “Qarabağ”a böyük motivasiya qazandırır. Əminəm ki, həmin dəstək “Bazel”lə oyunda “Qarabağ”a keçəcək.
- Sabiq komandanın son qələbəsində sən də iştirak etmisən. PAOK-a qarşı Bakıdakı oyunu xatırlayırsan?
- Yadımdadır ki, PAOK-la oyunda dominantlıq edirdik. İlk dəqiqədən sona qədər çox yaxşı oynayıb, layiqli şəkildə qalib gəlmişdik. PAOK-a 2:0 yox, daha böyük hesabla qalib gələ bilərdik. Çünki qol vurmaq üçün şanslarımız var idi. Azarkeşlərin dəstəyi də həmişəki kimi yüksək idi.
- Artıq futbolçu karyeranı başa vurmusan. Maraqlıdı, “Qarabağ”da məşqçi kimi işləmək təklifi edilsə, Qurban Qurbanov səni məşqçilər korpusunda görmək istəyərsə, hansı cavabı verərdin?
- Əsas qayda belədir ki, “Qarabağ”a heç vaxt yox demə”(gülür). Qurban Qurbanova görə həmin təklifi məmmuniyyətlə edərəm. O, Azərbaycanda məşqçilik üçün futbol əlifbasıdı. Siz Qurban Qurbanovdan çox şey öyrənə bilərsiniz.
- “Qarabağ” “Bazel”ə qarşı ev oyununu BOS-da keçirəcək. Çoxları bu stadionu “Qarabağ” üçün düşərli olmadığını bildirir. Sən necə, komanda üçün BOS-un yoxsa, Tofiq Bəhramovun düşərli stadion olduğunu düşünürsən?
- Düzü, mən oynayan vaxtı Tofiq Bəhramovda oynamağı daha çox sevirdim. İndi komandada yer alanlardan da Tofiq Bəhramovda oynamağı sevənlərin olduğunu düşünürəm. Bu stadionda atmosfer daha emosional olur. Yəni azarkeşləri çox yaxından hiss edirsiniz, dəstəyi konkret hiss edirsiz. Amma istənilən halda BOS da yaxşı stadiondu.
- “Qarabağ” “Bazel”, “Omoniya” və “Kayrat” klublarının yer aldığı qrupdan çıxa bilər?
- “Qarabağ”ın növbəti mərhələyə çıxıb-çıxmayacağını bilmirəm. Amma bunun üçün şans var və risk etmək olar. Təbii ki, hər dəfə növbəti oyunu düşünmək lazımdı, yəni oyundan-oyuna.Hər oyundan maksimum istifadə etməlidirlər.