“Qəbələ”nin hücumçusu Ülvi İsgəndərov Sportal.az saytına müsahibə verib. Bombardirlər sırasında da yer alan forvard komandasının Premyer Liqadakı çıxışını dəyərləndirib.
- "Qarabağ"la matçınız necə alındı? Komandanın istədiyi 1 xal idi, yoxsa 3 xal və necə oldu ki, "Qarabağ"ın qarşısını aldınız?
- Matça yaxşı hazırlaşmışdıq. “Qarabağ”ın gücünə hər kəs bələddi. Matç da yaxşı alındı. Rəqibdən asılı olmayaraq biz hər matça 3 xal üçün çıxırıq. “Qarabağ” oyunu da belə oldu.
- Dünən "Qəbələ" əsl gücünü göstərərək medalçıalr sırasında ola biləcəyini göstərdi?
- Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Ki, medalçılar sırasında qalaq. Ümidvaram ki, bu, bizdə alınacaq.
- Həmişə meydana daxil olandan sonra qollar vurursan deyə, “Qarabağ”la matça da sonradan daxil olanda qol vura biləcəyini ehtimal edənlər az deyildi. Özün necə, buna inanırdın?
- Əlbəttə ki, inanıram hər oyunda qol vuracağıma. Çox istəyirdim ki, “Qarabağ”la matçda da qol vuram və komandama kömək edəm. Təəssüf ki, alınmadı.
- “Qəbələ”ni qarşıdakı turlarda "Zirə" və "Neftçi"yə qarşı oyunlar gözləyir. Səncə, bu 2 oyundan qələbə ayrılmaq şansınız yüksəkdi?
- Çempionatda hər oyun çətindi. 2 oyundan maksimum nəticə əldə etməyə çalışacağıq. Necə alınacağını görəcəyik. Ümidvaram ki, alınacaq.
- Bombardirlər sırasında da yer almısan. Mövsümü bombardir kimi başa vurmaq məqsədin var?
- Əlbəttə ki, mövsümün bombardiri olmaq məqsədim var. Mən heç vaxt mübarizədən, rəqabətdən qaçmamışam. Daha çox qol vurub, komandama kömək etmək istəyirəm.
- Maraqlıdı, bu mövsüm qollar vurursan deyə, başqa klublardan təkliflər almısan, yoxsa olsa da “Qəbələ”də qalacaqsan?
- Hələ ki, bu haqda düşünmürəm. Düzdü, olur bəzən yazıb edirlər. Amma indi bütün fikrimi “Qəbələ”dəki çıxışıma yönəltmişəm.