İndiyə qədər Azərbaycan Premyer Liqasında dünyanın əksər ölkələrindən fərqli legionerlər çıxış edib. Çempionatımızda elə legionerlər oynayıb ki, onlar təmsil etdiyi ölkələrin ilk və yeganəsidi. Belə ki, onlardan sonra həmin ölkədən 2-ci futbolçu Azərbaycana gəlməyib.
Sportal.az oxucularına Avropa ölkələri arasında çempionatımızda hələ də öz ölkəsinin yeganə təmsilçisi olan futbolçular haqda məlumat verəcək.
Georgios Pelagias
"Bakı"ya ölkəsinin "Olimpiakos"(Nikosiya) klubundan gəlmiş müdafiəçi paytaxt klubunda əsas heyət üzvü olmağı bacarmışdı. Pelagias Azərbaycandan ayrıldıqdan sonra Macarıstanın “Tatabanya” klubuna üz tutmuşdu. Pelagios hazırda futbolçu agenti kimi çalışır.
Terri Kuk
Hələ ki, ölkəmizdə İngiltərəni təmsil edən yeganə futbolçu Kukdu. Karyerasının zənginliyinə görə o, Azərbaycanda çıxış etmiş legionerlər arasında bəlkə də "üçlüy"ə daxil ola bilər. Çünki "Qəbələ"yə gələnə kimi veteran futbolçu artıq "Mançester Yunayted", "Mançester Siti" kimi klublarda oynamışdı. “Qəbələ”yə Toni Adamsın dəvətilə gələn Kuk 12 oyuna çıxmışdı. İngilis son dönəmdə "Denver Kikers"in gənclər komandasında məşqçilik edirdi.
Hannes Haldorsson
DÇ-2018-in qrup mərhələsində İslandiya millisinin heyətində Argentina ilə görüşdə Lionel Messinin penaltisini dəf etməklə daha da məşhurlaşan Hannes Haldorson "Qarabağ"a keçmişdi. İslandiyalı Ağdam klubuna böyük ümidlərlə cəlb edilsə də, o, komandada "1 nömrə" ola bilmədi. Ölkəmizdə çıxış etmiş yeganə islandiyalı olan Haldorson hazırda ölkəsində "Valur"un qapısını qoruyur.
Canluka Sansone
Təcrübəli forvard Roberto Bordinin dəvətilə 2018/2019 mövsümünün fevral ayında "Neftçi"yə keçmişdi. "Torino", "Sassuola", "Sampdoriya", "Bolonya" klublarında forma geyinmiş Sansone özünü paytaxt klubunda göstərə bilməmişdi. "Neftçi" ilə çempion ola bilməsə də, Sansone Azərbaycan Premyer Liqasında çıxış etmiş ilk italyan ünvanına sahib çıxıb. 32 yaşlı forvard hazırda ölkəsində "Kazertana" klubunun forması geyinir.
Tarık Elyunissi
Elyunissi "Qarabağ"a Çempionlar Liqasının qrup mərhələsində kömək etməsi üçün "Olimpiakos"dan icarəyə götürülmüşdü. Ölkəmizdə çıxış etmiş ilk norçevlinin "Qarabağ"da o qədər də uğurlu olduğunu demək mümkün deyil. Mərakeşin "Əl-Hoseyma" şəhərində dünyaya göz açmış 32 yaşlı futbolçu Azərbaycandan ayrıldıqdan sonra İsveçdə AİK-lə ölkə çempionluğu qazanmışdı. Tarik hazırda Yaponiyanın "Şonan Bellmare" klubunda çıxış edir.
Co Hendrik
"Nyukasl" və "Münhen 1860" kimi klubların futbolçusu olmuş Hendrik "Neftçi"yə ölkəsinin "Droheda" klubundan gəlmişdi. İrlandiyanın 21 yaşlılardan ibarət yığmasında da oynamış futbolçu son dəfə 2015/2016 mövsümündə İngiltərədə "Vest Aukland"da çıxış edib. O, hələ də Azərbaycanda oynamış ilk və yeganə irlanddır.