“Qəbələ”nin 23 yaşlı futbolçusu Rövlan Muradov Sportal.az saytına müsahibə verib. Premyer Liqanın 4-cü turu çərçivəsində, komandasının “Səbail”ə 5:0 qalib gəldiyi oyunda qollardan birinə imza atan Muradov həm matç haqda danışıb, həm də milli komandada oynamaq iddiasından söz açıb.
- “Qəbələ” Premyer Liqanın 4-cü turunda “Səbail”ə 5:0 hesabı ilə qalib gəldi. Bu cür nəticə gözləyirdiz?
- Şadam ki, ev oyunumuzda bu cür inamlı qələbə qazandıq. Matça çox inamlı, istəkli, yüksək motivasiya ilə çıxmışdıq. Fikrimcə, layiqli qələbə qazandıq.
- Hazırda liderlər qrupunda yer almısınız. Yəqin ki, indiki mövqe sizi razı salır? Bu yerdə qalmaq mümkün olacaq?
- Hər bir komanda yüksək yerlərdə qərarlaşmaq istəyər. Ancaq bununla rahatlaşmaq da olmaz. Baş məşqçimiz özü də bunu hər dəfə deyir. Hələ heç nə etməmişik. Qarşıda uzun yolumuz var, çox oyun var. Sona kimi vuruşacağıq.
- “Səbail”lə matçda cərimə zərbəsindən fərqlənərək mövsümdə ilk qolunu vurmuş oldun. Tez-tez cərimə zərbələrindən fərqlənirsən. Hər halda cərimə zərbələrindən fərqlənə bilməyini özün üçün üstünlük hesab edirsən...
- Mövsümdəki qol hesabımı açdığıma görə çox sevindim. Təbii ki, cərimə zərbələrindən fərqlənə bilməyim üstünlüyümdü. Komandada hər kəs mənim cərimə zərbələrimə güvənir. Bu da məni sevindirir, daha böyük motivasiya verir.
- Əsas heyətdə oynayırsan. Bu mövsüm yerli liqada çox oyun keçirərək, mövsüm sonunda bu yay xaricə yollanmış digər futbolçularımız kimi sən də ölkə xaricinə yollanmaq fikrin var?
- Məşqçilər korpusuna təşəkkür edirəm, mənə güvənir, etibar edir. Mən də verilən şansdan maksimum istifadə etməyə çalışıram. Hər oyunda qol vurmaq, assist etməklə yaxşı oyun göstərmək istəyirəm. Belə imkan yaranarsa, bundan da istifadə etməyə çalışacam.
- Milli komandanın son toplanışına dəvət alsan da, yekun siyahıda yox idi adın. Toplanış vaxtı Canni De Byazi ilə dialoqunuz olmuşdu? Səncə, vurduğun qollar, assistlər milliyə yolunu açacaq?
- Bəli, Canni De Byazi ilə dialoqumuz oldu. Ötən mövsüm “Neftçi”yə cərimə zərbəsindən vurduğum qol haqda danışdı. Həmin an stadionda olduğunu bildirdi. Şans hər zaman var. Daha da artıq işləməliyəm ki, milli komandaya dəvət alım. Nə zaman dəvət edilsəm, canla-başla millidə oynamağa, hər oyunda sona kimi mübarizə aparmağa hazıram.
- Bu mövsümki çıxışınızdan sonra artıq çoxlarında belə fikir yaranıb ki “əvvəlki “Qəbələ” qayıdır”. Həqiqətən bunu edə biləcəksiz, yoxsa çətindi iddialı “Qəbələ”ni qaytarmaq?
- Allah qoysa, hazırki cavan, istəkli heyətimizlə qaytararıq. Buna hər kəs, komanda özü də inanır, güvənir. Əla kollektivimiz, möhkəm birliyimiz var. Məhz bunların sayəsində həmin vaxtları qaytaracağıq.