Azərbaycan millisinin sabiq futbolçusu: "Ötən illər ərzində uşaq futboluna diqqət etmək lazım idi" - MÜSAHİBƏ

16:10 - 17 Sentyabr 2021

Azərbaycan milli komandasının sabiq futbolçusu, “Spartak”, ÇSKA, “Terek” klublarında oynamış Deni Qaysumov Sportal.az saytına müsahibə verib. 1995-1998-ci illərdə milli komandamızın aparıcı oyunçularından olmuş Qaysumov Azərbaycan futbolunun durumunu da dəyərləndirib.

- Hazırda nə işlə məşğul olursunuz?
- Çeçenistan Respublikasında yaşayıram, burada çalışıram. Respublika çempionatında çıxış edən komandanın baş məşqçisiyəm. 

- “Terek”in sabiq kapitanısınız, 2004-cü ildə isə Çeçenistanda “ilin adamı” seçilmişdiniz. Maraqlıdı, “Axmat”dan sənə məşqçi və ya futbol funksioneri kimi çalışmaq təklifi gəlməyib?
- Əslində “Terek”də işləmişəm. 2007-ci ildə isə komandadan ayrılmağa məcbur idim. Yəni görüşlərimiz üst-üstə düşmədi deyə, ayrıldım.

- Azərbaycan futbolu ilə necə, maraqlanırsınız? Futbolumuzun hazırki durumu haqda fikriniz necədi?
- Həmin vaxtlarda şərait hamımız üçün çox çətin idi. Azərbaycan millisinə kömək olmağa gəlmişdim. Həm də yeni səviyyəyə yüksəlmək istəyirdik. O vaxtki şəraitin yüksək olmamasına rəğmən, Azərbaycan xalqını və azarkeşlərini sevindirməyə çalışırdıq. Futbolçu seçimi yüksək idi, millidə əla oyunçular var idi. Onlarla birlikdə oynayıb, vaxt keçirdiyimə görə şadam.

- Sizcə, Azərbaycan futbolunun əsas problemi nədi?
- Problemlər çoxdu, onları həll etmək lazımdı. Ötən illər ərzində uşaq futboluna diqqət etmək lazım idi. Çox və uzun-uzun danışmaq olar. Amma istənilən halda AFFA bunu etməlidi. Öz yetirmələrin, oyunçuların olmadan uğurlu nəticə qazanmaq çətindi.

- Azərbaycan millisinə Canni De Byazi dəvət edilsə də, görünən odur ki, o da yığmaya kömək edə bilmir...
- Canni De Byazi əslində çox təcrübəli məşqçidi. Məncə, o, Azərbaycan millisinə kömək edəcək.

- Heç indiyə qədər sizə AFFA-dan, Azərbaycandan sizə məşqçi kimi işləmək təklifi edilib, yoxsa heç yada salmayıblar səni?
- Kazbek Tuayev və AFFA-ya təşəkkür edirəm ki, bir neçə il əvvəl məni dərslərə dəvət etdilər və mən də məşqçi lisenziyasını ala bildim. Dərslərdən sonra Bernardn Lippert mənə gənclər yığmasında çalışmağı təklif etmişdi. Amma bu təklif elə söz olaraq da qaldı. Sonradan isə təklif olmadı. Milli komandanın oyunlarına qonaq kimi dəvət etmişdilər. Bu özü də xoşdu. Ümidvaram ki, məni xatırlayırlar. Hətta ötən il doğum günümü də təbrik etmişdilər. 

- “Qarabağ” Konfrans Liqasının qrup mərhələsində “Bazel”lə qarşılaşdı və 0:0 oynadı. “Qarabağ”ın qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsiniz?
- “Qarabağ” qrupdan çıxacaq. Buna əminəm. “Bazel” çox güclü komandadı, amma onlarla layiqli bərabərlik əldə etdilər. Üstəlik “Qarabağ” yaxşı futbol oynadı. “Qarabağ” Azərbaycan futbolunun flaqmanıdı. Həqiqətən də bu kluba görə, Azərbaycanın belə bir komandası olduğuna görə şadam.  

- "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla millidə oynamısınız. Onu futbolçu kimi necə xatırlayırsınız? 
- Doğrudu, Qurbanla millidə birlikdə oynamışıq. O zamanların ən yaxşı hücumçularından idi. İndiki futbolçulara öyrədəcəyi çox şey var.

- Necə düşünürsünüz, Azərbaycan millisinin uğurlu çıxışı üçün nələri dəyişmək lazımdı?
- Bayaq dediyim kimi, hər şeyi lap əvvəldən başlamaq lazımdı. Əvvəl deyəndə, aşağı yaş qruplarını demək istəyirəm. Azərbaycan futbolunun özünün uşaq futbolu üçün planı və inkişafı olmalıdı. Məhz o zaman hər şey yaxşı olacaq.

- Yeri gəlmişkən Rusiya futbolunun yetirməsi “Zenit”in sabiq futbolçusu Ramil Şeydayev qol vura bilmədiyinə görə, bəlkə ən çox tənqid edilən futbolçulardandı. Sizcə, o, Rusiyada qalsaydı indi daha yaxşı durumda olardı?
- Əlbəttə, Ramil “Zenit”də qalsaydı, daha güclü olardı. Azərbaycan millisinə də daha çox xeyir verə bilər. Ümidvaram ki, Ramildəki eniş dayanacaq və o, öz oyunu ilə hamımızı sevindirəcək.

Xəbər xətti