Azərbaycan futbolundakı ilk qadın prezidentin həyat yoldaşı: "Bu, nə mənim, nə də İnnanın ideyasıdı"

23:03 - 14 Yanvar 2022

Azərbaycanlı model İnna Kvirtiyanın "White City"nin prezidenti təyin olunması barədə xəbər vermişdik.

Bununla da o, Azərbaycan futbolunda prezident təyin olunmuş ilk qadın olub.

İnnanın həyat yoldaşı uzun illər Azərbaycanda legioner həyatı yaşamış Nuqzar Kvirtiya Sportal.az saytına açıqlama verib.

O, xanımının kluba prezident təyin olunmasından söz açıb: "İnna klubun yaradılmasında və inkişaf mərhələsindən də xəbərdar idi. Tez-tez məsləhətlərini verirdi, danışıqlarda kömək edirdi. Onun klub prezidenti vəzifəsinə gətirilməsində birlikdə qərar vermişdik. Amma bu ideya nə mənim, nə də İnnanındı.

Məqsədlərimiz arasında diqqətləri üzərimizə çəkmək yoxdu. İnna idarəçilikdəki təcrübəsilə, təşkilati problemlərin həllində kömək etmək üçün kluba rəhbərlik edəcək. Bəlkə az adam bilir, amma İnna modellikdən savayı, həm də kifayət qədər böyük şirkətlərdə rəhbər vəzifələrində çalışmaq təcrübəsinə malikdi. O, danışıqları yaxşı bacarır və təşkilatçılıqda, hesabatda çox kömək edir.

İnna Bakıda keçirilən 1-ci Avropa Olimpiya Oyunlarında çalışıb, eyni zamanda AVRO-2020-nin təşkilatçılarının əməliyyat qrupunda yer alıb. Həm də Bakıda keçirilən 4 oyunun hamısında AVRO-2020-nin təşkilatçılarının əməliyyat qrupunda yer alıb".

"White City"də baş məşqçi kimi çalışan Nuqzar, xanımının klubdakı məqsədlərindən danışıb: "İnnanın böyük ambissiyaları var. Mənim futbolçu karyeram zamanı da o, futbol mətbəxini dərindən öyrənə bilib. O, bununla həqiqətən maraqlanan nadir qadınlardan biridir. Birinci divizion və Premyer Liqa bizim uzunmüddətli perspektivimizdi. İndi əsas vəzifəmiz, bütün gücümüzü yetirmələrimizə sərf etməkdi. Bu baş verdikdən sonra siz deyən məsələ onun istəyindən asılı olacaq”.

Xəbər xətti