"Qəbələ" Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində doğma meydanda "Qarabağ"la 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın kapitanı Asif Məmmədov "CBC Sport" kanalına açıqlama verib. 35 yaşlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırırıq:
"Son oyunlara bu cür motivasiya ilə çıxırıq. Rəqib də "Qarabağ" olanda istər-istəməz oyuna ikiqat hazırlaşırsan. Bilirdik ki, hansı komandaya qarşı oynayırıq. Bu gün qələbə də qazana bilərdik, məğlub ola da. Məncə heç-heçə ədalətli nəticə oldu. Meydanda yaxşı mübarizə apardıq. Bu gün stadionda atmosfer çox gözəl idi. Azarkeşlərimizə demək istəyirəm ki, hər oyuna belə gəlsələr, bizə daha da ruh verərlər. Yaxşı oyun getdi. Qol olmamasına baxmayaraq son zamanların ən gözəl oyunlarından biri idi.
İstəyirik ki, qış fasiləsinə kimi an azı olduğumuz yerdə qalaq. Amma bu bizim istəyimizdən asılı deyil. Qarşıda iki çətin oyunumuz var. Çox ciddi hazırlaşacağıq. Hansı pillədə olacağımızı zaman göstərəcək. "Zirə" son zamanların ən yaxşı oynayan komandalarından biridi. Bizi "Zirə" ilə səfərdə, "Neftçi" ilə evdə çətin oyunlar gözləyir. İndidən proqnoz vermək çətin olar.
Karyeramın ən yaxşı illərini keçirdiyimi deməzdim. Yəqin ki, yaşıma görə bunu nəzərdə tutursuz. Baş məşqçi mənə çox güvənir. Ona görə də istəyirəm ki, baş məşqçinin etimadını doğruldam. Gənc vaxtlarımdan fərqli olaraq indi hər şeyə fikir verirəm. Bu yaşda hər şeyə fikir verməlisən ki, meydanda axsamayasan. Kiçik heyətimiz var. Mənim və ya hər hansı futbolçunun yoxluğu komandaya baha başa gələ bilir. Əlimdən gələni, üzərimə düşəni edirəm ki, komandaya köməyim dəysin. Bacardığım qədər də kömək edəcəm".
saytlarin hazirlanmasi