"Sabah"ın ispaniyalı müdafiəçisi İrasabal Con Sportal.az saytına müsahibə verib.
- "Sabah" son turda "Şamaxı"nı məğlub etməyi bacardı. Qarşılaşma sizin üçün necə yadda qaldı?
- Çətin oyun oldu. Xüsusilə də, ikinci hissəsi ağır keçdi. Düşünürəm ki, birinci hissə daha asan idi. Çünki topa sahib olan tərəf idik, qolumuzu da vura bilmişdik. Amma ikinci hissədə imkanlarımızdan istifadə edə bilmədik və bu, rəqibin daha çox oyunçu ilə təzyiq edərək riskə getməsinə səbəb oldu. Hər halda, sonda qalib gəlməyi bacardıq.
- Rəqib komandanın baş məşqçisi mətbaut konfrasında dedi ki, "Sabah"ın futbolçuları vaxt aparırdı, yerə uzanırdılar. Bu fikirlə razısan?
- Mən belə olduğunu düşünmürəm. Oyun ərzində elə də çox fasilə olmadı.
- Murad Musayev tez-tez hakimlərdən narazılıq edir. Bu barədə sənin fikrin necədir? Hakimlər sizə çox mane olur?
- Mən baş məşqçimizi başa düşürəm. Bəli, matçlarımızda bəzi hakimlər səhvlərini mən də görmüşəm. Amma bu, hər oyunda olmur. İstənilən halda, futbol emosional oyundur. Hər şey olur.
- “Sabah” avrokuboklara vəsiqəni təmin edib. Mövsümün əvvəlində bunu edəcəyinizə inanırsınız?
- Biz bilirdik ki, imkanlarımız olacaq. Təbii ki, bu məqsədə çatmaq üçün komanda çox çalışmalı idi. Məncə, belə də oldu. Biz çox çalışdıq, işlədik. Sonda da avrokuboklara vəsiqəni təmin etdik.
- Avrokuboklarda hansı nəticəni göstərə bilərsiniz? Səncə, mərhələ adlamaq imkanınız olacaq?
- Çətin olacaq, amma mən bunu edəcəyimizə inanıram. Hər halda, ilk məqsəd birinci raundda qalib gəlməkdir. Meydana çıxacağıqsa, uğurlu nəticə üçün oynayacağıq.
- "Sabah" riyazi olaraq çempionluq şansını saxlayır. Sizcə çempion olmaq mümkündür, yoxsa "Qarabağ" çempionluğu əldən verməyəcək?
- Artıq “Qarabağ”a qarşı oyunumuz qalmayıb. Deməli, işimizi görüb, sadəcə gözləməliyik. Bir məsələ də var. Mən "Qarabağ"ın xal itirəcəyinə inanmıram.
- Qarşıdakı turda “Kəpəz”lə qarşılaşacaqsız. Bu oyunda qalib gələ biləcəksiz?
- Biz bunun üçün çalışırıq. Keçən dəfə səfərdə oynayanda onlarla heç-heçə etdik. “Kəpəz” çox mübarizə aparan komandadır. Ona görə də qalib gəlmək istəyiriksə, rahatlaşa bilmərik.
saytlarin hazirlanmasi