"Kiprdə təxribat? "Qarabağ" buna hazırdı və qalib gələrək onlara layiqincə cavab verə bilər" - MÜSAHİBƏ

12:52 - 28 Sentyabr 2021

Azərbaycanlı futbol veteranı Aslan Kərimov Sportal.az saytına müsahibə verib. “Neftçi” və “Qarabağ” klublarında oynamış Kərimov hər 2 komandanın çıxışı və legioner həyatı yaşayan futbolçularımız barədə danışıb.

- Avrokuboklarda heç bir turnirdə qruplara qala bilməyən “Neftçi”nin çempionatdakı çıxışı barədə hansı fikirdəsiniz? Avropadakı “Neftçi” ilə, çempionatdakı komanda arasında hansı fərqlər var?
- Avrokuboklardakı “Neftçi”dən sonra, daxili çempionatdakı oyunlarda xeyli düzəliş görünür. Avrokuboklardakı rəqiblərin gücü, oyun stili, çempionatda qarşılaşdıqları rəqiblərin gücü ilə eyni deyil. Onlar daha təcrübəli, maddi tərəfdən daha üstün və daha keyfiyyətli oyunçulara sahib olan komandalar idi. Bu səbəbdən “Neftçi”nin oyunu bir az sönük görünə bilərdi. Digər tərəfdən isə yeni gələn oyunçulara da zaman lazımdı ki, oyundan-oyuna baş məşqçinin hansı oyun üslubunda oynamaq istədiyini, baş məşqçinin onlardan nə tələb etdiyini başa düşə bilsinlər. 5 turdan sonra qiymət verəsi oslaq, “Neftçi” özünəməxsus şəkildə turnirə davam edir. Məncə, hər oyun bir az da üstünə qoya bilirlər. Ən azından qış fasiləsinə qədər daha yaxşı nəticələr ala biləcəklər. 

- “Neftçi”in yeni hücumçuları – Tyaqo Bezerra və Ramon Maçado barədə nə düşünürsünüz? Maraqlıdı ki, “ağ-qaralar” avrokuboklar zamanı deyil, çempionatın gedişində bu hücumçular transfer etdi...
- “Neftçi”nin digər futbolçularından bir baş üstündülər, deyə bilmərəm. Amma göründüyü qədər baş məşqçinin tapşırığını yerinə yetirə bilirlər. Oyunçular hələ açılışmayıblar. Ramonun yüksək sürətə malik olduğunu deyə bilmərəm. Sadəcə vurduğu qollar və epizodlardan görünür ki, qol hissiyatı var. Ümid edirəm ki, bundan sonrakı matçlarda da qollarına davam edəcək. O ki qaldı, avrokuboklarda yox, çempionat zamanı hücumçu aldılar məsələsinə, buna şərh verə bilmirəm. Sözsüz ki, nə qədər tez alsaydılar, nə qədər tez komandanı formalaşdırsaydılar, bir o qədər xeyirli ola bilər. Bu futbolçular olsaydı, həmin rəqibləri keçəcəkdilər, yoxsa yox, bu özü də sualdı. Rəqibləri onsuzda güclü və təcrübəliydilər. Bu mənada, “Neftçi” üçün onları keçmək çətin görünə bilərdi.

- Premyer Liqada hazırki lider “Qəbələ”di. “Qarabağ” və “Neftçi”nin yox, “Qəbələ”nin lider olması sizin üçün də gözlənilməzdi?
- Əslində mənim üçün xoş sürprizdi. Gözləmirdim ki, turnir cədvəlində 1-ci dövrədən sonra “Qəbələ” ilk pillədəki yerini qoruyub-saxlaya bilsin. Buna inanmaq çətin idi. Bütün futbol ictimaiyyəti üçün də sürpriz olardı. Çünki istənilən halda maddi durum baxımından, “Qəbələ”nin sıxıntısı olduğunu deyə bilərik. Ən azından 5-6 il öncəki “Qəbələ” deyil. Bu baxımdan, “Neftçi” və “Qarabağ”la rəqabətdə, bunun öhdəsindən gələcəkləri sual doğururdu. Amma çempionata pis başlamayıblar. Belə davam edəcəklər ya yox, mənim üçün sual olaraq qalır. Əslində qış fasiləsinə qədər bunu saxlasalar, nəsə demək olar. Hələ çempionatın başlanğıcıdı, yaxşı start götürüblər, bunu saxlamaq lazım gələcək. Komandanın maddi durumu buna təsir edəcək. Yəni stabilliyi qoruyub-saxlaya biləcəklərsə, nəsə uğur qazana bilərlər. Hansısa sıxıntıları olarsa, xallarda öz əksini tapacaq. 

- Bəs, bu mövsüm çempionluğa əsas favoritiniz hansı komandadı?
- Çempionatla bağlı dediyim şeylər sirr deyil. 5 tura baxan adam da açıq-aşkar qeyd edəcək ki, çempionatın əsas favoritləri “Neftçi” və “Qarabağ”dı. Bu komandalar arasında favorit kimi görürsüz, soruşsanız, mən “Qarabağ” futbolçusu  olduğuma görə yox, sadəcə kənardan baxan mütəxəssis kimi deyə bilərəm ki, hazırki vəziyyətdə “Qarabağ”ın çempion olmaq potensialı daha asandı. Heyətinə və təcrübəsinə görə belədi. “Qarabağ” yerli oyunçuları da heyətinə qatmağı bacardı. “Neftçi”nin də çempion olmaq üçün böyük potensialı var. Ötən mövsüm çempionluğa layiq olduqlarını göstərdilər. Sözsüz ki, onlar da çempion ola bilər. Amma mən mövcud potensialdan danışıram. Yoxsa, sonda hər şey baş verə bilər. Ancaq möcud potensiala görə düşünürəm ki, bəlkə “Qarabağ” “Neftçi”dən bir addım öndə görünür.

- “Qarabağ” bu həftə Konfrans Liqasında 2-ci tur çərçivəsində növbəti oyununa çıxacaq. “Omoniya"nı səfərdə məğlub etmək mümkün olacaq?
- “Qarabağ”ın indiyə qədər ən real və ən böyük şanslarıdı ki, qrupdan çıxsınlar. Əslində “Bazel”i favorit göstərirdik. Oyunun keyfiyyətinə baxası olsaq, “Qarabağ” “Bazel” kimi komandaya qalib gəlmək iqtidarındadı. “Qarabağ”ın xoşbəxtliyindən qrupun digər görüşündə də 0:0 hesabı oldu. Bu qrupda heç nə həll olunmayıb. Növbəti oyun “Omoniya”ya qarşıdı. Qrupun ən titullu komandası olan "Bazel"ə qarşı yaxşı oynayan “Qarabağ” qrupdan çıxmalıdı. Bu səviyyə oyunlarında heç kim qrupdan asanlıqla çıxmır. Amma “Qarabağ” üçün ən əlverişli şəraitdən biridi. Məncə, “Qarabağ” “Omoniya”dan xal alıb, qalib də gələ bilər. İsveçrədə “Bazel”dən xal almaq ola bilər. Məncə, “Qarabağ” şeytanın ayağını qırıb, bu mövsüm qrupdan çıxacaq. 

- Kiprdəki görüşdə necə, yenə təxribat olacağını ehtimal edirsiniz?
- Hər şey ola bilər. Əslində, gözləyirəm. Çünki “Qarabağ”ın Kiprdə bir neçə oyunu keçirilib və hər dəfə də təxribatla üzləşiblər. Müharibədəki qələbəmizdən sonra bəlkə yenə təxribat oldu. Bilirəm ki, "Qarabağ" öncədən buna hazırlaşıb, futbolçularla danışıblar. Bilirlər ki, onları orada nə gözləyir. Təxribat olsa belə, bu heç nəyi dəyişəsi deyil. Yəni “Qarabağ” Kiprdə qalib gələrək, layiqincə cavablarını verə bilərlər. 

- Yeri gəlmişkən, legioner həyatı yaşayan futbolçularımızdan ən çox diqqətçəkən Mahir Emreli və Namiq Ələsgərovdu. Onların legioner həyatı sizcə, yaxşı alınır?
- Məncə, Mahir daha şanslıdı. Düzdü, Türkiyədə çempionat daha sərt keçirilir. Amma “Legiya” taktiki baxımdan daha ağıllı və keyfiyyətli oyun göstərən klubdu. Polşada rəqabət, mübarizələr çox olmasa da, taktiki baxımdan, gedişatlar daha çox olur. Mahir Namiqlə müqayisədə daha əlverişli durumdadı. İstənilən halda hər 2 futbolçumuz daxili çempionatımızdan daha güclü yerdədi. Hər 2 oyunçunun bir neçə sezon oralarda qalması, daha yaxşı yerlərə getmələri, millimiz üçün ən effektli addımlar olacaq. Onların xaricdə olması millimizə də xeyir verəcək. Hər ikisinə də uğur arzulayıram, ümid edirəm ki, həm Mahir, həm də Namiq komandalarının əsas oyunçuları olacaq. Hər iki futbolçu haqda klubları da yaxşı fikirdədi. Bu da ona əsas verir ki, uzun müddət əsas heyətdə oynayıb, praktikalarını artırıb daha yüksək səviyyəyə çıxsınlar. 

Xəbər xətti