“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, "Московский комсомолец" qəzetinə danışan rusiyalı mütəxəssis Azərbaycandakı işlərindən söhbət açıb:
"Sonuncu yerdə qərarlaşan “Sabah”da işə başlamağım üçün motivasiyam nə idi? Yaxşı sualdır. O zaman çoxları mənim qərarımı anlamadı. “Krasnodar”dan ayrıldıqdan sonra fasilə vermişdim. Bir çox tanınmış məşqçilərimizlə danışdım. Hamı mənə narahat olmamağı, qış fasiləsinə qədər gözləməyi məsləhət görmüşdü. Onlar mənə dedi ki “Krasnodar”da yaxşı işlər görmüsən, səbr et, tələsmə”. Prinsipcə, bunu özümdə hiss etdim.
Sonradan “Sabah”dan təklif gəldi. Məni tanışlıq və görüş məqsədilə Bakıya dəvət etdilər. Bakıya uçdum və klubun İdarə Heyətinin üzvləri ilə görüşdüm. Onları da, Bakını da bəyəndim. Komandaya göz gəzdirdim, gördüm ki, yaxşı, perspektivli oyunçular var. Heç kimlə məsləhətləşmədim, çünki bilirdim ki, bir çox həmkarlar məni fikrimdən daşındırmağa başlayacaq. Əvəzində “Sabah”ın təklifi ilə razılaşdım. Məşqçilər heyətimi toplayıb Bakıya uçmağım beş gün çəkdi. Səmimi deyim, həmin an Rusiyadan kənarda işləmək istəyirdim. Rusiya çempionatında futboldan kənar söhbətlər, əlavə səs-küy var. Rahat işləyə biləcəyim bir yerə gəlmək istəyirdim. Gördüm ki, Azərbaycanda bunun üçün hər cür şərait var. "Sabah"ın yaxşı stadionu, yaxşı meydançası var. Mən də başa düşdüm ki, mənim həftəlik mikrotsikl var və mən təhlükəsiz işə başlaya bilərəm".
Masazır klubunun çalışdırıcısı avrokuboklara vəsiqə əldə etmələrini də qeyd edib:
"Bu, mənim üçün bir növ çağırış idi. Çünki komanda sonuncu yerdə gedirdi. Həmin vaxtı sual idi ki, mən vəziyyəti dəyişə bilərəmmi? "Sabah" rəhbərliyi məni əmin etdi ki, yeni transferlər olacaq, maliyyə artırılacaq. İnanırdım və bu gün rəhbərliyin vəd etdiyi hər şey tam yerinə yetirilir. Klub durmadan inkişaf edir. Azərbaycana, “Sabah”a gəldiyim üçün çox şadam. Çox iş görülüb, mən bundan məmnunam. Ən əsası isə bu işin nəticəsi görünür. Bu mövsümün sonunda biz artıq vaxtından əvvəl medallar qazandıq və növbəti mövsümdə avrokuboklara vəsiqəni əldə etdik. Halbuki, buna ilyarım əvvəl inanmaq çətin idi".