"Neftçi"nin veteran qapıçısı Hüseyn Məhəmmədov Sportal.az saytına müsahibə verib:
- "Neftçi"nin hazırda çempionatdakı çıxışı barədə hansı fikirdəsiniz? Ötən mövsümlə müqayisədə hansı durumdadılar?
- Oyunçu dəyişiklikləri olduğuna görə, "Neftçi" ötən mövsümlə müqayisədə bu mövsüm daha sürətli, daha istəkli, daha əzmkar futbol oynayır. Bunu ötən tur da gördük. "Zirə"yə 0-1 məğlub durumda olsalar da, oyunu dəyişib qələbə qazandılar. Həm onlar, həm də "Qarabağ" əzmkar oyun nümayiş etdirir. Belə də, pis oyun göstərmirlər. Hər 2 komanda çempionluğa layiq komandadı. Gələcək hər şeyi göstərəcək. Həm "Neftçi", həm də "Qarabağ" çempionluğa oynamaq istəyir.
- Yeni transferlərdın daha çox diqqətini çəkən kimdi?
- Yeni transferlər hələ ki, tam cəlbedici oyun nümayiş etdirə bilmirlər. Görünür ki, istəklidilər, çalışırlar daha yaxşı oyun nümayiş etdirsinlər. Hələ ki, o dərəcədə olduqlarını da deyə bilmərəm. Pis də təsir bağışlamırlar.
- Mamadu Kanenin qışda komandadan gedəcəyi deyilir. Onsuz çətin olacaq?
- Kane getsə, elə də problem olmayacaq. Komanda pis deyil. Kanesiz də istədikləri oyunu nümayiş etdirəcəklər. İnanmıram ki, onun gedişi təsir göstərsin. Bir futbolçu ilə komandanın oyun stili dəyişə bilməz.
- Görünür ki, "Qarabağ" bu mövsüm avrokuboklarda qrupdan çıxmaq üçün iddialıdı. Məhz bu, "Neftçi" üçün üstünlük yarada bilər?
- "Qarabağ" üçün bir az çətin olacaq. Çünki bu komanda Konfrans Liqasında qrupdan çıxmaq istəyir. Bu komanda istər-istəməz avrokuboklara da güc qoyur, güc itirəcək. Amma bu o demək deyil ki, komanda avrokuboklarda oynayır deyə, çempionatı yaddan çıxaracaq. İnanmıram buna, liderliyi saxlamaq üçün əzmkarlıq göstərəcək. İnanmıram nəsə dəyişsin.
- "Qarabağ" - "Neftçi" oyununda hansı komanda şanslıdı?
- Hər 2 komanda meydana qələbə üçün çıxır. Birinci oyun da belə oldu. Hər 2 komanda çempionluğa oynadığına görə, bu oyunda da qələbə üçün oynayacaq. Futbolda kim güclüdü, kim düzgün taktika seçirsə, qərar verirsə, rəqibi düzgün analiz edirsə, qalib gəlir. Hər iki komanda baş məşqçilərinin kollektivlərinə lazımı tapşırıqlarını verib, lazımı taktikanı seçəcək.
saytlarin hazirlanmasi