"Qarabağ"la oyundakı 1 xal bizə inam qazandıracaq" - MÜSAHİBƏ

12:10 - 27 Sentyabr 2021

“Keşlə” və Azərbaycan milli komandasının müdafiçisi Azər Salahlı Sportal.az saytına müsahibə verib. Futbolçu komandasının Premyer Liqanın 5-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirilən görüşdə 1 xal qazanmaqları barədə danışıb:

- “Keşlə” uğursuz gedişə “Qarabağ”la matçda son qoya bildi. Rəqibdən 1 xal almağınızı necə dəyərləndirirsən?
- Şükürlər olsun ki, bu görüşdə ilk xalımızı əldə etdik. Bizim üçün vacib görüşdə xal qazanmaq önəmli idi. Ki, biz də bunu qazandıq.

- Bu oyuna qədər 4 oyunu da uduzmuşdunuz. Bunu nəzərə alsaq, “Qarabağ”la oyuna çıxanda xal və ya xallar qazanacağınıza ümid edirdiniz?
- Hər oyuna çox ciddi yanaşırıq. O, cümlədən “Qarabağ” oyununa da belə çıxmışdıq. 4 oyunda məğlubiyyət komandaya çox pis təsir etmişdi. Əlbəttə ki, inamımız var idi.

- Necə düşünürsən, bəxtiniz gətirdi ki, uduzmadınız, yoxsa 3 xala belə layiq idiniz?
- Deyə bilmərəm, bəxtimiz gətirdi, yoxsa qələbəyə layiq idik. Ancaq əsas odur ki, bu görüşdə xal qazanmağı bacardıq. “Qarabağ”a qarşı oynamaq həmişə çətin olub. İndi də, elə keçmişdə də.

- “Qarabağ”la oyundan 1 xal götürməyiniz sizə nə dərəcədə inam qazandıracaq? 
- Ümid edirəm ki, “Qarabağ”la matçda qazanılan 1 xal hər şeyin başlanğıcı olacaq. Gələcək oyunlar üçün nəzərdə tuturam. "Qarabağ"la oyundakı 1 xal bizə inam qazandıracaq.


- “Qarabağ” Konfrans Liqasının 2-ci turu çərçivəsində “Omoniya” ilə üz-üzə gələcək. Səncə, təmsilçimiz Nikosiyada uğurlu nəticə qazanacaq?
- “Qarabağ” illərdi ki, avrokuboklarda oynayır. Təbii ki, bu görüşdə də favorit “Qarabağ”dı. Allah qoysa, qələbə qazanan tərəf “Qarabağ” olar. Onlara uğurlar arzulayıram.

- Premyer Liqanın 2-ci turundan sonra “Keşlə”nin heyətində meydana çıxmamışdın. Millidən zədəli gəlmişdin?
- Millidən qayıdanda ayağımda ağrılar var idi. Müayinədən sonra əzələmdə problem olduğu aşkarlandı. Ona görə də 2 oyunu buraxmalı oldum.

- Növbəti turda “Sabah”la qarşılaşacaqsınız. Onları məğlub edə biləcəksiniz?
- “Sabah”la oyunda bizə qələbə çox lazımdı. Ağır oyun olacağı dəqiqdi. İnanıram ki, hər şey istədiyimiz imi olacaq.

Xəbər xətti