Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva bu gün Ukrayna yığmasına qarşı keçirilmiş yoxlama oyununu şərh edib.
Sportal.az xəbər verir ki, braziliyalı mütəxəssis 0:4 hesablı məğlubiyyətlə üzləşdikləri matçdan sonra bunları söyləyib:
“Əslində, oyunun bu şəkildə keçəcəyini gözləyirdim. Çünki 5-6 gün məşq etmək bu cür oyuna hazırlaşmaq baxımından azdır. Çünki legioner həyatı yaşayan futzalçılarımız 6-7 aydır ki, öz klublarındakı baş məşqçilərinin taktiki sxemi əsasında oynayırdılar. Onları öz oyun üslubumuza alışdırmaq üçün vaxt lazımdır. Bolinyanın qırmızı vərəqə alması da işimizi çətinləşdirdi.
Ona qədər hadisələr istədiyim kimi cərəyan edirdi. Ondan sora səhvlərimiz çoxaldı. Ardıcıl səhvlərin nəticəsində isə qollar buraxdıq. Bu cür oyunlar da həmin səhvləri aşkarlamaq üçündür. Daha çox işləməli, vacib turnirə hazırlaşmalıyıq. Bu rəqiblə daha bir oyun keçirəcəyik. Nələrisə dəyişməyə çalışacağıq”.