"Azərbaycanda hakimliklə bağlı böyük problem var"

21:14 - 29 Aprel 2023

"İlk yarıda biz əla, Avropa futbolu nümayiş etdirdik. Hücumlarımız çox oldu, əla qol vurduq. Yaxşı pressinq edirdik, yaxşı müdafiə olunurduq. Təəssüf ki, ikinci yarıda bunun davamını gətirə bilmədik. Meydanda eyni səviyyəli oyun getdi. Rəqibin qol epizodu yox idi. Amma üstünlük bizdəydi. Çox şadam ki, bu gün önəmli üç xalı əldə etdik".

Sportal.az xəbər verir ki, bu sözləri Premyer Liqanın 32-ci turunun "Sabah" - "Şamaxı" görüşündən sonra ev sahibinin baş məşqçisi Murad Musayev oyundan sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb. 

- İkinci yarıda futbolçularınız niyə zəif çıxış etdi?

Bunun nə ilə əlaqəli olduğunu bilmirəm. Emosiyasız şəkildə oyunu təhlil etdikdən sonra nəsə demək mümkündür. Ola bilər ki, rahatlaşdıq. Rəqib son vaxtlar çox yaxşı oynayır. Keyfiyyət barəsində də irəliyə addım atıblar. Bunları nəzərə almaq lazımdır.

- Artıq neçənci dəfədir ki, hakimlərlə problem yaşayırsız. Aqressiyanın səbəbi nədədir?

Baxın, görün hakimlər nə edir. Azərbaycanda hakimliklə bağlı böyük problem var. Heç kim bundan danışmır. Bizi sadəcə "öldürdülər". Hakim 90 dəqiqə ərzində bütün foulları əleyhimizə verdi. Siz sadəcə mənim qırmızı vərəqəmi görürsüz. Narazılıq bildirən kimi, dərhal vərəqə göstərirlər. Heç olmasa, hakimin fitlə nə etdiyinə baxın. Çempionatda hakimin "Sabah"ın xeyrinə olan bir səhvini mənə deyin. Birini də deyə bilməzsiz. Daim anlaşılmaz qərarlar verirlər, anlaşılmaz şeylər baş verir. Amma daim hamı qırmızı vərəqəni müzakirə edir.

- Hətta oyunçularınıza qarşı da aqressiv idiniz...

Mənim oyunçularımdır da, nə problem var ki burada? Necə lazımdırsa, onlarla danışa bilərəm. Evdə də xanımım və uşaqlarla da sərt danışa bilərəm. Onu da burada müzakirə edək?

- "Qarabağ"la xal fərqi azalır. Çempionluq hədəfiniz var?

Xeyr, belə hədəfimiz yoxdur. Məqsəd avrokuboklara düşməkdir. 

- Hətta "Qarabağ"ın uğursuz çıxışları davam etsə belə?

"Qarabağ"ın uğursuzluqları hardadır? 50 oyunun birində uduzurlar. Dörd oyunumuz qalıb, onları udmaq istəyirik. "Qarabağ" fantastik şəkildə xallar toplayırlar. Bizim hədəfimiz avrokuboklara düşməkdir. İkinci yeri tutmaq istəyirik. Birinci yeri tutmaq bizdən asılı deyil. "Qarabağ"la yeddi xallıq fərqimiz var.

- Ölkə kubokunun finalında "Neftçi" və "Qəbələ" komandalarını gözləyirdiz? 

- "Sabah"ın finalda olacağını gözləyirdim. Amma alınmadı.

Mirbağırağa

Xəbər xətti