Ukraynada yeniyetmə və gənc boksçular arasında beynəlxalq turnir keçirilib.
Sportal.az xəbər verir ki, turnirdə Azərbaycan idmançıları da qüvvəsini sınayıb.
“Abşeron” klubunun üzvləri Vətənə 3 medalla qayıdıb.
Komandanın baş məşqçisi Orxan Mehdiyev turnir haqda danışıb: "Əsasən gənc və yeniyetmə boksçulara üstünlük verdik. İlk dəfə belə böyük yarışda iştirak etməyimizə baxmayaraq, vətənə 3 medalla döndük. Hər 3 idmançıdan gələcəkdə böyük uğurlar gözləyirik. Bu yarışda özlərini doğrultdular, gələcəkdə daha yaxşı olacaq.
Məqsədimiz gənc idmançıları bu yarışa aparmaq və onların nəyə qadir olduğunu görmək idi. Bizim gözlədiyimizdən də yaxşı nəticə qazandılar. Gələcəkdə əsas məqsədimiz Avropa və dünya çempionatlarında ölkəmizi layiqincə təmsil etməkdir. Buna nail olacağımıza, bayrağımızı yüksəldəcəyimizə inanıram”.
Turnirin bürünc mükafatçısı Hüseyn Orucov ilk dəfə xaricdə beynəlxalq yarışda iştirak etdiyini və medal qazandığını deyib: "Yarış yüksək səviyyədə keçdi və yaxşı rəqiblər var idi. Amma öz gücümü göstərib medal qazana bildim. Buna görə çox sevinirəm. Məqsədim daha böyük nailiyyətlər əldə etməkdir. Dünya arenalarında bayrağımızı yüksəltməyə çalışacam. Ölkə daxilindəki yarışlarda uğur qazanmağa çalışacam ki, dünya arenalarında iştirak hüququ əldə edim, bundan yararlanım. Medallar qazanım, sevindirim hər kəsi. Mənə dəstək olan, şans verən məşqçilərimə təşəkkür edirəm”.
Turnirdə ümumlikdə 12 ölkənin idmançıları iştirak edib.