"Neftçi”nin sabiq futbolçusu Erik Fabian Ramos Sportal.az saytına müsahibə verib. “Neftçi”də uzun illər çıxış etmiş, hazırda isə Paraqvayda 2-ci liqada oynayan təcrübəli futbolçu "ağ-qaralar"ın heyətində keçirdiyi ən unudulmaz oyunundan da söz açıb:
- “Neftçi”də uzun illər çıxış etmiş legionerlərdənsən. Yəqin ki, komandanı indi də izləyirsən, oyunlarına baxırsan?
- Təbii ki, bu, belədi. “Neftçi”ni həmişə izləyirəm. Sosial şəbəkələr vasitəsilə daim “Neftçi”ni diqqətdə saxlayıram. Canlı baxmasam da, komandanın keçirdiyi oyunların videoicmalını görürəm, onlarla birlikdə həyəcanlanıram. "Neftçi"nin yenidən çempionluq mübarizəsində görmək xoşdu. Ümidvaram ki, onlar yenə də titul sahibi olacaq.
- Komanda ötən mövsümə qədər uzun illər çempionatda qızıl medallara sahib çıxan "Qarabağ"ın hegemonluğuna son qoydu. Yəni, deyirsən bu mövsüm də titulu qoruyub-saxlayacaqlar?
- Açığı, mənim üçün sürpriz deyildi. Çünki “Neftçi” əla komandadı. Bu komanda daim iddialı olub, hər il çempionluq uğrunda mübarizə aparıb. İndi də belə olması mənim üçün sürpriz sayılmır. Onların yenə də yüksəkdə olacağını arzulayıram.
- Ölkə çempionatından fərqli olaraq, komanda avrokuboklarda uğursuz çıxış etdi. "Neftçi" Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının təsnifat mərhələlərində oynasa da, heç birində qruplara qalmağı bacarmadı. Bunu nə ilə əlaqələndirirsən?
- Avrokuboklarda iş daha da çətindi. Rəqib güclü olanda onlara qarşı oynamaq, uğur qazanmaq daha da çətinləşir. "Neftçi" hansısa anlarda rəqabətə daha hazır olmalıdı. Məncə, onların gələcəkdə avrokuboklarda yenidən qrup mərhələsinə düşəcəyinə inanıram.
- Maraqlıdı, 4 illik “Neftçi” karyeranda əzəli rəqiblər – “Xəzər Lənkəran” və “Qarabağ”dan təklif almışdın?
- Xeyr, heç vaxt “Qarabağ” və “Xəzər Lənkəran”dan təklif almamışdım. Bu klublardan təklif gəlsəydi belə, çətin olacaqdı. Çünki “Neftçi”dəki insanlarla artıq bütünləşmişdim.
- Hazırda “Neftçi”də Paraqvaydan Sezar Meza Kolli oynayır. Onun barəsində hansı fikirdəsən? Yeri gəlmişkən, Sezarın Azərbaycan millisində oynamaq ehtimalı da var idi..
- Sezar əla futbolçudu. O, uzun illərdi ki, Azərbaycanda çıxış edir. Ölkə kubokunun da sahibidi. İnd isə ölkənin ən yaxşı komandalarından birində oynayır. Ümidvaram ki, Sezar çempionatda qalib gəlməyə davam edəcək. Əgər Azərbaycan millisindəki çıxışı gerçəkləşərsə, yığma üçün əsl kömək olacaq.
- “Neftçi”dəki 4 illik karyeranda ən unudulmaz matç, anlar hansıdı?
- “Neftçi”də çox yaxşı, unudulmayacaq xatirələrim var. Həqiqətən də unudulmaz 4 il idi. Təbii ki, ən gözəl və unudulmaz xatirələr Kiprdəki oyunla bağlıdı. APOEL-i udaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdıq. Həqiqətən də əla anlar idi. Hansı ki, mən həmin anları heç vaxt unutmaram.