"Qarabağ" üçün İsveçrədə "Bazel"ə qarşı matç, Bakıda “Omoniya”ya qarşı keçirilən matçdan daha asan olacaq" - MÜSAHİBƏ

12:20 - 29 Noyabr 2021

Azərbaycanlı futbol veteranı Aslan Kərimov Sportal.az saytına müsahibə verib. "Neftçi" və "Qarabağ" klublarında oynamış Kərimov hər 2 komandanın çıxışını dəyərləndirib:

- "Qarabağ" Konfrans Liqasının 5-ci turunda "Omoniya"ya qalib gələ bilmədi. Ağdam klubunun qalib gələ bilməməsini nə ilə əlaqələndirirsiniz?
- "Qarabağ" oyunun böyük hissəsini dominantlıq etdi, sadəcə bəxtsizlik oldu. Daha çox öndə oynayırsansa, əks-hücumlara hazır olmalısan. Əslində görünən bu idi ki, hazır idilər. Bəzən rəqib oyunçular minimum şansı dəyərləndirə bilir. “Omoniya”nın Bakıda 2-3 əks-hücumu oldu, 100 faiz nəticə əldə etdilər. "Omoniya"nın meydanın mərkəzindən vurulan ustalıqla qolu da oldu. Nadir hallarda bunun qarşısını alırlar. Qapıçını da günahlandırmaq olar. Qolkiper geri düşərkən diqqətli olmalıydı. 
 

- Kiprdə "Qarabağ" rəqibinə 4:1 hesabı ilə qalib gəlmişdi. "Qarabağ"ın üçün Bakıdakı və Nikosiyadakı oyunlarında hansı fərq var idi? 
- Nikosiyadakı oyunda “Qarabağ” Bakıdakı qədər dominant olmasa da, yaratdığı bütün şansları qola çevirə bilmişdi. “Omoniya” evdə nisbətən açıq oynamağa, rəqibi öndə sıxmağa çalışırdı. Belə olanda “Qarabağ”ın boşluqlardan istifadə etməsi güclü tərəflərindəndi. Bəlkə “Qarabağ”ın sivri ucda oynayan hücumçusu daha effektli olsaydı Bakıdakı matçı da qalib başa vurmaq olardı. Nəzərə alaq ki, Ozobiç qol da vurmuşdu, hakim saymadı. Rəqiblərin açılması “Qarabağ” üçün əlverişlidi. Çünki onlarda elə oyunçular var ki, bu cür boşluqlardan məharətlə istifadə edə bilir. Müdafiədə oturan komandaya qarşı oynamaq çətindi.

- "Qarabağ" qrup lideri kimi növbəti mərhələyə çıxmaq üçün "Bazel"i səfərdə məğlub etməlidi. İsveçrədə qalib gəlmək mümkün olacaq?
- “Qarabağ” “Bazel”i səfərdə uda bilər. Bəzi azarkeşlər İsveçrədəki oyunun daha çətin olacağını düşünə bilər. Amma məncə, “Qarabağ” üçün asan oyunlardan biri olacaq. Doğrudu, mübarizə sarıdan asan olmayacaq. Çünki “Kayrat” və “Omoniya” ilə müqayisədə “Bazel” daha keyfiyyətli komandadı. Ancaq “Bazel” hazırda vaxtilə ÇL-in qrupunda oynayan komanda deyil. Bakıda da bunu gördük. “Qarabağ” Bakıda rəqibinən daha üstün oynamışdı. Sadəcə “Bazel” kimi Avropa standartlarına uyğun olan komandaları digərlərindən fərqləndirən açəq futbol oynaması, arxada qapanmadan hücum haqda düşünməsidi. Belə oyun üslubuna qarşı “Qarabağ” üçün oynamaq həmişə asan olub. İsveçrədəki oyunda, “Kayrat” və “Omoniya”ya qarşı oyunlardan daha çox imkan olacaq. Bəxtsizlik olsa, heç-heçə bitər matç. Amma “Qarabağ” yaradılan qol şanslarından istifadə edib matçı qalib başa vuracaq. İsveçrədə “Bazel”ə qarşı matç, Bakıda “Omoniya”ya qarşı keçirilən matçdan daha asan olacaq.

- "Qarabağ"ın avrokuboklarda oynaması ölkə çempionatındakı çıxışına mənfi təsir etməzki? 
- Hər beynəlxalq oyun ustalıq səviyyəsini artırır. Konfrans Liqasın matçlarından sonra daxili liqada özlərini daha sərbəst hiss edirlər. Avropa səhnəsində iştirak etməsi onlara mənfi təsir göstərmir. Konfrans Liqası matçını oynadıqdan sonra daxili liqada 1-ci oyunda çətinlik çəkə bilərlər. “Qarabağ”da heyətin genişdi. KL-də oynayan oyunçular dincəlir, digər heyət meydana çıxır. Anbdela Zubir, Kevin Medina, Kadi Borges kimi oynamasalar belə, daxili çempionatda ən yaxşı oyunçulardan sayılırlar. Bəzən xal itkiləri də baş verir. Amma hazırki durumda xal itkiləri onları çempionluqdan uzaq salmayacaq.

- "Neftçi" ardıcıl məğlubiyyətlərdən sonra "Səbail"ə qalib gəldi. Sizcə, bu qələbə ilə Samir Abasovun istefaya yollanacağı ilə bağlı yayılan xəbərlər səngiyəcək?
 Samir Abasovu nəyə görə istefaya göndərməlidilər? “Neftçi” son 10 ildəki ən böyük uğurunu Samirlə qazanıb. Bu məğlubiyyətlərin tək səbəbkarı Samir deyil. Komanda uduzursa və kimsə bunu təkcə Samirin günahı sayırsa yalnış yoldadı. Bu həm rəhbərliyin, həm məşqçinin, həm də oyunçuların yanaşma tərzindən ortaya çıxan məğlubiyyət seriyası idi. Klub olaraq, nə rəhbərlik, nə məşqçilər, nə də oyunçular məsuliyyəti üzərindən ata bilməz. Tək “Neftçi”yə yox, digərlərinə də aiddi. Məğlubiyyət hamının məğlubiyyətidi. Samirin meydanın kənarında olmaması oyunçulara psixoloji təsir edə bilərdi. Oyun baxımından komandanın oyunu itməmişdi. Məğlub olduqları matçlarda hesabı açırdılar, sadəcə 2-ci hissədə nəsə qırılırdı. Bəlkə oyunçularda konsentrasiya itirdi. Amma “Səbail”ə qalib gəldilər, rəqibə qol imkanı çox vermədilər. Əvəzində yaratdıqları azsaylı qol imkanlarını reallaşdırdılar. Samir haqda dedi-qoduların səngiyib-səngiməyəcəyini deyə bilmərəm. Futbol ictimaiyyəti, azarkeşlər, jurnalistlər söz azadlığına malikdi, istədikləri kritikanı edə bilər. Amma istefa məsələsi aktual olmalı deyil. Avropa Liqasının qrup mərhələsində oynayan “Neftçi” ilə indikini müqayisə etmək.. Doğrudu, o vaxtı heyətdə olanların səviyyəsi başqa səviyyə idi. Flavinyo, Nikolas Kanales var idi komandada. Ola bilər həmin “Neftçi”dən geri qalar indiki. Amma ondan sonrakı dövrləri nəzərə alsaq, ən yaxşı “Neftçi”di. Həm heyətinə, həm də oyununa görə. Məğlubiyyət var, ola bilər hardasa konsentrasiya itir, rəqibə qarşı saymazlıq olur. Bu məsələlər komandanin içində bilinir ki, problem nədədi. Kənardan görünən ən odu ki, 2-ci yarıda futbolçularda konsentrasiya itir. Ümid edirəm ki, “Neftçi” bundan sonrakı matçlarda öz oyunun tapacaq, ən azından “Qarabağ”ı çempionluq yolunda uzağa qaçmağa imkan verməyəcək. 

Xəbər xətti