Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionluğunu qazanmasından sonra bu idman növünə ölkəmizdə olan maraq birə-beş artdı. Hətta futzal çempionatlarında iştirak edən oyunçulardan minifutbola üz tutan və eyni zamanda hər iki idman növünü təmsil edənlər az deyil. Amma söhbət minifutbolda məşqçilik edən futzalçılardan gedir. Bu iki idman növünü özündə cəmləşdirənlərdən biri Əjdər Əjdərovdur. Futzal çempionatında müxtəlif klublarda oynamış 38 yaşlı oyunçu bu idman növünün təcrübəlilərdən sayılır. Özü də, maraqlı məqamlardan biri də odur ki, Əjdər həm “Neftçi”, həm də “Qarabağ”I təmsil edir. Belə ki, o, “Neftçi”nin kapitanı, “Qarabağ” minifutbol komandasının isə baş məşqçidir. Sportal.az saytına müsahibə verən futzalçı-baş məşqçi bir çox məqamlara aydınlıq gətirib.
- Uzun illərdir ki, futzal üzrə Azərbaycan çempionatında çıxış edirsiz. Karyeranızı "Neftçi"də başlamısız deyəsən...
- Öncə, həm öz adımdan, "Neftçi" rəhbərliyi adından sizə təşəkkürümü bildirirəm ki, biz futzalçıları yaddan çıxarmırsız. Karyerama gəldikdə, digər futzalçılarımız kimi mən də çox komandada oynamışam. Düzdür, böyük futbolda az oynamışam. Amma futzalda fərqli komandaların formasını geyinmişəm. Peşəkar karyerama "Neftçi"də başlamışam. Bu komandanın ilk günlərindən düşərgəyə qoşulmuşdum. Hazırkı baş məşqçimiz Hacı Abdullayev, Əbdülqəni Nurməmmədovun rəhbərliyi altında oynamışam. Sonradan müxtəlif klublarda - "Əmrahbank", "Xəzər Adaları"nın formasını geyindim. Hətta "Xəzər Adaları"nın heyətində vaxtından əvvəl Azərbaycan çempionu olmuşduq.
- "Neftçi"də kapitanlıq sarğısı daşıyırsız. Komandadakı durum, çempionatdakı vəziyyətiniz necədir?
- Komandada vəziyyət yaxşıdır, hər şey qaydasındadır. Komandamızın direktoru Tofiq müəllimə, rəhbərimiz Sadıq Sadıqova da təşəkkür edirik ki, hər zaman bizə dəstəkdirlər. Düzdür, öz rəqiblərimizə uduzmuşuq. Bizim əsas rəqiblərimiz "Baku Fire", "Araz"dır. Ən yaxın rəqib kimi isə "Baku Fire" komandasının adını çəkə bilərəm. Çempionatda pley-off oyunları oynanılacaq. Onlar bizi qabaqlayıb. Cədvəl belə göstərir ki, biz həmin klubla pley-off mərhələsində də, Azərbaycan kubokunun finalında da qarşılaşacağıq. Yəqin ki, "Baku Fire" bizdən revanş almaq istəyəcək. Çünki biz keçən il onları məğlub etmişik, qabaqlamışıq. Orada bizim dostlarımız oynayır. Amma revanş almaq istəmələri də, normaldır. Çünki idmandayıq. Biz də əlimizdən gələni edəcəyik ki, nəticə qazanaq.
- Hazırda futzal çempionatımızın, ümumilikdə futzalımızın durumu hansı yerdədir? Əvvəlki liqalarımız daha səviyyəli və maraqlı keçirdi?
- Veteran futzalçılarımızdan əvvəlki futzalımız barədə soruşuruq. Onlar da deyir ki, əvvəllər futzal üzrə çempionat oyunlarına maraq daha yüksək idi, zallar dolurdu. Əslində, bu, hamımıza aid olan məsələdir. Hər ölkədə legionerlər var. Amma onların səviyyəsi daha yaxşı olsaydı, lap əla idi. Biz də istəyirik ki, Azərbaycanın bayrağı yüksəklərdə, önəmli turnirlərdə dalğalansın. Klub turnirlərində də final oynamaq istəyirik ki, növbəti il üçün Azərbaycandan iki komandası avrokuboklara yollana bilsin. "Araz" legionerlərini gətirir və vaxtından əvvəl çempionluğu bayram edir. Kənardan baxanlara asan gəlir, deyirlər ki, həmin legionerlərin də iki əli, iki ayağı var. Amma unutmayaq ki, döyüş kənardan insana asan gəlir. Həmin legionerlər bizim çempionatımız üçün üstündür. Lakin beynəlxalq görüşlərdə üstünlükləri o dərəcədə də gözə çarpmır. İstəyərəm ki, Azərbaycan futzalının inkişafı üçün cavanlar öz üzərində işləsinlər. Amma onların öz üzərində işləməsi üçün motivasiyaya da ehtiyacları var. Yoxsa, onlar legionerlərin çoxluq təşkil etdiyini görür, onsuzda millidə oynaya bilməyəcəyini düşünür və həvəsi qalmır.
- Uzun illərdir futzal oynasanız da, Azərbaycan millisinə çox cəlb edilməmisiz. Bunun səbəbini nədə görürsüz? Azərbaycan millisində nəyə görə daha çox braziliyalılara üstünlük verilir, azərbaycanlılarla uğur qazanmaq yəqin ki, çətindir?
- "Xəzər Adaları"nda oynadığım dövrdə milli komandamıza Tino Peres rəhbərlik edirdi. O, məni milliyə dəvət etmişdi. Rövşən Hüseynlini də həmçinin. Tino millidə yerli oyunçuları görmək istədiyini deyirdi. Onun vaxtında çoxlu sayda azərbaycanlılar milliyə dəvət edildi, hətta Moldovaya turnirə də getmişdi. Sonradan Joze Alesio milliyə gəldi. Düzdü, onun fikrinə, seçiminə hörmətlə yanaşıram. Ola bilər ki, oyun sisteminə uyğun deyiləm. Bunu normal qəbul edirəm. Azərbaycan üçün legionerlər üstünlük təşkil edir. Bəyənmədiyim məsələdir. Hər ölkədə legioner var. Amma bu dərəcədə çox olması, həm bizə, həm də gələcək nəsilə çox ziyandır. Ən yaralı yerlərimdən də biri budur ki, braziliyalılar himnimizi oxumur. Axı çətin deyil. Hər halda, buranın çörəyini yeyir, suyunu içir, havasını qəbul edirlər. İstəsələr, himnimizi də öyrənərlər. Hər halda, o bayraq uğrunda oğullarımız şəhid olub, neçə-neçə ailələr övladsız, başsız qalıb. Həmin bayraq uğrunda 44 günlük Vətən müharibəsində hamımız bir nöqtəyə vurub, zəfər əldə etmişik. Legionerlər lap çox olsun. Ancaq heç olmasa, nəticə əldə edilsin. Onu da görmürük. Polşa millisində oynayanların hamısı polşalılardır. Onlar evdə neçə qol vurub, rahatlıqla qalib gəldi millimizə. Futzal millimiz bu səviyyədə olmayıb axı, Polşa Bakıda da bu qədər qol vursun. Yəqin ki, rəhbərliyə aid olan məsələlərdir, onlar məndən də yaxşı bilir hər şeyi. Özləri də bilir ki, legioner olmasa, daha yaxşıdır. Mövzu gəlib çıxır ona ki, gənclərimiz yoxdur, onlar məsuliyyətsiz yanaşırlar. İstər həyat tərzlərinə, istər idmançı karyeralarına...Özlərinə güvənmirlər. Gənclər baxır ki, millidə 8-9 legioner var, onsuzda milliyə düşə bilməyəcək, idmançı karyerasını başqa cür yaşayır. Yaxşı, 5-6 legionerimiz olsun, amma hərəsi öz təcrübəsindən bizim cavanlara nəsə versin. Oynayan uşaqlarımız da var. Məsələn, Xətai Bağırov, İsa Atayev, Ramiz Çovdarov. Cavanlar da onlara baxsın, həvəsə gəlsin. Belə olsa, bir də görəcəyik ki, sırf "Araz"dan yox, digər klublardan da ümumilikdə 6-7 yerli oyunçu milliyə dəvət edilib.
- Siz həm də minifutbol üzrə Azərbaycan çempionatında mübarizə aparan "Qarabağ"da baş məşqçi kimi fəaliyyət göstərirsiz. Bir komandada oyunçu, digərində baş məşqçi kimi işinizi necə tənzimləyirsiz, problem yaranmırki?
- Xeyr, heç bir çətinliyi yoxdur. Hər şeyi tənzimləmişik. "Qarabağ"da da vəziyyət çox yaxşıdır. Rəhbərlik, oyunçular, hamımız bir-birimizə kömək edirik. Hamı mənə qulaq asır. Komandamızın rəhbəri Mirkazım Cavadov deyir ki, hər şeyi sənə tapşırıram, nəticə olmasa da, "qanını qaraltma", yaxşı olacaq, irəliyə baxmaq lazımdır. Bu da mənim özümə ruh verir. Çünki rəhbərliyin inamı hər zaman yaxşıdır. Əlimdən gələni edirəm. İstəyirəm ki, rəhbərlik, kollektiv əl-ələ verib, nəticə qazanaq.
- Minifutbolda hazırkı durum hansı yerdədir? Deyəsən, minifutbol çempionatına maraq, diqqət futzala olan maraq və diqqətdən daha yaxşıdır?
- Minifutbola maraq göz qabağındadır. Millimiz Avropa çempionu oldu. Minifubtolun vəziyyəti futzala baxanda, daha yaxşıdır. Görünür ki, daha da irəli gedəcək, böyük nailiyyətlər əldə olunacaq. Millimizin baş məşqçisi Elşad Quliyev keçən il bizim baş məşqçimiz idi, ondan qabaq da yaxşı yerlərdə çalışıb, uğurlu nəticələri var. Minifutbol yığmasının baş məşqçisi kimi nəticə verdi. Sırf minifutboldan söz düşübsə, deyim ki, peşəkar futzalçı oldunsa, başqa turnirlərdə oynaya bilmərsən. Amma minifutbolda həvəskar olsan, bir çox turnirlərdə iştirak edirsən. Vəziyyət onu göstərir ki, müəyyən vaxtdan sonra minifutbol futzalı üstələyəcək.
- "Qarabağ"ın minifutbolda əsas məqsədi nədən ibarətdir? Bu idman növündə də Çempionlar Liqası var. Yəqin ki, həmin mötəbər turnirdə mübarizə aparmaq istəyirsiz?
- Komandamızın rəhbərinin futbola marağı var, özü də futbol oynayandır. Son oyunda qalib gəlsək, "dördlüy"ə vəsiqə qazanacağıq. Onda da avrokuboklarda oynamağa haqq qazanacağıq. Çünki ilk "dördlük" avrokuboklara yollanır. Əlimizdən gələni edəcəyik ki, nəticə qazanaq və yolumuza tamam yox, davam deyək.
- Maraqlıdır, özün niyə minifutbol çempionatında oynamırsan? Səncə, bu iki idman növü bir-birindən nə ilə fərqlənir?
- Bayaq dediyim kimi, minifutbolu oynasaq, gərək futzal oynamayaq. Çünki peşəkar statusu məsələsi var. Futzal üçün çox çətinliklər çəkmişik, pis-yaxşı günlərimiz olub. Bu idman növü mənim üçün daha doğmadır. Hər idmanın öz çətinliyi var. Amma minifutbol və böyük futbolla müqayisədə futzal daha çətindir. Fikirləşmək, güc, cəld qərar vermək...Heç kim məndən inciməsin, küsməsin...Doğrudur, böyük futbolun da, minifutbolun da öz çətinlikləri var. Amma futbolçular və minifutbolçular da futzalın daha çətin olduğunu deyir.
Mirbağırağa Cəfərli
Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XIV
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.