Ölkəmizdə bəlkə də, uşaqlıqdan ilk tanış olduğumuz oyun futboldursa, digəri də "şaşki" adlandırdığımız, rəsmi adı ilə damadır. Dama - taxta lövhə üzərində aparılan strateji oyun növüdür və tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Beləliklə, bir oyun strategiyası işləməklə onu bəxtdən asılı olmayaraq udmaq mümkündür. Bu oyun növü əsasən Rusiya və Niderlandda geniş yayılmışdır. Dama oyunu 10-11-ci əsrlərdə cənubi Fransada yaradılıb. Dama taxtası o dövrdə məlum olan şahmat oyunundan götürülüb. Oyun qaydaları Kvirkata (fransızca "Alquerque") mənsubdur. İlk vaxtlarda dama daşlarına şahmatda olduğu kimi "ferze" deyilirdi. O dönəmdən bu yana dama yalnız bir xana üzərində irəliləyə bilərdi. Yenilik ondan ibarət idi ki, daş rəqibin üzərindən atlanıb onu götürmək imkanına sahib olurdu. Bu oyun əvvəllər "Firges" adlandırılıb. Dama oyununun şahmatla oxşarlığı ondan ibarət idi ki, dama oyunçusu hər verilmiş imkandan istifadə edərək rəqibini vurmaq məcburiyyətində deyildi. 1535-ci ildən sonra isə məcburiyyətə çevrildi. Əgər bir oyunçu ona verilən imkandan istifadə etmirdisə onun daşı cərimə kimi taxtadan kənara üfürülürdü və ya götürülürdü. Ferzlərin "dama" adlandırılması ilə oyunun da adı dəyişdirilərək dama olur.
Azərbaycanda da, bu oyunu sevməyən yoxdur. Halbuki, dama oyunu Avropa və dünyada əksər ölkələrdə inkişafda olan, rəsmi idman növlərindən biridir. Azərbaycanda da əslində, bu idman növü ilə uzun illərdir ki, məşğul olan yığma komandamızın üzvləri var. Onlardan biri Rəvan Novruzovdur.
- Öncə, özünüz barədə məlumat verərdiniz...
- Hazırda “Xəzər Media”da montaj rejissoru vəzifəsində çalışıram. Həm də, bildiyiniz kimi dama yığmamızın üzvüyəm.
- Artıq neçə ildir ki, bu idman növü ilə məşğulsunuz?
- Dama ilə 15 ilə yaxındır ki, məşğulam. İndi də, özüm oynayıram. Çünki məşqlərimiz yoxdur. Vaxt olduqca məşğul oluram.
- Tez-tez deyirlər ki, şahmata damadan keçid etmək daha yaxşıdır. Maraqlıdır, siz də damadan şahmata keçid etməyi düşünmüsüz?
- Damadan şahmata, şahmatdan da damaya keçmək çətindir. Çünki hərəsinin öz çətinlikləri mövcuddur. Azərbaycanda insanlar belə qəbul edib ki, şahmat damadan qat-qat mürəkkəbdir, çətindir. Amma bu, belə deyil. Hərəsinin öz çətinliyi var. Dama haqda o qədər kitablar var ki, sayı-hesabını bilmək olmur. 15 ildir dama ilə məşğul olsam belə, bəlkə də, cəmi 10 kitabını əzbər bilirəm. Şahmat da, dama da eyni dərəcədə çətin idman növüdür. Dərin düşüncəyə sahib olmalısan.
- Oyunlar neçə dəqiqə çəkir?
- Beynəlxalq görüşlərdə bir klassik oyunumuz ən azı iki saat çəkir. Yəni, siz indi düşünün, dama oyunu da nə qədər çətindir. Hər halda, düşünmək, müəyyən gedişatları götür-qoy etmək lazımdır. Bunun üçün isə nə qədər vaxt lazım gəlir.
- İndiyə qədər hansı turnirlərdə iştirak etmisiniz?
- 2008-ci ildən bu yana çox turnirlərdə iştirak etmişəm. Dəfələrlə Bakı və Azərbaycan çempionu olmuşam. Bizdə öncə Bakı, daha sonra ölkə çempionatı keçirilir. Özü də, Azərbaycan çempionu olan idmançı dövlət hesabına beynəlxalq turnirlərə göndərilir. Beynəlxalq turnirlərin də iştirakçısıyam.
- Hansı ölkələrdə keçirilən turnirlərin iştirakçısısınız?
- İndiyə qədər müxtəlif turnirlər üçün Polşa, Bolqarıstan, Belarus, Türkiyədə olmuşam. Bu ölkələrə də, dövlət hesabına göndərilmişəm. Azərbaycan millisini təmsil etmişəm. Məncə, heç də pis alınmayıb. Hər zaman ən yaxşısını etməyə çalışmışam.
- Ümumiyyətlə, dama ilə uşaqlıqdan əksər insanlar məşğul olur, sevir bu idman növünü. Amma bizdə dama oyunu peşəkar səviyyədə o qədər də inkişaf etməyib. Sizcə, nəyə görə belədir?
- Doğrudur, dama hamının sevdiyi oyundur. Uşaqlıqdan da məşğul olanlar az deyil. İnkişafın getməməsinin səbəbi odur ki, həmin insanlara düzgün istiqamət verilmir. Çünki uşaqlar özləri, tək məşğul olurlar. Valideynlər onları müəllim yanına aparmır. Belə hallarda, onlar inkişaf edə bilmir.
- Yəni, peşəkar müəllimlərin yanında inkişaf etmələri mümkündür...
- Əlbəttə. Uşaqlar müəllimlərlə işlədikləri təqdirdə, təbii ki, onlara düzgün istiqamət verilir. Bu da, onların peşəkarlaşmasına gətirib çıxarır. Digər məsələ isə, onların müxtəlif turnirlərdə iştirakıdır. Federasiya tərəfindən Bakı və Azərbaycan çempionatları keçirilir. Kişilər, uşaqlar, qadınlar arasında turnirlər var. Bu turnirlərdə iştirak edə-edə uşaqlar inkişaf edir. Ölkə xaricindəki turnirlərdə də, çıxış etmək önəmlidir. Bunlar olduqdan sonra, zamanla, avtomatik olaraq uşaqlarda istər-istəməz inkişaf gedəcək. Peşəkar səviyyəyə yüksəlirlər.
- Damanın şahmat kimi dünya və Avropada daha çox maraq görməsi, yüksək səviyyəli turnirlərin keçirilməsi mümkündür?
- Əslində, dama dünya və Avropada yetərincə məşhurdur. Oynayanlar arasında peşəkar səviyyədə dama ilə məşğul olanlar çoxdur. İştirak etdiyim turnirlərdən gördüklərimi deyirəm sizə. Avropa və dünyanda bu oyunu oynayan peşəkarlar görmək mümkündür. Xarici ölkələrdə dama daha çox inkişaf edir. Sırf bu oyuna görə, maaş da alanlar var.
- Səncə, hansı daha qəlizdir, şahmat, yoxsa dama?
- Qəlizdiyinə görə dama şahmatdan geri qalmır. Təəsüf ki, ölkəmizdə damanın çox asan oyun olduğunu düşünürlər. Yəni, guya 1-2 dəqiqə ərzində daşları önə verirsən, rəqibdən daha çox daşın taxta üzərində qalır, vəssalam, qalib gəlirsən. Ancaq inanın, belə deyil. Şahmat necə qəlizdirsə, dama da elədir. Dama bir-iki dəqiqəlik oyundan ibarət deyil. Bayaq dediyim kimi, klassik oyunlar iki saat çəkir. Yəni, əgər bir oyun bu qədər davam edirsə, demək ki, qəliz idman növüdür. Özü də, nəzərə alın ki, peşəkarların da oyunu bu qədər vaxt çəkir. Hər halda, fikirləşib oynayırsan.
- Hər halda, bu idman növündə yaş məhdudiyyəti yoxdur. Yəqin ki, həmişə dama oynamaqda israrlısız...
- Əlbəttə ki, burada yaş məsələsi önəmli deyil. Əksinə, illər keçdikcə daha çox təcrübə yığırsan, daha mükəmməlləşdirirsən hər gedişatı. Təbii ki, hər zaman bu idman növü ilə məşğul olacam. Çünki dama uşaqlıqdan məşğul olduğum və sevdiyim idman növüdür.
Mirbağırağa Cəfərli
Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI IX
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.