Jalə Əhmədova: "Alpaqut beynəlxalq idman arenasında Azərbaycan brendi kimi tanınır" - MÜSAHİBƏ

11:19 - 18 Mart 2023

Bu dəfəki layihəmiz döyüş sənəti kimi tanınan Alpaqutla bağlı olacaq. Alpaqut (Alp: döyüşçü, Qut: müqəddəs) — müqəddəs döyüşçü deməkdir. Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünya görüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini, müasir döyüş sənəti üzərində konsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən bir idman növüdür. Hazırda Dünya Alpaqut Federasiyasının prezidenti azərbaycanlı millət vəkili Jalə Əhmədovadır. Sportal.az saytına müsahibə verən xanım millət vəkili bu idman növünün ölkəmizdəki durumundan söz açıb.

- İlk olaraq Alpaqut idman növünün Azərbaycanda yaradılması tarixi barədə məlumat verərdiniz...
- "Alpaqut" sözünün mənası "müqəddəs döyüşçü" deməkdir. 2014-cü ildə Azərbaycanda yaranan Alpaqut, milli idman növüdür. Qədim türk tarixini və mədəniyyətini özündə birləşdirən Alpaqut döyüş sənətinin bütün hüquqi sənədləri Azərbaycana aiddir və məhz bu səbəbdən Alpaqut beynəlxalq idman arenasında Azərbaycan brendi kimi tanınır. Alpaqut idman növü həm Azərbaycanın milli, həm də türk dünyasının idman növü kimi tədris və təbliğ olunur.

- Hazırda Alpaqutun Azərbaycandakı durumu necədir? İnkişafdan razısız? 

- Dünya Alpaqut Federasiyasının rəhbəri olaraq Alpaqut idman növünün dünyada inkişaf dairəsini genişləndirmək üçün bütün imkanlarımızı səfərbər etmişik ki, bu istiqamətdə müsbət nəticələr alaq. Və alırıq da... Əlbəttə ki, Azərbaycanda bu idman növü daha geniş təbliğ olunur və Alpaqutun vətəni olaraq bu belə də olmalıdır. Hal-hazırda Azərbaycanın bölgələrində 70-dən çox dərnəklərimiz fəaliyyət göstərir. 

- Ümumiyyətlə, ölkədə Alpaquta insanları cəlb etmək üçün hansı addımları atırsınız? 

- Azərbaycanda Alpaqut idman növü üzrə seminarlar, yarışlar mütəmadi olaraq keçirilir, bu işlə məşğul olan peşəkar idarəetmə komandası var. Eləcə də Alpaqut Turan Döyüş Sənəti Azərbaycan Milli İdman Növləri Assosiasiyasının üzvüdür. Alpaqut idman növü milli idman növü olduğu üçün bütün vətənpərvər ziyalılar və dövlət qurumları Alpaquta isti münasibət göstərir ki, buna görə hər kəsə təşəkkürümü bildirirəm. 

- Cənab Prezident İlham Əliyev Vətən müharibəsindən sonra idmanın vətəndaşlarımızın üçün önəmli olduğu “Sağlam bədəndə, sağlam ruh” olar deyə, bildirmişdi. Bu mənada, Alpaqutun vətəndaşlarımızın idmançı ruhunda yetişməsi yönündə hansı üstünlükləri var?

- Alpaqut milli ruhda vətənpərvər gənclik yetişdirir. Bu səbəbdəndir ki, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi çağırışına 50-dən çox Alpaqut idmançısı səs verərək torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə qatılmışdı. Müharibədə 20-dən çox alpaqutçu xüsusi təyinatlı əsgər qismində iştirak edib və 5 nəfər şəhid olub. Hal-hazırda 7 nəfər qazi Alpaqut idmançısı var. Alpaqut idmançıları, bu gün də Ali Baş Komandanın əmrini canla-başla həyata keçirməyə böyük Vətən sevgisi ilə hazırdır.

- Türk dövlətləri arasında Turan Döyüş Sənəti üzrə yarışlar keçirilirmi? Planda belə bir yarış varmı? 

- Alpaqut, elə marka olaraq Turan Döyüş Sənətidir. Alpaqut zəngin bir idman növüdür və bu səbəbdən də Alpaqutun beynəlxalq yarışlarına türk dünyasından böyük maraq var. Ayrıca, Alpaqut Ata sporları şənliyində, Milli yaylaq festivalında aktiv şəkildə iştirak edir. Yaxın gələcəkdə isə Köçəri oyunları proqramına daxil ediləcək.

- Necə düşünürsünüz, bu idman növünün gələcəkdə Olimpiya idman oyunlarına və ya ən azından Avropa oyunlarına daxil edilməsi mümkündürmü? 
- Eramızdan əvvəl Yunanıstanda Olimpiya kəndində dörd-beş idman növü ilə yaranan bir oyunların günümüzdə necə bir mötəbər idman təşkilatına çevrilməsini görəndə başa düşmək olar ki, hər şeyin zamana ehtiyacı vardır. Təbii ki, bunun üçün sağlam düşüncəli və istedadlı kadrlar lazımdır ki, nəticəni daha da tezləşdirə biləsən. Burada maddi baza da çox önəmli məsələdir. O baxımdan fürsətdən istifadə edib bütün iş adamlarını milli idman növü olan Alpaqutun dünyada tanıdılmasına dəstək verməyə çağırıram. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Alpaqut dünyada beynəlxalq idman təşkilatları arasında öz imicini formalaşdırmağa doğru ciddi uğurlar əldə edərək irəliləyir. Belə ki, Dünya Alpaqut Federasiyası 2022-ci ildə ICSSPE- Almaniyanın Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurasına və TAFISA- İdman hamı üçün Beynəlxalq İdman Assosiasiyasına üzvlüyə qəbul edilib. Eləcə də Dünya Alpaqut Federasiyası oktyabrda Almaniyada keçiriləcək TAFISA 28-ci Baş Assambleyasına rəsmi dəvət olunub. Hal hazırda Köçəri Oyunları, Ədalətli Oyunlar, Beynəlxalq Döyüş növləri Oyunları Komitəsi, Beynəlxalq İdman Mədəniyyəti Təşkilatı üzvlüyünə qəbul olunması istiqamətində iş gedir. Bu proses bitdikdən sonra isə İslam Oyunları, Avropa Oyunları, Antidopinq Təşkilatı və xüsusilə də Qlobal İdman Növləri Assosiasiyasına üzvlük prosesinə başlanacaq. Əslində deyərdim ki, hər biri ilə bağlı paralel iş gedir. Sadəcə olaraq işi mərhələli şəkildə görürük.


- Yəqin ki, bu idman növü ilə məşğul olanların əsas işləri fərqlidir? Hər halda, bu idman növü ilə peşəkar məşğul olaraq gəlir əldə etmək mümkün deyil... 

- Alpaqut üzrə həvəskar və peşəkar idmançı hazırlığı proqramı var. Ancaq ilk öncə daha kütləvi həvəskarlar arasında, daha sonra peşəkarlar. Hal-hazırda Dünya Alpaqut Federasiyasının nəzdində Peşəkar Liqa yaranıb və bu liqa yaxın gələcəkdə peşəkar yarışların icrasını həyata keçirəcək. Təbii ki, peşəkar yarışlarda pul mükafatı nəzərdə tutulur... 

- Federasiya olaraq büdcəniz nə qədərdir və artırılması üçün sponsorlar cəlb etməyi planlaşdırırsınızmı? 

- Dünya Alpaqut Federasiyası 8 ildir fəaliyyət göstərir. Bunun 2 ili də pandemiya dövrünə düşüb. Buna baxmayaraq dəfələrlə beynəlxalq turnir, dünya kuboku, Avrasiya çempionatı və 3 dəfə dünya çempionatı həyata keçirib. Əlbəttə, bu işləri həyata keçirmək maddi baxımdan çox çətinliklə başa gəlib. Ancaq Alpaquta sədaqətli olan insanlar, milli maraqları üstün tutan, Vətənini, millətini, milli mədəniyyətini sevən iş adamları sayəsində bu işlər görülüb. Alpaqut yeni bir idman növü olduğu üçün onun büdcəsinin az və ya çox olmasından asılı olmayaraq büdcə tamamilə Alpaqutun inkişafına sərf edilir ki, nəticə daha da sürətlənsin.

Mirbağırağa Cəfərli           

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XI

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 


 


 

Xəbər xətti