"Pierikos"a keçən futbolçumuz: "Yunanıstana çarəsizlikdən gəlməmişəm" - MÜSAHİBƏ

16:12 - 19 Sentyabr 2021

Bu yay Azərbaycanı tərk edərək legioner həyatı yaşamağa üstünlük verən futbolçular az olmadı. Mahir Emreli, Namik Ələsgərov və Vüsal İsgəndərlidən sonra Tural Bayramlı Yunanıstana yollanaraq “Pierikos”la müqavilə imzaladı. Yunanıstan birinci divizionun çıxış edəcək kluba keçən və artıq kollektivlə məşqlərə başlayan Bayramlı Sportal.az saytına müsahibə verib:

- “Pierikos”a keçidin necə baş tutdu?
- Menecment sahəsində neçə ildir ki, eyni adamlarla işləyirəm. “Dauqavpils”ə gedəndə, yerli klublarla anlaşanda da onlar hər zaman mənə dəstək olub. İndi də onların köməyilə bu fürsət ortaya çıxdı. Əslində Yunanıstan variantından öncə digər ölkələrin klubları ilə də danışıqlar oldu. Hər dəfə nələrsə alınmırdı. Həm də bilirsiz, pandemiya məsələsi olandan bəri Avropaya getmək çox çətinləşib. Elə Yunanıstana getməyim də çətinliklə alındı. Viza işində mənə köməklik göstərən AFFA rəhbərliyinə təşəkkür edirəm. Halbuki keçidim alınmaya da bilərdi.

- Bəs, Yunanıstan klubunda səni necə qarşıladılar? Yaradılan şərait və maddi şərtlər səni razı salır?
- Məni öncə Afinada klub nümayəndəsi qarşıladı. Paytaxtda tibbi müayinədən keçdim, ardınca isə Kateriniyə yola düşdük. Kiçik şəhər olsa da, çox gözəldi. Salonikidən demək olar ki, yarım saatlıq yoldu. Baxımlı, 5 minlik tutumu olan stadionu var. Hara gedirsən, hamı idmanla məşğul olur, hamı futboldan danışır. Hələ ki, oteldə qalıram, yaxın zamanda evə köçəcəm. Maddi şərtlərə gəlincə, demək olar ki, “Zirə”də aldığım maaşa gəlmişəm bura. Heç pul məsələsi indiki durumda mənim üçün o qədər də vacib deyil.

- Yəqin ki, artıq kollektivlə məşq etmisən. Öz komandan haqda hansı fikirdəsən və səncə, əsas heyət üzvü olmaq şansın yüksəkdi?
- Kifayət qədər güclü komandamız var. Afrika, balkan ölkələrindən legionerlərimiz çıxış edir. Yerli futbolçuların bir çoxu isə əvvəl yüsək liqada çıxış edib. Bilirsiz, Saloniki ölkənin 2-ci şəhəridi. Yüksək liqada isə şəhəri təmsil edən cəmi 2 klub var. Odur ki, Salonikidən, futbolçular çox böyük məmmuniyyətlə Kateriniyə gəlir.

- Hər halda adaptasiya sarıdan çətinlik çəkməyəcəyini gözləmək olar. Çünki ilk legioner həyatın deyil, bundan əvvəl Latviyada oynamısan...
- Məndə heç vaxt adaptasiya, darıxmaq problemi olmayıb. Hələ yeniyetmə vaxtlarımdam “Əlincə”də çıxış edirdim, çox vaxt evdən uzaq qalırdım. Heç o vaxtı Latviyadan da ayrılmaq istəmirdim. Sadəcə, “Dauqavpils”də həmin dönəmdə problemlər çox idi. Nəinki legionerlər, hətta yerli futbolçuların çoxu klubdan ayrılmışdı. Viza bitiminə qədər Latviyada digər klubla danışıqlar aparmışdım, amma oradakı danışıqlar alınmadığına görə Azərbaycana qayıdıb, “Keşlə” ilə müqavilə imzalamışdım.

- Azərbaycan klublarından birinə keçməyinə nə mane oldu? 
- Hələ mövsüm bitməmiş özüm üçün qətiləşdirdim ki, yenidən Avropada oynamaq istəyirəm. Yəni, Yunanıstana çarəsizlikdən gəlməmişəm. İnanın, ötən mövsüm “Zirə”dən təklif gələndə elə şərtlə müqavilə bağladım ki, yəni, yaxın zamanda xaricdən təklif gəlsə, komandanı tərk edə bilərəm. Amma düzünü desəm, keçən ildən fərqli olaraq bu yay hansısa konkret təklif olmadı. İki komanda ilə danışıqlar oldu, vəssalam.

- Necə düşünürsən, Yunanıstan 1-ci divizionunda oynayaraq Azərbaycanın əsas millisinə dəvət almaq mümkündü?
- Mənə görə əsas neçənci liqada oynamaq deyil, necə oynamaqdı. Vaxt var idi millimizdə Almaniyanın 4-cü liqasından futbolçular çıxış edirdi. Millidə oynamağı kim istəməz? Hadisələri qabaqlamaq istəmirəm. Əvvəl “Pierikos”da möhkəmlənib, irəli getmək lazımdı.

- Bu yay ölkə xaricinə gedən futbolçularımızdan biri də sən oldun. Mahir Emreli daima diqqət mərkəzindədi, Namik Ələsgərov da həmçinin. Vüsal İsgəndərlini də tez-tez yada salırlar. Bəs sən özün necə, Yunanıstanda oynayaraq diqqətləri üzərinə çəkib, özünü yaxşı mənada reklam edə biləcəksən?
- Bilirsiz, futbolçunun ən gözəl reklamı onun statistikasıdı. Elə olurdu ki, futbolçular böyük, adlı-sanlı klublara gedirdi, lakin oynamırdı. Adı çəkilmiş futbolçuların uğurlarına mən də sevinirəm. Hər üçü daha da yüksək səviyyədə oynamağa layiqdi. Hər biri anlayır ki, getdiyi yerdə ölkəni təmsil edir. Bizim necə oynamağımızdan, özümüzü aparmağımızdan asılı olaraq elə oradakı insanlarda ölkəmiz haqda təəssüratı formalaşacaq.

- İlk turda səni meydanda görəcəyik?
- Çempionat oktyabrın ilk həftəsində start götürəcək. Qaldı ki, oynayıb-oynamayacağıma, bura o qədər yol qət edib, ehtiyatda oturmaq üçün gəlməmişəm. Məşqlərdəki əziyyətimlə əsas heyətdə yer etmək niyyətindəyəm.

 

Xəbər xətti