"Əslində "Cəbrayıl" komandasını yaratmaq çoxdanki arzumdu. Hələ futbolçu dönəmində bu haqda həmişə düşünürdüm. Yəni, bunun arzusunda olmuşam".
Bu sözləri Sportal.az saytına açıqlamasında milli komandamızın sabiq futbolçusu Cavid Hüseynov deyib.
O, yeni yaratdığı klubun prezidenti olacağını da gizlətməyib. Bununla yanaşı "Cəbrayıl"ın plan və məqsədlərindən söz açıb: "Klub prezidenti kim olacaq? Yəqin ki, elə özüm olacam. Regional Liqada oynamaq fikrimiz var. Cəbrayıl Rayon İcra başçısı olan Kamal Həsənov və AFFA-nın baş katibi Elxan Məmmədovla da görüşdüm. Onlar da dəstək olacaqlarını bildirib. Cəbrayılda uşaq futbol akademiyası da açmaq istəyirəm.
Təbii ki, planlarımız böyükdü. Gələcəkdə oyunlarımızı Cəbrayılda keçirmək niyyətindəyik. Hələ ki, Bakıda stadion axtarırıq. Yaxın vaxtlarda məsələlər öz həllini tapacaq.Cəbrayılda da işlər gedir, şəhərin qurulması, stadionun tikilməsilə yönündə gedən işləri deyirəm. Zamana ehtiyacımız var. Allah qoysa, zamanla ora köçəcəyik. Düzü, sponsorumuz yoxdu. Sadəcə yaxın insanlar var ki, onlar kömək edir. Çünki onlar da bilirdi ki, "Cəbrayıl"ı yaratmaq arzum idi".
"Həmişə məşqçi olmaq niyyətində olmuşam. Hələ ki, futbolçu kimi dəvət gəlməyib. Necə olacaq, görəcəyik. "Cəbrayıl"ı çalışdırmaq? Hər şey ola bilər. Tələsməyək, görək proseslər necə gedir" - deyə, Cavid Hüseynov fikirlərini yekunlaşdırıb.