"Sabah" heyətini təcrübəli serbiyalı forvard Petar Şkuletiçlə gücləndirdi. Petar "Partizan", "Lokomotiv", "Gənclərbirliyi", "Sivasspor"dan savayı "böyük beşlik"də də çıxış etməyə macal tapıb. 2018-ci ildə "Gənclərbirliyi"dən ayrılan serb Fransa təmsilçisi "Monpelye"yə keçib. Şkuletiç Fransa Liqa 1-də oynadıqdan sonra Azərbaycana gəlmiş 19-cu legionerdi. Yeri gəlmişkən, 31 yaşlı hücumçu "Sabah"da, Fransa Liqa 1 təcrübəsini görümş 2-ci legionerdi. Ondan əvvəl isə Kevin Kubemba Masazır klubunda çıxış etmişdi. Hazırda isə çempionatımızda 31 yaşlı hücumçudan savayı Fransa liqasında oynamış futbolçu yoxdu. Sportal.az Şkuletiçdən əvvəl isə həm Fransa Liqa 1-də, həm də Azərbaycan Premyer Liqasında oynamış legionerləri təqdim edir:
Kevin Kubemba ("Lill")
Ötən mövsüm "Sabah"da oynamış Kubemba Masazır təmsilçisindən əvvəl "Səbail"də çıxış etmişdi. "Amyen" yetirməsi Azərbaycana gələnə qədər Fransa Liqa 1-də çıxış edib. O, ilk dəfə 2014/2015 mövsümündə 21-ci turda “Loryen”lə (0:1) görüşün 17-ci dəqiqəsində meydana daxil olaraq Liqa 1-də debüt edib. Həmin mövsüm daha 7 görüşdə meydana çıxan konqolu Liqa 1-də oynadığı 8 matçda qol vura bilməyib.
Omar Kalabane ("Oser")
2012-ci ildə "Qəbələ"yə keçmiş Kalabane Azərbaycana gəlməmişdən əvvəl Fransa Liqa 1-də oynamışdı. 39 yaşlı “Oser”in heyətində 2005/2006 mövsümündə oynayıb. Fransa Liqa 1-in birinci turunda “Strasburq”la oyuna çıxan qvineyalı ilk oyundaca qırmızı vərəqə almışdı. Kalabane 2005/2006 və 2006/2007 mövsümü daxil olmaqla ümumilikdə Fransa yüksək liqasında 20 oyuna çıxıb.
Kristian Kuaku ("Kan")
"Qəbələ"yə böyük ümidlərlə cəlb edilsə də, özünü heç cürə göstərə bilməyən Kristian Kuaku heç nə ilə yadda qalmamışdı. Bölgə klubundan göndərilən forvard “Kan”ın heyətində Fransa Liqa 1-də ümumilikdə 25 oyuna çıxıb. 2015/2016 mövsümündə “Reyms”lə matçda Liqa 1-də debüt edən Kuaku “Monako” ilə 2:2 başa çatan matçda komandasının qollarından birinə imza atmışdı. 2017/2018 mövsümündə isə “Kan”ın heyətində Liqa 1-də 19 oyun oynamış forvard 1 qol vurmuşdu.
İbrahima Banqura ("Trua")
2011-ci ildə “Konyaspor”dan “Xəzər Lənkəran”a keçən hücumçu, Azərbaycana gəlməmişdən 10 il əvvəl, yəni 2001/2002 mövsümündə “Trua”nın heyətində Liqa 1-də debüt etmişdi. Banqura Fransa yüksək liqasında ümumilikdə 50 oyuna 3 qol vurub.
Famussa Kone ("Bastiya")
Ötən mövsümü "Keçiörəngücü"də keçirmiş forvard hazırda klubsuzdu. "Qəbələ”dən öncə malili forvard “Bastiya”nın heyətində Fransa yüksək liqasında 4 oyuna çıxmış, amma bu oyunların heç birində qol vura bilməmişdi.
Diallo Quideleye ("Brest", "Nansi")
Ölkə çempionatımızda çıxış etmiş yeganə mavritaniyalı ünvanını özündə saxlayan Diallo Quidileye "Keşlə"də oynamışdı. O, Azərbaycandan əvvəl 2011/2012 mövsümündə "Brest", 2016/2017 sezonunda isə “Nansi” ilə Liqa 1 həyəcanını yaşamışdı.
Əlharbi Əl Jadeyui ("Lans")
"Qarabağ"da özünü heç cürə göstərə bilməyən mərakeşli futbolçu 2014/2015 mövsümündə “Lans”ın heyətində Liqa 1-də oynayıb
Maqaye Queye ("Strasburq")
Hazırda klubsuz olan Queye "Qarabağ"da da oynayıb. Ağdam klubundan əvvəl isə o, "Everton"a transfer olunub, "Brest"ə icarəyə verilmişdi. 2012/2013 mövsümündə “Brest”in heyətində Liqa 1-də 7 oyuna çıxan seneqallı bir qol vura bilmədən Mersisayda qayıtmışdı.
Con Ayite ("Brest")
"Samsunspor"dan ayrılaraq "Keşlə"yə keçmiş təcrübəli forvard Bakı klubunda özünü pis tərəfdən göstərməsə də, mövsüm sonunda komandadan göndərilmişdi. Hazırda Kiprdə aşağı liqa klubu olan "Olimpias Lumpion"da oynayan toqolu Liqa 1-də ilk dəfə 2010/2011 mövsümündə “Brest”in heyətində çıxış edib. Hətta bir ara “Qarabağ”ın sabiq forvardı Maqaye Gueye ilə "Brest"in hücum xəttində tandem təşkil edən Ayite ümumilikdə Fransa Liqa 1-də 42 oyuna 6 qol vurub.
Valter Quqlemon("Ayaçço")
Azərbaycan Premyer Liqasında “İnter” və “Neftçi” formaları geyinən forvard 2008/2009 mövsümündə birincilərin heyətində çempionatın bombardiri adını qazanmışdı. "Mançester Yunayted"in forvardı Edinson Kavaninin menecerliyini edən Quqlemon 2002-ci ildə Uruqvayın “Nasyonal” klubundan “Ayaçço”ya keçərək Liqa 1-də həmin sezon 17 oyuna çıxıb 1 qol da vurmuşdu.
Pedro Enrike Konzen ("Renn")
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın ilk qolunun müəllifi kimi tarixə keçən braziliyalı əvvəllər Fransada oynayıb. 2014-cü ildə 400 min avro qarşılığında “Sürix”dən “Renn”ə keçmiş "sambaçı" 2 mövsüm Fransa klubunda oynayaraq, 70 oyuna 5 qol vurub.
Stefan Barbikoni ("Metz”)
2010/2011 mövsümündə “Bakı”nın formasını geyinmiş fransalı müdafiəçinin karyerasının böyük hissəsi “Metz”lə bağlıdı. “Metz”in heyətində Liqa 1-də ümumilikdə 109 oyuna çıxan Barbikoni 7 qol vurub.
Steven Cozef-Monroz ("Lans")
Yayda "Neftçi"dən göndərilən Monroz Fransa Liqa 1-də oynamış futbolçulardandı. Yarımmüdafiəçi "Lans"ın heyətində Liqa 1-də 12 oyuna çıxıb.
Yannik Kamanan ("Strasburq")
“Qəbələ”nin ən yaxşı hücumçularındna olmuş Kamanan 2002/2003 mövsümündə "Strasburq"un heyətində Fransa Liqa 1-də 3 oyun keçirmişdi. Karyerasını başa vurmuş sabiq “Qəbələ”linin son komandası İngiltərədə aşağı liqa təmsilçisi “Vare” olub.
Nenad Kovaçeviç ("Lans")
“Bakı”nın iddialı dönəmində komandanın əsas oyunçularından sayılan Kovaçeviç Fransa Liqa 1-də də çıxış etmişdi. O, "Lans"ın heyətində ümumilikdə 107 oyuna çıxmışdı.
Sergio Kontreras Pardo “Koke” ("Marsel")
“Bakı”nın heyətində ölkə kubokunun sahibi olan Koke buna qədər Fransa Liqa 1-də də oynayıb. İspaniyanın “Atletiko Malaqueno” klubundan “Marsel”ə keçən futbolçu Fransa yüksək liqasında 43 oyun keçirib 6 qol vurmağı bacarmışdı.
İnnosent Emeqara ("Loryen")
“Qarabağ”la fərqli mövsümlərdə iki dəfə müqavilə imzalamış Emeqaranın karyerası ərzində Fransa təcrübəsi də var. Belə ki, Nigeriyaəsilli isveçrəli 2011-ci ildə “Qrasshopers”dən 2,5 milyon avro qarşılığında “Loryen”ə keçmişdi. Emeqara Fransa Liqa 1-də 28 oyuna 5 qol vurub.
Sergey Skaçenko ("Metz")
Karyerasının zənginliyi baxımından ölkəmizə gəlmiş-getmiş ən yaxşı legionerlərdən olmuş Sergey Skaçenko Ukrayna millisinin də formasını geyinib. “Turan”a gəlməmişdən əvvəl isə o, ilk dəfə 1999/2000 mövsümündə “Metz”in heyətində 6-cı turda “Strasburq”(0:0)la matçda debüt etmişdi. Ümumilikdə “Metz”in heyətində Liqa 1-də 27 oyuna çıxan ukraynalı hücumçu 4 qol vurmağı bacarmışdı.
Maykl Esyen (“Səbail”, “Bastiya”)
Qanalı futbolçu “böyük beşlik” ölkələrinin yalnız birində oynamayıb. Esyen İspaniya, İngiltərə, İtaliya və Fransa çempionatlarında çıxış edib. Bircə Almaniya Bundesliqasındanda çıxış etməyib. Qanalı məşhur Avropa futboluna özünü “Bastiya”dakı oyunu ilə tanıdıb. 2000/2001 mövsümündə Fransa Liqa 1-də debüt edən qanalı ümumilikdə 137 oyuna çıxıb və 18 qol vurub