Murad Musayev: "Premyer Liqada 12 komandanın olması yaxşıdır"

18:30 - 22 Aprel 2023

"Sabah" Azərbaycan Premyer Liqasının XXXI turunda səfərdə "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:

- Çox çətin qələbə qazandıq. Çünki, "Turan Tovuz" yaxşı futbol sərgiləyir. Fərqi yoxdur əsas heyətlə oynayırlar və ya ikinci heyətlə. İkili mübarizələrdə, uzun toplarda, standart vəziyyətlərdə çox yaxşı oynayırlar. Bizim üçün çox önəmli olan 3 xalı əldə etdik.

- Tovuzdakı hər iki oyunda Kaşukun qolları ilə qələbə qazanmısız. Bu, təsadüfdür?

- Bəli. Təsadüfi olduğunu düşünürəm. Bəxti gətirdi ki, o, bu gün qollar vurdu.

- Mövsümün bitməsinə 5 tur qalib. "Qarabağ"la aranızda 7 xal fərq var. Çempionluq mümkündür?

- Mən təkcə "Şamaxı" ilə matç barədə düşünürəm. Məqsədim komandamı bu oyuna hazırlamaqdır. Hansı mövqedə olacağımızı mayın 28-də görəcəyik.

- Futbolçuları oyundan dərhal sonra məşqə çıxardınız. Bunun səbəbi nədir?

- Bir çox komandalarda az yükləmə alan futbolçuların oyundan sonra məşq etməsi adi haldır.

- Ukrayna ilə müharibəyə görə Rusiya klubları və millisi beynəlxalq yarışlardan kənarda qalıb. Bunun Rusiya futboluna təsiri necə olacaq?

- Sual bugünkü oyunla bağlı deyil. 

- Az şans qazanan futbolçuların növbəti matçlarda oynamaq ehtimalı var?

- Hazırda ən yaxşılar meydançada olur. İlk üçlük uğrunda gərgin mübarizə gedir. Gənclər özlərini məşqlərdə yaxşı göstərirlər. 

- Uzun fasilədən sonra Abdullaye Ba ötən həftə kapitan kimi geri qayıtdı. Bu gün onun heyətdə olmamasının səbəbi nədir?

- Xatırlayırsızda, Musa Qurbanlı onun zədəli ayağına zərbə endirdi. Oyunu çox çətinliklə bitirə bildi. Hazırda Ba müalicəsini davam etdirir. 

- Sizcə, Premyer Liqanı hansısa komanda tərk etməlidir, yoxsa əlavə iki komanda gəlsə, yaxşı olar?

- Mənim üçün 12 komandanın olması əlbəttə ki, yaxşıdır. Amma gələcək komandaların Premyer Liqanın səviyyəsinə uyğun olması çox önəmlidir. Son pillələrdə çox gərgin mübarizə gedir. Bəzən onlar yuxarı pillələrdə olan komandalara böyük problem yaradırlar.

- Hakim idarəçiliyindən razı qaldınız?

- Ümumən hakimliyi müsbət dəyərləndirirəm. Amma ilk hissədə kiçik təmaslarda oyunu çox saxlayırdı. İkinci hissədə bunların sayını bir qədər azaltdı. Futbolun Avropa səviyyəsinə çatması üçün daha az fit çalmaq lazımdır.

Elçin Əlixan

Xəbər xətti